Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri Şəki-Zaqatala bölgəsinə məxsus 16450 hektar payızlıq taxıl əkini sahələrində fitosanitar monitorinq həyata keçiriblər.
Monitorinqlər nəticəsində 12700 hektar sahənin sarı pas xəstəliyi ilə sirayətləndiyi müəyyən olunub və götürülən buğda bitkisi nümunələri Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəsinin laboratoriyalarına təqdim edilib. Müayinələr zamanı bitkilərin üzərində olan xəstəliyin Sarı pas (Piccinia Striiformis West) xəstəliyi olduğu aşkar edilib.
Monitorinqlər zamanı müəyyən olunub ki, aprel ayının II ongünlüyündə havanın temperaturunun orta aylıq normadan aşağı olması və yağmurlar nəticəsində nisbi rütubətin 80-85% olması, buğda sahələrində sarı pas xəstəliyinin (Piccinia Striiformis West) inkişaf etməsinə səbəb olub.
Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində torpaq sahibləri və fermerlər öz vəsaitləri hesabına adıçəkilən xəstəliyə qarşı tilt (0,5 l/ha), alto super (0,4 l/ha), reks duo (0,4 l/ha), propivar (0,5 l/ha), oblate (0,6 l/ha), komore 300 (0,4 l/ha) fungisidlərindən istifadə etməklə kimyəvi mübarizə tədbirlərinə başlayıblar. Qeyd edək ki, bu günə qədər 4850 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Hazırda mübarizə tədbirləri davam etdirilir.
Buğdanın sarı pası xəstəliyinin törədicisi Puccinia striiformis West göbələyidir. Xəstəliyin səciyyəvi əlaməti bitkinin yarpaqlarının üst hissəsində uzununa sarı rəngdə 1-2 sm uzunluğunda 0.5-1.0 mm enində nazik xətvari ləkələrin (pustulların) əmələ gəlməsidir. Həmin ləkələr xəstəlik törədicisi inkişaf etdikcə böyüyür və yarpağın epidermisi altında olan pustullar dağılaraq açıq sarı rəngli spor kütləsi (uredinosporlar) xaricə tökülür.
Xəstəlik dağlıq və dağətəyi rayonlar üçün daha xarakterikdir. Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bu xəstəliyə qarşı yüksək davamlı, məhsuldar yumşaq buğda sortları (Tərəqqi, Azəri, Mirbəşir-128, Əkinçi-84) yaradılmışdır. Xəstəlik dənli bitkilərin əksəriyyətində müşahidə olunsa da buğda üçün daha təhlükəlidir. Patogen yarpaqlarda, yarpaq qınlarında, bəzən gövdə, mil ox, sünbül pulcuqlarında meydana çıxır.
Xəstəliyin ilk əlaməti erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində üzə çıxır. Qışın mülayim keçməsi bəzən göbələyin bütün vegetasiya boyu inkişaf etməsinə şərait yaradır. Yazda xəstəlik əvvəlcə dənli bitkilərin alt, sonra isə üst yarpaqlarında əmələ gəlir. Çiçəkləmə anı və ya süd yetişmə dövründə yarpaqların əhəmiyyətli bir hissəsi saralır, quruyur və tökülürlər. Müəyyən yoluxma faizində tarla tamamilə rəngini dəyişir.
Yarpaqlarla bərabər bitkinin digər orqanları – gövdəsi də xəstəliyə tutulur. Xəstəlik nəticəsində yarpaqların assimilyasiya səthi kiçilir, tənəffüs prosesi güclənir, buxarlanma artır və yarpaqlar vaxtından tez quruyub tökülür. Nəticədə dənin dolması tam getmir, əmələ gəlmiş dənlər xırda olur, bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Xəstəlik xüsusilə sünbüllər üçün təhlükəlidir: dən dolmur, cılız olur, kütləcə yüngülləşir. Xəstəlik səbəbindən məhsuldarlıq 25-30%, bəzən isə 50%-ə qədər aşağı düşür. Elmdə sarı pas xəstəliyinin 60-dan çox növünün mövcudluğu haqqında məlumatlar var.
Yoluxmanın xarakterik xüsusiyyəti uredino yastıqcıqlardan ibarət olan limonu sarı, uzunsov zolaqların, ləkələrin əmələ gəlməsidir. Adətən uredinalar yığılmış qrup şəklində yerləşirlər və xlorozla müşayət olunan ləkəyə oxşayırlar. Müəyyən müddət keçdikdən sonra yoluxma yerlərində tünd-qonur və ya demək olar ki, epidermisi partlamayan qara telioyastıqcıqlar əmələ gəlirlər.
Aparılmış mikroskopik müayinələrlə təyin edilib ki, göbələyin uredinosporları birhüceyrəli, açıq-sarı rəngli, şarşəkilli, rəngsiz tikanla örtüklü, diametri 15- 20 mkm-dir. Teliosporlar uzunsov-sancaqşəkilli, ikihüceyrəli, qonur, rəngsiz qısa ayaqcıqlı, ölçüləri 30-57 x 57-24 mkm-dir. Bu xəstəlik törədicinin spermaqonial və etsial mərhələləri hələlik müəyyən edilməyib. Göbələyin inkişafı və onun qışlaması uredino mərhələ ilə həyata keçirilir.
2013-2016-cı illərdə Şəki-Zaqatala bölgəsində aparılmış tədqiqatlarla müəyyən olunub ki, sarı pasın törədicisinin böyümə və inkişafı üçün 13,80C temperatur və 85,0% nisbi rütubət optimal hesab olunur. Uredinosporlar 00C temperaturda belə cücərə bilirlər. 200C-dən yuxarı temperaturda göbələyin inkişafı zəifləyir. Bu bölgədə aprel və may aylarında, temperatur gündüzlər 18-230C olmasına baxmayaraq, gecələr 130C-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inkişafını zəiflədə bilmir. Respublikamızın təbii-iqlim şəraiti sarı pasın erkən yazdan, hətta payızdan inkişaf etməsi üçün əlverişli hesab olunur.
Mübarizə tədbirləri: Yüksək aqrotexniki, aralıq sahib bitkilərinin məhv edilməsi, davamlı sortlardan istifadə və növbəli əkinə əməl edilməsi vacibdir. Sarı pas xəstəliyinə qarşı kimyəvi mübarizə tədbirləri xəstəliyin ilkin simptomları müşahidə edildikdə, yəni boruyaçıxma mərhələsində aparılmalıdır. Kimyəvi mübarizədə alto super (0,5 l/ha), reks duo (0,5 l/ha və 1,0 l/ha), tilt (0,5 l/ha), impakt (0,4 l/ha), propivar (0,5 l/ha), oblate (0,6 l/ha), komore 300 (0,4 l/ha), kükürd tərkibli tiovit-djet (8 kq/ha) fungisidlərindən biri ilə çiləmələr aparılmalıdır. Kimyəvi mübarizədə işçi məhlul 300 litr su götürülməlidir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024