Dispepsiya iti və yarım iti gedişli xəstəlik olub, körpə heyvanlarda həzm prosesi və maddələr mübadiləsi pozğunluqları, xəstəlik inkişaf etdikcə orqanizmin susuzlaşması (mineral-su mübadiləsinin pozulması nəticəsində) və intoksikasiya prosesinin yüksələməsi ilə xarakterizə olunur.
Qeyd edək ki, körpə heyvanların boy inkişafına mane olan, yeni doğulmuş buzovların tələfatı ilə nəticələnən və təsərrüfatlara ciddi iqtisadi ziyan vuran xəstəliklərdən biri dispepsiyadır.
Dispepsiya xəstəliyinin etiologiyası (yəni əmələ gəlmə səbəbi) yalnız konkret bir amildən asılı olmayıb, kompleks səbəblər cəmindən ibarətdir. Bir sözlə bu xəstəliyin xarakterik cəhəti ondan ibarətdir ki, hər qeyri-sağlam təsərrüfat üçün dispepesiyanın özünün müxtəlif etioloji səbəbləri vardır.
Xəstəlik buzovlar arasında sadə və toksiki formada gedir. Belə ki, xəstəliyin sadə formasında həzm prosesi pozulmaqla xəstə buzovun ümumi vəziyyətində və maddələr mübadiləsi prosesində kəskin nəzərə çarpan dəyişikliklər olmur. İştahası yaxşı olur, buzov ağız südündən tez doyur. Orqanizm tələb olunan ağız südünün hamısını mənimsəyə bilmir. Lakin belə halda əgər buzovların rezistenliyi yaxşı olarsa, onları müalicə etmək olar və bütün buzovlar sağalırlar.
Dispepsiyanın toksiki forması ağır və daha uzun müddətli gedişli olur. Bu zaman həzm prosesinin, maddələr mübadiləsinin bir sıra orqan və sistemləri kəskin pozğunluqları baş verir. Bədəndə susuzlaşma intoksikasiya gedir. Xəstə buzovlar yorğun, zəif, yuxulu halda olmaqla, ətraf mühitin təsirlərinə zəif reaksiya verir. Əzələlərdə titrəmə halları və mədə-bağırsaq sistemində kəskin ishal əlaməti görünür. Buzovun gözləri çökəkliyə düşməklə, bədən hərarəti norma ətrafında olmaqla, ölümünə 6-10 saat qalmış normadan aşağı düşür.
Dispepsiya xəstəliyinə diaqnozu anamnez məlumatlarına, kliniki, patoloji-anatomiki əlamətlərinə və laboratoriya müayinələrinə əsasən qoymaq olar. Bundan əlavə bu xəstəliyə diaqnoz qoyarkən boğaz heyvanların yemləndirilməsi, yem rasionu və saxlanma şəraiti dərindən təhlil olunmalı, eyni zamanda boğaz və yeni doğulmuş inəklərin, südünün biokimyəvi müayinələri nəzərə alınmalıdır.
Buzovların dispepsiya xəstəliyini kolibakteriozdan, göbəyin infeksion iltahabından, diplokok infeksiyası, enteretoksemiya, paratif, viruslu diarreya və s. xəstəliklərindən təfriq etmək lazımdır.
Dispepsiya xəstəliyini əmələ gətirən səbəblər müxtəlif olduğu üçün onun müalicəsi kompleks getməlidir. Hazırda bu xəstəliyin bir çox müalicə üsulları vardır. Müalicə əsasən xəstəliyin gedişi vəziyyəti və xəstənin yaş xüsusiyyəti nəzərə alınmaqla aparılmalıdır. İlk növbədə xəstəliyi əmələ gətirən səbəblər aradan qaldırılmalı, buzovların əmizdirilməsinə və bəslənməsinə xüsusi diqqət yetirilməlidir.
Dispepsiya xəstəliyinin sadə forması zamanı ilk növbədə buzovun su və mineral madddələrə olan təlabatını ödəmək lazımdır. Bu məqsədlə 0,5% qaynadılmış natrium-xlorid məhlulundan 38-40 ºC temperaturada istifadə edilməsi yaxşı nəticə verir.
Müalicə zamanı yadda saxlamaq lazımdır ki, bakteriyalara xüsusən qrammənfi mikroblara təsir edən preparatlardan istifadə etmək çox vacibdir. Bu məqsədlə sulfanilamid preparatlardan, natrium norsulfazol, natrium sulfazol və natrium sulfazil 2-3 qram dozada bir dəfəlik işlədilir. Bundan başqa 1-2q dozada natrium sulfapiridazin, birinci gün hər kq diri çəkiyə 0,05 q, sonrakı günlərdə isə 0,2-0,3q sulfantrol vermək lazımdır.
Dispepesiya ilə xəstə olan buzovlara ağız südü, süni hazırlanmış qida məhlulu ilə əvəz edilir. Bu süni qida məhlulunun tərkibi aşağıdakı kimidir:
1l fizoloji məhlula 15q qlükoza, 1q askarbin turşusu və 1 ədəd toyuq yumurtası əlavə edilib qarışdırılır.
Buzovların bədəninin bioloji tonusunu və müdafiə qüvvəsini artırmaq üçün xəstə buzovun əzələsi daxilinə 1 kq diri çəkiyə 1-2 ml sitrat qan və ya ana inəklərdən alınmış qan, həmçinin 30-50 min vahid A vitamini məhlulu yeridilməsi yaxşı nəticə verir.
