Ötən il baramadan yaxşı gəlir əldə edən Füzuli kümçüləri bu il daha çox ipəkqurdu bəsləyəcəklər. Hədəf 50 tondan çox yaş barama tədarük etməkdir.
AZƏRTAC xəbər verir ki, artıq rayon kümçüləri ipəkqurdu bəsləməyə başlayıblar. Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Hüseyn Abbasov bildirir ki, bu mövsüm kümçülərə 1250 qutu ipəkqurdu toxumu paylanılıb. Ötən il baramadan yaxşı gəlir əldə edən kümçülər cari ildə daha çox toxum götürüblər – keçən illə müqayisədə 100 qutu çox. 2019-cu ildə rayon üzrə 49 ton 500 kiloqram yaş barama istehsal edən rayon kümçülərinin builki hədəfi 50 tonun üzərindədir.
Mərkəz direktorunun sözlərinə görə, qurdların bəslənilməsi üçün rayonda əlverişli yem bazası var. Son iki ildə rayon ərazisində Çindən gətirilən 200 min tut tingi əkilib. Həmçinin, rayonda inşası davam edən barama qəbulu məntəqəsi ipəkqurduna olan marağı daha da artırır. Gələcəkdə məntəqənin fəaliyyəti füzulili kümçülərin keçmiş şöhrətini geri qaytarmağa təkan verəcək. Hazırda rayon üzrə 318 kümçü barama toxumu təhvil götürüb. İpəkqurdu bəslənəcək 60 min kvadratmetrlik saxlanc yeri əvvəlcədən dezinfeksiya olunub.
Ötən il baramadan yüksək gəlir əldə edən kümçülərdən biri də Zeynalovlar ailəsidir. Cəmilə Zeynalova bildirir ki, artıq dördüncü ildir ipəkqurdu istehsalı ilə məşğul olurlar. Təkcə ötən il 6 qutu toxumdan 320 kiloqram yaş barama istehsal ediblər. “Bu il isə 8 qutu toxum götürərək bəsləməyə başlamışıq və 400 kiloqrama yaxın barama tədarük etməyi planlaşdırırıq. Bu sahəyə olan dövlət dəstəyi, toxumların pulsuz paylanılması bizim üçün əlverişli şərait yaradır. Barama hazır olanda heç bir çətinlik çəkmədən təhvil verib, hər kiloqrama 9 manat ödəniş alırıq. Artıq üç gündür qurdları bəsləyirik. Otuz gündən sonra isə baramaları toplayacağıq”, - deyə kümçü əlavə edib.
Baramaçılıqdan qısa müddətdə yaxşı gəlir götürən kümçülər arasında rayon sakini Tariyel Vəliyev də var. O, ötən il 100 qram toxumdan 300 kiloqram yaş barama toplayıb. Bu da 2400 manata yaxın əlavə qazanc deməkdir: “Elə bu səbəbdən hazırda 300 qram toxum təhvil alaraq bəsləməyə başlamışıq. Hazırda qurdlar artdıqca rəflərə köçürürük”.
Bu il 600 kiloqram məhsul toplamağı düşünən kümçü deyir ki, baramaçılıq çox əlverişli sahədir. Toxumların dövlət tərəfindən verilməsi və bazarının olması insanlar arasında baramaçılığa olan marağı daha da artırır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024