Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosasiyası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında mərmər bağacığı adlanan zərərvericinin yayılması ilə bağlı daxil olan müraciət əsasında Dövlət Fitosanitar Xidmətinin, Şəki, Qax, Zaqatala və Balakən rayon bitki mühafizəsi mərkəzlərinin, eləcə də Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşları birlikdə monitorinqlər aparıblar.
Belə ki, cari ilin oktyabrın 29-30-da bölgənin fındıq bağlarına fitosanitar baxış keçirilib və bağlarda unlu şeh xəstəliyinin intensivliyinin, fındıq uzunburunu, mənənə və digər zərərli orqanizmlərin populyasiya sıxlığının ötən illə müqayisədə aşağı səviyyədə olduğu müəyyən edilib.
Eyni zamanda, bölgənin fındıq bağlarında, bitki qalıqlarının altında, ətrafda olan təsərrüfat və yaşayış binalarında, hətta zərərvericinin ehtimal olunduğu Zaqatala rayonunun Muxax kəndinin mədəniyyət evində fitosanitar yoxlamalar aparılıb və mərmər bağacığı aşkar olunmayıb. Monitorinq keçirilən ərazilərdə morfoloji cəhətdən mərmər bağacığına oxşayan taxıl bitkilərinin zərərvericisi olan ziyankar bağacığın (taxıl zəlicəsi) yetkin fərdləri aşkar olunub və identifikasiya üçün laboratoriyaya göndərilib.
Qeyd edək ki, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsisçisi İsmayıl Orucov Azərbaycanın findiq bağlarında xarici karantın zərərvericisi olan mərmər bağacığının yayıldığını və hətta 3%-ə qədər ziyan vurduğunu bildirmişdi. Assosasiyanın ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ayırdığı maliyyə vəsaiti hesabına hazırlayaraq yaydığı broşurlarda da mərmər bağacığının hazırda Gürcüstandan Azərbaycanın findiqçılıq bölgələrinə keçdiyi qeyd olunub. Assosasiya tərəfindən Zaqatala rayonunun Muxax kənd mədəniyyət evində də mərmər bağacığının tapıldığı bildirilmişdi.
Məlumat üçün bildirək ki, yetkin ziyankar bağacığının (Eurygaster integriceps Put.) bədəninin uzunluğu 9-12 mm, eni isə 6-7 mm-dir. Rəngi bozumtul-sarıdan tutqun qəhvəyiyə qədər dəyişə bilir. Başı üçbucaq formasında olmaqla döşün alt tərəfinə doğru uzanır.
Bu zərərvericinin yetkin fərdləri əsasən meşələrdə, meşə zolaqlarında, kolluqlarda, bağlarda, kolluq basmış tarlalarda və digər yerlərdə qışlayır. Payız soyuqlarının düşməsi ilə əlaqədar olaraq yetkin bağacıqların bir yerdən digər yerə hərəkəti kəsilir və qidalanmamaqla qışlayırlar.
İldə bir dəfə nəsil verən zərərvericinin zərərvermə xarakteri bitkinin inkişaf fazasından çox asılıdır. Əgər cavan gövdələrin əsası sovrulmuş olarsa, onun mərkəzi hissəsi, sonra isə bütün gövdəsi saralır. Taxıl sünbülləşməmişdən əvvəl sorma nəticəsində “ağ sünbüllük”, dənlərin sorulması zamanı isə onların cılızlaşması və cücərmə qabiliyyəti zəifləyir. Zədələnmiş dənlərin unundan hazırlanmış xəmir pis acıyır, çörəyi boz rəngli və dadı pis olur. Çünki, bağacıq dənlə qidalanarkən tüpürcəyi ilə dənin tərkibinə xüsusi ferment buraxır və bu ferment dəndə olan yapışqan, zülal və nişastanın tərkibini dəyişir.
Zərərverici ilə mübarizədə aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından istifadə edilməlidir:
Bitkilərin yaxşı böyüməsi və inkişafı üçün torpaq səpinə diqqətlə hazırlanmalı və gübrələnməlidir. Səpin dar cərgələrə vaxtında aparılmalı, bitkilərə əlavə yemləmə gübrələri verilməli və alaq otları məhv edilməlidir. Bağacıqları qışlama yerində məhv etmək üçün onların normal qışlama yerləri dağıdılmalıdır. Bu məqsədlə yarpaqlar və töküntülər altında qışlayan bağacıqla dırmıqlanmaqla yığılmalı üzərinə 15-20 sm qalınlığında torpaq tökülməli və tapdalanmalıdır. Bununla da zərərvericilər yaza qədər məhv olur. Bağacıqlarla bioloji mübarizə məqsədi ilə avqust ayından soyuqlar düşənə qədər qışlama yerinə, yazda və məhsul yığımından sonra isə tarlalara toyuqlar və hind toyuqları buraxılmalıdır. Bu tədbirlər effekli nəticə verir, toyuqlar bağacıqları həvəslə yeyir ki, bundan da onlara heç zərər dəymir.
Daşkəsəndə kartof sahələrinə dəymiş zərərə görə fermerlərə sığorta ödənişləri edilib
19 Mart 2025
Qax rayonunda üzümçü fermerlər üçün tarla seminarı keçirilib
19 Mart 2025
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Balakəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Mart 2025
Naxçıvan Muxtar Respublikasında aqrar sığorta eksperti olmaq istəyən namizədlərə təlimlər keçirilib
18 Mart 2025
Nazir Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
17 Mart 2025