Yumurtaları inkubatora qoymazdan əvvəl, onların cücə çıxarmaq üçün yararlı olub-olmamasını yoxlamaq lazımdır. İnkubasiya üçün yalnız mayalanmış yumurtalar seçilməlidir.
Bəzən inkubatora qoyulan yumurtaların içərisində xeyli miqdarda inkubasiya üçün yaramayan yumurtalar olur ki, bunlar inkubatorun səmərəli istifadə olunmamasına, yumurtaların xarab olmasına və alınan cücənin baha başa gəlməsinə səbəb olur. İnkubatora qoyulmuş yararsız yumurtalar çıxdaş edildikdə onlar yeyinti üçün də yaramır.
Yumurtaları inkubasiya üçün seçdikdə, onların bir sıra xarici və daxili nişanələri, habelə cücə çıxarma faizi nəzərə alınmalıdır. Yumurtaları xarici nişanələrinə görə seçdikdə onların qırıq, çatlaq olmamasına, formasının düzgün, böyüklüyünün və çəkisinin normal olmasına, habelə ikisarılı, qanlı və çox nazik qabıqlı olmamasına fikir vermək lazımdır.
Təzə və yaxşı keyfiyyətli yumurtanın hava boşluğu kiçik olub, yumurtanın küt tərəfində yerləşir, köhnə yumurtada isə hava boşluğu böyük olur.
Xırda yumurtadan çıxan cücənin çəkisi az, özü də zəif olur. 50 qramdan 70 qramadək olan toyuq yumurtaları cücə çıxarmaq üçün əlverişli sayılır. Azaçıq çatlamış, ikisarılı, qanlı, çox nazik və qalın qabıqlı yumurtalar inkubasiya üçün yaramır.
Qabığı çox kələ-kötür olan yumurtaların cücə çıxarma faizi aşağı olduğu üçün, belə yumurtalar çıxdaş edilməlidir. Yumurtaları xarici nişanələrinə görə seçməklə bərabər onlara Ovoskop adlanan cihazla (işıqlandırmaqla) da baxırlar. Daxili nişanələrdən yumurtanın mayalanması, yumurta sarısının forması, yumurta ağı təbəqələrinin seçilməsi və yumurta sarısının rəngi nəzərə alınmalıdır. Yaxşı keyfiyyətli yumurtanı qırdıqda yumurta ağının təbəqələri aydın, yumurta ağı isə oval formada görünür. Pis keyfiyyətli yumurtanı qırdıqda, yumurta ağının təbəqələri pis seçilir, yumurta sarısı dağılır və yayılır. Yumurta sarısının solğun rəngdə olması da yumurtanın inkubasiya keyfiyyətinin aşağı olmasını göstərən nişanələrdən biridir. Yumurtanın ovoskopla seçilməsində onun sarısının rəngi əsas götürülməməlidir. Çünki yumurtaya ovoskopla baxdıqda, bəzən sarının rəngsizliyi nəzərə çarpır.
Yumurtanın inkubasiya keyfiyyətini təyin edən nişanələrdən biri də yumurta sarısında «A» vitamininin normal dərəcədə olmasıdır ki, bu da yumurtanın inkubasiya keyfiyyətini artırır, belə yumurtadan sağlam cücə çıxır. Müxtəlif quş yumurtalarında «A» vitamini aşağıdakı qədər olur: toyuq yumurtasının sarısında 8-12 mikroqram; hindtoyuğu yumurtasının 1 q sarısında 10-16 mikroqram; ördək yumurtasının 1 q sarısında 10-20 mikroqram.
Yumurtanın inkubasiya keyfiyyəti quş qruplarının tərkibindən, xoruzların toyuqlara olan nisbətindən, quşların yemlənmə və saxlanma şəraitindən də asılıdır.
Qrupda erkək quşların sayının da böyük əhəmiyyəti vardır. Bir erkək quşa aşağıdakı sayda dişi quş təyin edilir: bir xoruza 10-12 toyuq; bir erkək ördəyə 5-6 dişi ördək; bir erkək qaza 3-4 dişi qaz; bir erkək hindtoyuğuna 10-12 dişi hindtoyuğu.
Quşların yemlənmə və saxlanma şəraiti yaxşı təşkil edildikdə, onların yumurtalarının inkubasiya keyfiyyəti yaxşı və belə yumurtalardan çıxan cücələr sağlam olur. Əksinə, quşları yemlənmə və saxlanma şəraiti pis təşkil edilən təsərrüfatlardan yığılan yumurtaların inkubasiya keyfiyyəti aşağı və onlardan çıxan cücələrin çəkisi az, özləri də zəif olur. Quşun yem payında mineral maddələr və vitaminlər (xüsusilə, karotin) çatışmadıqda yumurtanın keyfiyyəti aşağı olur.
