Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Şəki-Zaqatala bölgəsində və Tovuz rayonu ərazisində təhlükəli alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı mübarizə tədbirləri həyata keçirilir. Yovşanyarpağı ambroziyza birillik yazlıq alaq bitkisi olmaqla respublika ərazisində xüsusilə Qax, Zaqatala, Şəki rayonlarında geniş yayılmış bütün mədəni və başqa tarla bitkilərinin əkinlərini, bağları, üzümlükləri, cəmənlikləri, otlaqları və meşə zolaqlarına zərər vurur. Zaqatala, Balakən, Şəki və Qax rayonlarında yovşanyarpaqlı ambroziyanın kökünün tamamilə kəsilməsi qarşıya məqsəd olaraq qoyulub. Bununla əlaqədar olaraq Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata kecirilir, broşürlər, bukletlər, tövsiyələr hazirlanaraq fermerlərə çatdırılır, vaxtaşırı fermerlərlə görüşlər təşkil edilir, lazımi tövsiyələr verilir, mexaniki və kimyəvi mübarizə tədbirləri aparılır.
Şəki-Zaqatala bölgəsində cərgəvi bitkilərə (qarğıdalı, tütün, günəbaxan və s.) geniş yer verilir. Cərgəvi bitkilər arasında ambroziyanın inkişafı üçün əlverişli şərait olduğundan bu alaq otları çox böyük sürətlə inkişaf edərək mədəni bitkilərin inkişafını əngəlləyir, şimal-qərb küləklərinin hakim olduğu bölgədə alaq otları münbit şəraitdə kütləvi toxum verərək asanlıqla Qaxdan Şəki, Zaqatala istiqamətində yayıla bilirlər. Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən təhlükəli karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı 2020-ci ilin yanvar-may aylarında 813 hektarda müşahidələr aparılıb, 588 hektarda sirayətlənmə aşkar edilib, 229 hektarda mexaniki, 33 hektarda isə kimyəvi mübarizə tədbirləri həyata kecirilib.
Qeyd edək ki, karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı son ildə aparılan aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin nəticəsində alaq otlarının sahəsi və sirayətlənmə dərəcəsi 4-5 dəfə azalıb. Mübarizə tədbirləri davam etdirilir.
Yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisi olmaqla inkişaf etmiş yerüstü və kök sistemi sayəsində torpağı çox qurudur və münbitliyini azaldır. Belə ki, ambroziya 1 ton quru maddə əmələ gətirməsi üçün torpaqdan 15.5 kq azot, 1.5 kq fosfor və 950 litr su istifadə edir. Taxıl bitkilərinə nisbətən daha çox kalium, kalsium, maqnezium və digər mikroelementləri (bor, dəmir, manqan, sink, qalay, nikel, xrom) mənimsəyir. Bitki intensiv sürətdə mədəni bitkilərin boy atmasını ləngidən xlorogen, izoxlorogen turşuları və müxtəlif efir yağları sintez edir. Nəticədə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı kəskin azalır, güclü zibillənmə zamanı isə tamamilə məhv olurlar. Ambroziya tərkibində 0.07-0.15 % acı efir yağı olduğu üçün heyvanlar tərəfindən yeyilmir. Bu bitki qalıqları qarışmış yem ilə qidalanmış heyvanların südü və süd məhsulları acı dadlı olmaqla yanaşı, xoşagəlməz iy verir.
Yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisi olmaqla yanaşı, həm də insan sağlamlığı üçün təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər-ambroziya polinozları əmələ gətirir. Belə insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə iş qabiliyyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial astmaya çevrilir. Ambroziya tozcuqları sayəsində yaranan allergiya o qədər dayanıqlıdır ki, bu xəstəliyə tutulmuş insan bitkinin bitmədiyi yerlərdə belə xəstəliyin əlamətlərindən əziyyət çəkir. Bu tozcuqlar küləklə uzaq məsafələrə yayılır. Yovşanyarpaqlı ambroziyanın nisbətən çox yayıldığı rayonlarda insanlar arasında allergik xəstəliklərə - ambroziya polinozlarına daha sıx rast gəlinir.
Aqrotexniki mübarizə sahələrin ambroziyadan təmizlənməsində həlledici əhəmiyyət daşıyır. Bu üsul torpaqda alaq otunun toxum ehtiyatının tükənməsinə, torpağın və məhsulun təkrar alaqlanmasının qarşısının alınmasına yönəldilmiş tədbirləri (növbəli əkin sistemində becərilən bitkilərin düzgün növbələnməsini, torpağın becərilməsini, əkinə qulluq və s.) özündə birləşdirir. Ambroziyanın toxum verməsinin qarşısının alınması məqsədilə dənli taxıl bitkilərinin məhsulu yığılandan dərhal sonra kövşənlik çevrilməli (8-10 sm dərinlikdə) və ya ön kotancıqlı kotanla 25-30 sm dərinlikdə şumlanmalı, əkin qabağı kultivasiya aparılmalı, tək-tək qalan alaq otları mexaniki üsulla məhv edilməlidir.
Yovşanyarpaqlı ambroziyanı məhv etmək məqsədilə yazlıq və payızlıq taxıl əkinlərində 2.4 D amin duzu (1.6-2.0 l/ha), hektofermin (1.6-2.0 l/ha), veed killer (1.6-2.0 l/ha), lontrel (0.16-0.66l/ha), sorqoda aqritoks (0.7-1.2 l/ha), günəbaxanda dual (11.3-1.6 l/ha), şəkər çuğundurunda betanal (1-1.5 l/ha), pomidorda treflan (2-2.5 l/ha) , zenkor ( 0.25-0.7 l/ha), yoncada pivot (0.4-0.5l/ha), bağ və üzümlüklərdə raundap (3-6l/ha) herbisidi tətbiq edilir. Becərilməyən torpaqlarda ambroziyanın 4-6 əsl yarpaq fazasında raundap (3-6 l/ha ) və ya arsenal (2-2.5 l /ha ) herbisidi tətbiq edilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024