Heyvanlarda parazitlik edən xəstəliklərdən biri də fassiolyozdur. Fassiolyozu heyvanların qaraciyərində parazitlik edən sorucu qurdlar-fassiolalar törədirlər. El arasında bu xəstəliyə qaraciyər qurdu, bəzən kəpənək xəstəliyi də deyirlər.
Fassiolyoz Azərbaycanda qaramal, camış, zebu, qoyun, keçilər arasında geniş yayılmış başlıca helmintozdur.
Qaraciyərdə əsasən xəstəliyi nəhəng fassiolanın cavan formaları törədirlər. Qoyunlarda iti formali fassiolyozun kliniki əlamətləri adətən yoluxmanın 60-90-cı günlərində daha aydın görünür. Xəstə heyvan qısa müddətdə halsızlaşır, yemdən qalır, selikli qişaları solğunlaşır, bədən hərarəti 1-1,5 oC artır, heyvan tez-tez su içir, qarın nahiyəsi həcmcə böyüyür. Qarın boşluğuna qanlı maye toplandığına görə nəfəsalma çətinləşir, təngnəfəslik baş verir. Ona görə də heyvan qabaq ayaqlarını aralı qoymaqla döş nahiyəsini yuxarı tutmağa çalışır. Bəzi hallarda heç bir kliniki əlamət görünmədən qaraciyərin zədələnməsi və qanaxmadan xəstə heyvanlar qəflətən ölür.
Fassiolyoza qarşı dərmanlamalar hazırda klozanet, rafoksanid, santael 10%, albenol suspenziya preparatları və həmin preparatların yeni formaları ilə təsərrüfat sahibinin hesabına aparılır.
Fassiolyoza qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır!
Otlaqda yoluxmanın qarşısını almaq məqsədilə heyvanlar şirin su ilbizləri yaşadığı su arxları, axmazlar ətrafında, bataqlıq sahələrdə otarılmamalıdır. İlbizlərin miqdarını azaltmaq üçün bataqlıq sahələri, şirin suyu olan axmazlar qurudulmalı, lazımsız su arxları ləğv edilməli, suvarma kanallarından suyun sızmasının, artezian quyularından suyun örüşlərə başlı-başına (səmərəsiz) buraxılmasının qarşısı alınmalıdır.
Qeyri-sağlam təsərrüfatlarda profilaktiki dərmanlama aşağıdakı vaxtlarda aparılmalıdır:
qaramal, camış və zebular ildə iki dəfə mart-apreldə və oktyabr noyabrda; kökəltməyə qoyulmuş 6 aylıqdan yuxarı mallar (yalnız yoluxmuş qrupda) bir dəfə, heyvanları kökəltməyə qoyan kimi dehelmintizasiya edilməlidir; yaylaq qışlaqlardan istifadə edən köçəri qoyunçuluq təsərrüfatlarında heyvanlar ildə iki dəfə mart-aprel və oktyabr-noyabrda dərmanlanmalıdır; fassiolyozun törədicisi əsasən fassiola giqantika olan və xəstəliyin iti formasının baş verməsi gözlənilən köçəri qoyunçuluq təsərrüfatlarında preimaginal əsasli profilaktiki dərmanlamalar ildə iki dəfə, 1-1,5 ay fasilə ilə 1-ci dəfə yanvarda aparılmalıdır. Yüksək yoluxma olan qruplarda 2-ci dəfə dərmanlamadan 1 ay sonra 3-cü dəfə də aparıla bilər.Qoyunları yaylaqda köçürülməyən və daimi fassiolyoza görə qeyri-sağlam qışlaqlarda saxlanılan təsərrüfatlarda ildə 2-3 dəfə 1-1,5 ay fasilə ilə sentyabr-noyabr-yanvarda dərmanlamalar aparılmalıdır. Fassiolyoza qarşı profilaktiki dehelmitizasiyaların konkret aparılması vaxtları hər bir bölgədə xəstəliyin epizootoloji situasiyası nəzərə alınmaqla rayonun, təsərrüfatın baytar həkimləri tərəfindən dəqiqləşdirilə bilər.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024