Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondu Beynəlxalq Toxum Federasiyasına üzv qəbul edilib. Üzvlük barədə qərar Beynəlxalq Toxum Federasiyasının 3-5 iyun tarixində keçirdiyi Ümumdünya Toxum Konqresində qəbul edilib.
Beynəlxalq Toxum Federasiyasının baş katibi Maykl Keller ilə Dövlət Toxum Fondunun sədri Emin Əliyev arasında əldə edilən razılığa əsasən, Azərbaycan bu mötəbər quruma tamhüquqlu üzv olub.
Üzvlük Dövlət Toxum Fonduna qurumun verdiyi bütün hüquq və səlahiyyətlərdən istifadə etmək imkanı verir. Beynəlxalq aləmdə toxumçuluq sahəsində trendləri və qaydaları diqtə edən bu qurum Yeni Bitki Növlərinin Qorunması Birliyi (UPOV), İqtisadi Tərəfdaşlıq və Əməkdaşlıq Təşkilatı Toxum Layihələri (OECD Seed Scemes), Beynəlxalq Toxum Sertifikatlaşdırılması Assosiasiyası (ISTA), Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC), Ümumdünya Müəllif Hüquqları Təşkilatı (WIPO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər təşkilatlarda nüfuzlu söz sahibidir.
65 ölkədən 1700-dən artıq nümayəndənin qatıldığı Ümumdünya Toxum Konqresi çərçivəsində Azərbaycan nümayəndə heyəti 40-dan artıq şirkətlə görüş keçiriblər.
Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, Beynəlxalq Toxum Federasiyasına üzvlük Azərbaycanda istehsal olunan yüksək keyfiyyətli toxumları xaricə satmağa imkan verəcək: “Keçirdiyimiz görüşlərdə biz dünyanın məşhur şirkətlərinin Azərbaycan bazarına gəlmək istəyini müşahidə etməklə yanaşı, bizim məhsulların da xarici bazarlarda böyük uğur qazanacaqlarına əmin olduq”.
Emin Əliyev əlavə edib ki, təşkilata üzvlük sayəsində qurulacaq geniş əlaqələr azərbaycanlı alimlərin seleksiya nailiyyətlərini paylaşmaq və onları beynəlxalq səviyyədə tanıtmaq imkanı da verir.
Qeyd edək ki, Beynəlxalq Toxum Federasiyası 1924-cü ildə yaradılıb. İlk Konqres də həmin ildə baş tutub. Bu il Azərbaycan Ümumdünya Toxum Konqresində ilk dəfə iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondu ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz etmək, habelə təbii fəlakətə (sel, yanğın, quraqlıq və s.) məruz qalmış bölgələrdə toxuma olan ehtiyacı aradan qaldırmaq, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2015-ci il 2 mart tarixli Sərəncamına əsasən yaradılıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024