Yumurtaların inkubasiya keyfiyyətinə onların yığılması, saxlanması və göndərilməsi təsir edir.
Yumurtaların vaxtında yığılmaması, quş damının çirkli saxlanması, yumurtanın çirklənməsinə və s. xarab olmasına səbəb olur. Belə yumurtalar isə inkubasiya üçün istifadə edilmir.
Yumurtaların inkubasiya keyfiyyətində qalmasını təmin etmək üçün onları qışda hər 30 dəqiqədən bir, yaz və yay fəsillərində isə hər saatdan bir yığmaq lazımdır. Yumurtanı yığmaq üçün əl təmiz və quru olmalıdır. Təmiz və çirkli yumurtalar bir yerə yığılmamalı, hərəsi ayrı-ayrı yeşiklərdə olmalıdır. Yumurtaları uzun müddət quş damında saxlamaq olmaz. Gündəlik yıqılmış yumurtalar quş ferması ilə yumurta qəbulu məntəqələri arasındakı məsafədən, yumurtanın sayından, ilin fəslindən asılı olaraq, vaxtında anbara təhvil verilməlidir.
Yumurtalar saxlanan otağın temperaturu 4-12°C, nəmliyi isə 70—80% olmalıdır. İnkubator stansiyasının anbarında ancaq inkubasiya üçün seçilmiş yumurtalar saxlanmalıdır. Çıxdaş edilmiş yumurtalar lazımi anbarlara təhvil verilməlidir. Yumurtanı anbarda uzun müddət saxlamaq olmaz, çünki yumurta nə qədər çox saxlansa, bir o qədər də inkubasiya keyfiyyəti (cücəçıxarma faizi) aşağı düşər. Yumurta 5 gündən artıq qaldıqda, inkubasiya keyfiyyəti aşağı düşür. Buna görə də inkubasiya üçün təzə yumurtalar seçilməlidir.
Qazlar yumurtladıqdan sonra öz yumurtasını döşənək altında gizlədir. Buna görə qaz yumurtalarını yığmaq üçün onların damını yaxşı yoxlamaq lazımdır. Ördəklər səhər tezdən (saat 9-10 qədər) yumurtlayırlar. İtkiyə yol verməmək üçün yumurtlayan ördəklər səhər tezdən suya buraxılmamalıdır.
Cücələrin yumurtadan çıxma vaxtının onların bəslənib saxlanmasında və gələcəkdə məhsuldar quş nəslinin alınmasında böyük əhəmiyyəti vardır. Elmi tədqiqat işləri ilə müəyyən edilmişdir ki, cücələrin çıxarılması üçün ən əlverişli vaxt yaz aylarıdır. Mart, aprel və may aylarında yumurtadan çıxan cücələrin 91—98 %-i salamat saxlandığı halda, isti yay aylarında (iyun, iyul, avqust) 61—72%-i salamat saxlanır.
Cücələr yumurtadan iki üsulla çıxarılır: təbii və süni üsul.
Təbii üsulla—kürt düşmüş ana quşların altına yumurta qoyurlar.
Süni üsulla—xüsusi inkubator maşınlarından istifadə edirlər.
Cücələrin təbii üsulla çıxarılması fərdi təsərrüfatlarda geniş yayılmışdır.
Ümumiyyətlə, quşlar bir qədər yumurtladıqdan sonra kürt (qırt) düşürlər.
Kürt düşmüş quşu bir yerdə yatırtmaq lazımdır. Kürt düşmüş quşları (toyuğu, qazı və ördəyi) öz köhnə yerindən təzə yerə köçürdükdə, onlar yumurta üzərində yatmaqdan çəkinirlər. Ancaq hindtoyuğunu harada olursa-olsun yatırtmaq olur. Kürt düşmüş quşu təmiz, normal nəmliyi və havası olan qaranlıq, lakin səs-küy olmayan binada yatırtmaq lazımdır. Binada havanın temperaturu 10-12°C-dən aşağı olmamalıdır.
Kürt düşmüş quşları bitlərdən və gənələrdən qorumaq üçün onların yatdığı damı xlorlu əhənglə ağartmaq lazımdır. Kürt düşmüş quşun yatacağı yerə 10 sm qalınlığında quru saman və ya küləş tökülməlidir.
Müxtəlif növ quşların yumurtasından cücə müxtəlif müddətə çıxır. Toyuq cücələri 20—21, qaz balaları 28—30, ördək, hindtoyuğu və frəngtoyuğunun balaları isə 27—30 gündə yumurtadan çıxır.
Yerlərdə quşçuluq təsərrüfatlarının müvəffəqiyyətlə inkişaf etdirilməsi və çoxlu cücə alınması üçün inkubator quşçuluq stansiyalarının böyük əhəmiyyəti vardır.