Xəstəliyin gedişindən asılı olaraq göstərilən müalicələrdən əlavə mədə-bağırsaq traktında fermantativ prosesi yaxşılaşdırmaq üçün yemləndirmədən 10-15 dəqiqə qabaq buzovlara gündə 1-3 dəfə hər kiloqram çəkiyə 2 ml dozada təbii mədə şirəsi içirmək lazımdır.
Dispepesiyalı buzovlara qlobulin preparatlarını 25-50ml 10%-li məhlul halında ağız südünə qatıb əmzik vasitəsilə içirmək məsləhətdir.
Buzovların toksiki dispepesiya zamanı müalicənin istiqamətini bir qədər dəyişmək lazımdır. Əvvəla xəstə buzovların bədənindən istinin itməsinin qarşısını almaq üçün infraqırmızı şüalanmadan, istiləndiricilərdən istifadə etmək lazımdır. Xüsusən xəstə buzovların qarın və ətraflarını isitmək lazımdır.
Əgər toksiki dispepsiyanın gedişi yüngül və sadə xarakterli olarsa yuxarıda göstərilən müalicə üsullarını tətbiq etmək olar.
Xəstəliyin çox ağır forması vena daxilinə sağlam inəkdən alınmış 15-20 ml qan serumunu hər kiloqram çəkiyə gündə 2-3 dəfə hər 3-4 saatdan bir 5%-li qlükoza məhlulunun 1:1 nisbətinə vena daxilinə yeritmək məsləhətdir. Əgər heyvanın vəziyyəti yaxşılaşarsa, sonrakı günlər qan serumunun miqdarını azaltmaq məqsədəuyğundur.
Ümumiyyətlə, toksiki dispepesiya zamanı çalışmaq lazımdır ki, orqanizmdə itirilmiş su mineral balansının bərpa etmək və qanı elektrolitlərlə zənginləşdirmək.
Yeni doğulmuş buzovların dispepsiya xəstəliyinin profilaktikasını iki istiqamətdə aparmaq lazımdır.
İlk növbədə balanı ana bətnində normal inkişaf etməsi üçün heyvanların xüsusən boğaz inək və düyələrin tam dəyərli və balanslaşdırılmış yemləndirilməsini təşkil etmək; Boğaz heyvanların baytarlıq-sanitariya cəhətdən düzgün doğuma hazırlanmasına və həyata keçirilməsinə nail olmaq.
Məlum olduğu kimi dölün ana bətnində intensiv inkişafı yalnız boğazlığın son aylarında gedir. Odur ki, həmin dövrdə boğaz inək və düyələr balanın inkişafı üçün çoxlu miqdarda zülal, sulu karbonlar, mineral maddələr, vitaminlər və s. maddələr sərf edirlər.
Məhz buna görə də boğaz heyvanlara boğazlıq dövründə xüsusən boğazlığın son aylarında onların bədənini tələbatına uyğun olaraq tam keyfiyyətli və zootexnika normaya müvafiq surətdə yemləndirilməlidir.
İribuynuzlu heyvanların xüsusən inək və düyələrin orqanizmində lazımi tədbirlər görmək üçün vaxtaşırı olaraq onların qanında ümumi zülalın, koratinin, kalsiumun, fosforun və qələvilik ehtiyatı yoxlanmalıdır.
Dispepsiya xəstəliyinin baş verməsi səbəblərindən biri də sağmal inəklərin doğan günə kimi sağılmasıdır. Ona görə inəklər doğuma 2 ay qalmış sağım tədricən azaldılmalı və tamamilə dayandırılmalıdır. Lakin təəssüflə qeyd etməklazımdır ki, respublikanın dispepsiya xəstəliyi baş verən təsərrüfatlarında bu yuxarıda göstərilən qaydaya riayət edilmir və zoobaytar mütəxəssisləri ciddi nəzarət etmirlər.
Hər bir südçülük fermasında doğum şöbəsi və profilaktoriya olmalıdır. Doğum şöbəsi naxırda olan inək və düyələrin 10-15%-i hesabı ilə tikilməlidir və orada gecə-gündüz ferma işçilərindən biri olmaq şərti ilə növbətçi olmalıdır. Doğulmuş buzovlar 40-60 dəqiqə müddətində ağız südü almalıdır. Buzovu quru yumşaq ot və ya dəsmalla qurudub, profilaktoriyaya keçirmək və göbəyin qarın divarından 10-15 sm uzunluğunda kəsmək, ucunu 5-10%-li yodun spirtli məhlulu və ya 1%-li kalium permanqanat məhlulu ilə dezinfeksiya etmək lazımdır.
Ümumiyyətlə, buzovların dispepsiyası onların öz xəstəliyi deyil, ananın xəstəliyidir. Odur ki, əsas baytarlıq-sanitariya tədbirləri heyvanlar boğaz olarkən xüsusən boğazlığın son aylarında tətbiq etmək vacibdir. Əks təqdirdə buzovlar dispepsiya xəstəliyinə düçar olaraq tələf ola bilirlər.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, baytar həkimləri, malabaxanlar və təsərrüfat rəhbərləri boğaz inəklərin və yeni doğulmuş buzovların saxlanmasına, bəslənməsinə və balanslaşdırılmış yemləndirilməsinə düzgün riayət etməli, eləcə də onların həyata keçirilməsinə ciddi nəzarət etməlidirlər.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024