Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyevin müsahibəsi
- Elmar müəllim, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətləri hansılardır?
- İnstitutumuz 1965-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılmışdır. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətinə tərəvəz, bostan və kartof bitkilərinin genefond materiallarının toplanması, öyrənilməsi, yeni sortların, hibridlərin və klonların yaradılması, ilkin toxumçuluğunun təşkili, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması və tətbiqi, tərəvəz bitkilərinin becərilməsi, emal və saxlanma texnologiyalarının işlənməsi üzrə elmi-tədqiqat işlərinin aparılması daxildir.
- Azərbaycanda ənənəvi yerli tərəvəz sortları çox məşhurdur. Bu sortların qorunması, həmçinin seleksiya yolu ilə yeni sortların yaradılması ilə bağlı hansı işlər görülür?
- İnstitutun alimləri tərəfindən tərəvəz, bostan və kartof bitkilərinin 100-dən artıq sortu yaradılıb, onlardan 65-i isə rayonlaşdırılıb. Kələmin “Azərbaycan”, “Abşeronskaya Ozimaya”, pomidorun “Vətən”, “Leyla”, “Zərrabi”, “Alsu”, badımcanın “Məhərrəm”, “Zəhara”, acı bibərin “Göygöl”, sarımsağın “Cəlilabad”, kartofun “Telman”, “Sevinc”, “Əmiri-600”, qırmızı soğanın “Sabir” və digər tərəvəz bitkilərinin sortları fermerlərimiz arasında çox populyardır. Artıq İnstitutumuzun yeni inzibati-laboratoriya binası tikilib və Avropa, ABŞ və Yaponiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub. Müasir avadanlıqlar vasitəsilə torpaq və bitki analizləri aparmaq, pestisid qalığının miqdarını, tərəvəz xəstəliklərinin viruslarını təyin etmək mümkündür. Bitkilərdə baş verən fizioloji proseslərin tədqiq edilməsi, azot və proteinlərin miqdarının təyin olunması, toxumların cücərmə qabiliyyətinin öyrənilməsi, bitkilərin biotexnoloji üsullarla laboratoriya şəraitində yetişdirilməsi, tərəvəzin emalı və saxlanılması istiqamətində analiz və tədqiqatların aparılması məhz bu cihazlar vasitəsilə həyata keçirilir. Eyni zamanda İnstitutumuz tərəfindən Azərbaycanda ilk dəfə istehsal yönümlü kartofun virussuz mini yumrularının laboratoriyada “in vitro” şəraitində əldə edilməsi məqsədilə müasir biotexnoloji laboratoriya yaradılmışdır. Bu ölkəmizdə sağlam kartof toxumunun yetişdirilməsində və kartof toxumçuluğu sisteminin yaradılmasında müstəsna rol oynayacaq və növbəti illərdə ölkənin sağlam kartof toxumuna olan tələbatının ödənilməsində öz töhfəsini verəcəkdir.
- Dünyada toxumçuluq sahəsində gedən trendlərə nəzər salsaq, görərik ki, istiqamət hər yerdə eynidir - yerli şəraitə uyğunlaşdırılmış, məhsuldar və xəstəliklərə davamlı sortlar yaratmaq. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu bu trendlərlə ayaqlaşa bilirmi?
- Əvvəldə qeyd etdiyim kimi İnstitutun tərəvəz bitkiləri üzrə bir sıra sortları vardır ki, bu sadalanan parametrlərə cavab verir. Amma hal-hazırda istehsalçıların böyük hissəsi yüksək məhsuldarlığa malik hibrid toxumlardan əmələ gələn bitkilərin yetişdirilməsinə üstünlük verir. Tərəvəz, bostan bitkilərinin hibrid toxumların istehsalı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi İsrailin dövləti ilə əməkdaşlığa başlamışdır. Bu əməkdaşlıq çərçivəsində institutun 6.14 hektar sahəsində 7 ədəd ən müasir “ağıllı istixanaların” quraşdırılması başa çatmaq üzrədir. Həmçinin, açıq sahədə becərilən tərəvəzlərin yeni sortlarının yaradılması, toxumçuluğun təşkili üçün 30 hektar ərazidə damla suvarma və yağmurlama sistemləri qurulur. Layihə çərçivəsində ilk dəfə Cənubi Qafqazda tərəvəz toxumu emalı müəssisəsi yaradılıb. “Milli tərəvəz və kartof toxumçuluğu layihəsinin” həyata keçirilməsində əsas məqsəd fermer və sahibkarları keyfiyyətli yerli, xarici toxumlardan qiymətinə görə daha münasib olan tərəvəz, bostan və kartof bitkilərinin toxumları ilə təmin etməkdir.
- Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu beynəlxalq təcrübədən hansı formada yararlanır?
- İnstitutumuz müsabiqəli qrantlar proqramlarında, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə layihələrində də aktiv iştirak edir. Eyni zamanda Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CIP, Peru) ilə də əməkdaşlıq edirik. Bu bizə həm digər ölkələrin elmi-tədqiqat institutları ilə öz təcrübəmizi bölüşməyə, həm də xarici təcrübə ilə tanış olmağa imkan verir. Qarşımızda duran əsas vəzifə isə dəyişməzdir - ənənəvi sortlarımızın genefondunu qoruyub saxlamaqla yanaşı, yeni, daha məhsuldar və keyfiyyətli tərəvəz, bostan və kartof bitkilərinin sortlarını yaratmaqdır. Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətimizin bütün istiqamətlərində bizə daim dəstək verir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024