İnkubator—süni yolla cücə çıxaran aparata deyilir. İnkubatorda yumurta embrionunun inkişafı üçün lazım olan bütün şərait (istilik, nəmlik, ventilyasiya, yumurtaların çevrilməsi və soyudulması imkanı və s.) vardır.
Toyuqların cücə çıxartmaq üçün yaratdıqları şəraiti inkubatorda da yaratmaq mümkündür. Buna görə də inkubator maşınları ilə cücə çıxarmaq olur.
İnkubator işıqlı, geniş və təmiz otaqda yerləşdirilməli, otağın havası təmiz, temperaturu 12—22 C olmalıdır. İnkubator qoyulan otağın döşəməsi düz və hamar olmalıdır ki, onu yumaq və dezinfeksiya etmək asan olsun.
İnkubatora qoyulan yumurtalar elektrik lampaları, peçlər və qızdırıcı cihazlar vasitəsi ilə isindirilir. Sadə tipli inkubatorlarda istilik yaratmaq məqsədi ilə, adi neft lampasından istifadə edilir.
İnkubasiya üçün seçilmiş yumurtaların cücə çıxarma faizi aşağıdakılardan asılıdır: 1) yumurtada qida və plastik maddələrin keyfiyyətindən; 2) inkubasiya zamanı inkubatorda yaradılan fiziki faktorlardan (temperatur, nəmlik və ventilyasiya); 3) inkubasiya zamanı aparılan əməliyyatın düzgünlüyündən (yumurtaların çevrilməsi və soyudulması) və s.
Yumurtaların inkubasiyası onların növündən, inkubatorun tipindən və iqlim faktorlarından asılı olaraq, ayrı-ayrı fiziki faktorlar (temperatur, nəmlik, ventilyasiya) tələb edir. Fiziki faktorlar bir-biri ilə qarşılıqlı münasibətdə olub, embrionun inkişafına birlikdə təsir edirlər.
Embrionun müxtəlif inkişaf dövründə onun inkubasiya şəraiti də müxtəlif olur. Belə ki, inkubasiyanın ilk dövründə embrion öz inkişafı üçüm yumurtada nəmliyi saxlamaqla bərabər temperatur da tələb edir. Bu isə hava mübadiləsinin az olması, temperaturun və nəmliyin yüksək səviyyədə saxlanması vasitəsi ilə təmin edilir.
İnkubasiyanın orta dövründə isə embrion və onun qılafı kifayət qədər inkişaf etmədiyindən, həmçinin bu dövrdə embrion xeyli miqdarda istilik ixrac etdiyindən, o, istilik və aşağı səviyyədə olan nəmlik tələb edir. Cücə çıxana yaxın yumurta daxilində temperatur daha çox artdığından, havanı tez-tez dəyişdirmək tələb olunur.
İnkubasiyanın son dövründə (yəni cücənin yumurtadan çıxmasına az qaldıqda) embrionun istiliyə olan tələbatı daha da azalır, lakin hava mübadiləsinə və nəmliyə olan tələbat yüksəlir. Bu dövrdə embrion, demək olar ki, öz inkişafını başa çatdırır, bu da onun çoxlu istilik ixrac etməsinə səbəb olur. Embrion çoxlu istilik ixrac etdiyindən, yumurta daxilində temperatur artır və inkubatorda olan temperatur 3—4°C aşağı düşür.
İnkubasiyanın keyfiyyətcə və kəmiyyətcə yaxşı nəticə verməsi həm inkubasiya üçün seçilmiş yumurtaların keyfiyyətindən, həm də inkubasiya rejimindən asılıdır. İnkubatora qoyulmuş yumurtalardakı embrionun inkişafı ilə inkubasiya rejimi arasında qarşılıqlı əlaqə vardır. Belə ki, embrionun özü, nəinki fiziki faktorların təsirinə möhtacdır, hətta özü inkubasiyanın gedişi prosesinə təsir edir. Məsələn, inkubasiyanın ilk dövründə embrionun istiliyə tələbatı olduğu halda, sonrakı dövrlərdə özü istilik ixrac edir. Belə ki, suyun buxarlanması və qaz mübadiləsinin artması inkubasiyanın gedişini dəyişdirir.
İnkubatorun fiziki faktorları arasında qarşılıqlı təsir əlaqəsi vardır. Eyni tipli inkubatorlar üçün müəyyən vaxt tələb olunan fiziki şəraitin səviyyəsi (temperatur, nəmlik, ventilyasiya) başqa tipli inkubatorlar, hətta həmin inkubatorun özü üçün belə istifadə edilə bilməz. Bu vəziyyət xüsusilə ilin fəslindən, iqlimdən, coğrafi zonadan, yumurtaların növündən və s. şərtlərdən asılıdır. Göstərilənlərlə yanaşı olaraq, inkubasiya üçün inkubatora qoyulmuş yumurtalara qulluq etmək işində bəzi əməliyyatın düzgün aparılmasının da çox böyük əhəmiyyəti vardır. Məsələn, yumurtanın çevrilməsi və soyudulması buna misal ola bilər.
