Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, bəzən qaramal, camış və zebuların ağciyərində girdə qurdların törətdiyi diktokaulyoz xəstəliyinə təsadüf edilir.
Bu xəstəlik yaz və payız aylarında şiddətlənir. Köklük dərəcəsi aşağı və müqaviməti az olan heyvanlar arasında xüsusilə çox tələfata səbəb olur. Diktiokaulyoz bütün yaş qrupuna daxil olan qoyunlarda, daha çox isə birilliklərdə tələfat verir. Qaramalda isə birillik və ilyarımlıq cavan heyvanlar bu xəstəliyə tutulurlar.
Ağciyər qurd xəstəliyinə tutulmuş heyvanlarda öskürmə başlanır. Heyvan hərəkət edərkən çox tez-tez öskürür. Onların burnundan selik axır. Heyvan çətinliklə nəfəs alır, arıqlayır, çənəsinin, döşünün altında şişlər əmələ gəlir. Diktiokaulyozun ən səciyyəvi əlamətlərindən biri də xəstə heyvanların tədricən arıqlamasıdır. Düzgün yemləndirilməyən zəif və arıq heyvanlar bu xəstəliyi ağır keçirirlər. Diktiokaulyozdan ölmüş heyvanın cəmdəyi arıq, seliklı qişaları solğun, ağciyərləri bir qədər böyümüş, rəngi boztəhər, səthi qabarıqlı, bəzən tünd qırmızı rəngli bərkimiş sahələr, parenximada boşluqlar, bronx və bronxoiolalarda selikli maye və küllü miqdarda diktiokaulyoz törədicisi olur. Yadda saxlamaq lazımdır ki, ağciyərdə diktiokaulyoz törədicisinin tək-tək olmasının orqanizmə müəyyən mənfi təsiri olsa da bu heç də heyvanın diktiokaulyozdan ölməsinə səbəb olmur.
Qeyd edək ki, qurdun tənəffüs yollarına tökdüyü yumurtalar bəlğəmlə heyvanların ağzına düşür və udqunma zamanı ağız suyu ilə udularaq bağırsaqlara keçir. Bağırsaqlarda, əsasən yoğun bağırsaqda yumurtalardan sürfələr çıxır. Həmin sürfələri heyvan nəcisi ilə ətrafa yayır. Xarici mühitdə bunlar inkişaf edib invazion mərhələyə çatır. Belə sürfələr yemlə və ya su ilə udulduqda bağırsaq divarlarında limfa və qan damarlarına düşərək ağciyərlərə gətirilir. Burada onlar orta hesabla bir aydan sonra cinsiyyətcə yetişkən qurda çevrilir. Heyvan müalicə edilməzsə, qurdlar ağciyərdə 45 gündən bir ilədək qala bilir. Diktiokaulyoz sürfələri əlverişli şəraitdə bir ilə yaxın diri qalıb heyvanları yoluxdurur. Ona görə də əvvəllər diktiokaulyozlu heyvanlar otarılmış sahələrdə mal-qaranın bu xəstəliyə yoluxmanın mümkünlüyü nəzərə alınmalıdır.
Diktiokaulyoz respublikanın müxtəlif iqlim zonalarında bir-birindən fərqli sürətdə baş verir. Ona görə də ayn-ayrı rayonlarda diktiokaulyoza qarşı profilaktik dərmanlama Aqrar Xidmətlər Agentliyinin baytarlıq idarələri tərəfindən müəyyən edilmiş vaxtlarda aparılmalıdır. Diktiokaulyozla yoluxmanın qarşısını almaq üçün heyvanlar tam keyfiyyətli yemlərlə təmin olunmalı, mədəni otlaqlarda otarılmalı, növbəli otarma təşkil edilməlidir.
Heyvanlarda diktiokaulyoz xəstəliyinə qarşı müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır. Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda diktiokaulyoz xəstəliyinə qarşı profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə həyata keçirilməlidir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024