Bütün canlıların həyatında olduğu kimi, inkubasiya prosesində də embrionun normal inkişafı üçüm temperatur əsas həlledici fiziki faktordur. İnkubasiya prosesində temperatur müəyyən qaydada olmalıdır.
Normal temperatur yumurtaların isidilməsini və bununla da embrionun inkişafını təmin edir. Ventilyasiya və nəmlikdən asılı olaraq, embrionun inkişafına temperaturun təsiri müxtəlifdir.
Yumurtalar inkubatora yığıldıqdan sonra inkubatorun daxilində temperatur aşağı düşür. 3—4 saat keçdikdən sonra isə temperatur yenə normal səviyyəyə qalxır.
İnkubatorların tipindən asılı olaraq, temperatur 37,4—39,5°C olmalıdır. Şkaf və otaq tipli inkubatordarda temperatur aşağı səviyyədə (yəni 37,5°C), seksiyalı inkubatorlarda isə temperatur yüksək səviyyədə (yəni 39,5°C) saxlanmadıdır. Çünki seksiyalı inkubatora qoyulan yumurtaların aşağı səthi ilə yuxarı səthi arasında 3-4°C temperatur fərqi vardır. Beləliklə, seksiyalı inkubatorlarda yumurtaların isidilməsi, onların aşağı və yuxarı tərəfində olan havanın temperaturundan, kameradakı havanın hərəkətindən və kameraya daxil olan havanın temperaturundan asılıdır. Şkaf və otaq tipli inkubatorların hər tərəfində temperatur eyni olduğu üçün yumurtalar bərabər isinir.
Yadda saxlamaq lazımdır ki, inkubator yerləşən binanın havası quru, inkubatorda isə nəmlik 2,6% olmalıdır.
Soyutma vasitəsi ilə yumurta daxilində temperatur dəyişkənliyi yaradılır ki, buda embrionun xarici temperatur dəyişkənliyinə qarşı davamlılığını, maddələr mübadiləsini və cücənin orqanizminin davamlılığını artırır.
Yumurtaları qısa müddətdə soyutmaq üçün inkubatorun kameralarını açmaq lazımdır. Bəzən novları (siyirmələri) çıxarıb döşəmə üzərinə qoymaqla yumurtaları soyutmaq olur. Yumurtaların soyudulması aşağıdakı kimi aparılır:
Birinci mərtəbədə olan toyuq və hindtoyuqlarının yumurtaları gündə bir dəfə, 5—7 dəqiqə; II və III mərtəbədəki yumurtalar gündə 2 dəfə, 10—15 dəqiqə; ördək yumurtaları gündə 1—2 dəfə, hər dəfədə 5—10 dəqiqə soyudulur. Birinci mərtəbədə olan qaz yumurtaları gündə bir dəfə, 5 dəqiqə II mərtəbədəki yumurtaları gündə 2 dəfə, hər dəfədə 10 dəqiqə, III mərtəbədəki yumurtalar isə gündə üç dəfə; hər dəfədə 10 dəqiqə soyudulur. Əgər inkubatorda temperatur 21°C-dən artıq olarsa, soyudulma müddətini hər dəfədə 5 dəqiqə artırmaq lazımdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, yumurtaların bioloji üsulla inkubasiya keyfiyyətini qiymətləndirmək üçün aşağıdakı əsas cəhətləri yoxlamaq lazımdır:
1) yumurtalar alınan təsərrüfatların quş fermalarında zootexniki və baytarlıq işlərinin aparılması (buraya quşların yemlənməsi, saxlanması, onların yumurtlama xüsusiyyətləri, baytarlıq tədbirləri və s. aiddir); 2) fermada xoruzların toyuqlara olan nisbəti; 3) yumurtaların yığılması, saxlanması, seçilməsi və göndərilməsi; 4) yumurtaların inkubasiya və mayalanma keyfiyyəti; 5) bioloji yoxlamalar zamanı tapılan nöqsanlar (məsələn, temperatur, nəmlik, ventilyasiya, yumurtaların çevrilməsi, soyudulması və s.-də olan nöqsanlar); 6) kontrol qrup yumurtaların çəkilməsi zamanı alınan nəticələr; 7) inkubasiyanın nəticəsi və cücələrin çıxması; 8) ölmüş embrionların patoloji-anatomik cəhətdən yoxlanması zamanı əldə edilən nəticələr.
Bütün bu göstərilən cəhətləri yoxladıqdan sonra inkubasiyanın keyfiyyətini düzgün qiymətləndirmək olar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024