Kartofun yaxşı qalmasına yumruların keyfiyyəti və lazımi şəraitin yaradılması həlledici təsir göstərir. Yalnız sağlam, mexaniki zədələnmələrsiz və donvurmamış yumrular yaxşı qalır. Kartofu artıq yığılma zamanı saxlanmaya hazırlamaq lazımdır. Yığımı imkan daxilində quru havada aparmaq və onu şaxtalar düşənədək qurtarmaq lazımdır. Yığım prosesində xəstə və zədələnmiş yumrular ayrıca qaba yığılmalı və qısa müddətdə saxlanıb istifadə edilməlidir. Kartofu ehtiyatla yığmaq, onu tullamamaq və yavaşca səbətə qoymaq lazımdır. İti çıxıntıları olan qabdan istifadə edilməməlidir. Zədələnmiş yumrularda çürümə əmələ gətirən ziyanlı mikroorqanizmlər asanlıqla inkişaf edir. Xəstə yumrular tez cücərməyə başlayır, güclü tənəffüs sayəsində onlar nişastanı çox sərf edirlər.
Yaş kartofu mütləq qurutmaq və torpaqdan təmizləmək lazımdır. Bu iş açıq binada, çardaq altında, yaxud həyətdə yerinə yetirilməlidir. Günəş yanığı olmaması üçün yumrular günəş altında yox, kölgədə qurudulmalıdır. Yanmış yumrular tez xarab olur. Saxlanmaya qoymaqdan əvvəl yumruları yumaq olmaz. Kartofun saxlanması zamanı bir çox şərtlər, yəni temperatur və havanın nisbi nəmliyi optimal normada saxlanmalıdır. Yumruların mexaniki zədələnmələrinin müalicəsindən, onların uzun müddətli saxlanmaya hazırlanmasından və yumruların tığda tədricən soyudulmasından sonra saxlanmaya qoyulmuş sortun xüsusiyyətləri nəzərə alınmaqla temperatur 2-4oC səviyyəsində saxlanmalıdır. Havanın nisbi nəmliyi 85-90% olmalıdır.
Kartofu isti zirzəmilərdə, anbarlarda və dəhlizlərdə, həmçinin quyularda saxlamaq olar. Zirzəmilərdə, anbarlarda saxlanan yumruları hündürlüyü 1 metrə qədər olan yeşiklərə tökürlər. Bu zaman yeşiklərdə deşiklərinin diametri 2-3 sm olan şəbəkəli döşəmə və işıq yeri olan divarlar düzəldilir. Yeşiklərin eni 1 metrə qədər olmalıdır. Əgər kartof saxlanan binada döşəmə beton, daş yaxud torpaqdırsa, onda yeşik hündürlüyü 20 sm olan tirlərin üstünə qoyulur. Kartof ilə anbarın tavanı arasında 60-80 sm hündürlüyündə boş sahə qalmalıdır.
Yumruları qabda da saxlamaq olar. Bundan ötrü səbətlərdən və dibinə şəbəkəli taxtalar vurulmuş qutulardan istifadə edirlər. Yumrulara havanın sərbəst daxil olması üçün qutuların altına dayaqlar qoyurlar.
Binanın soyudulması, yaxud onun isidilməsi yolu ilə optimal saxlama rejimləri yaradılmasına nail olmaq mümkündür. Bundan ötrü, məsələn, payızda şaxtalar düşənə qədər gecələr lyuklar, nəfəsliklər, yaxud pəncərələr açıq saxlanılır. Gündüzlər onları örtürlər ki, soyuq ehtiyatı saxlanılsın. Yazda istilər düşən zaman temperaturun qalxmasının qarşısını almaq üçün qısa müddətə lyukları, yaxud nəfəslikləri açırlar ki, temperatur 20 oC-yə düşsün. Bunu ehtiyatla etmək lazımdır ki, kartofu soyuq vurmasın. Qış dövründə binada havanın temperaturu sıfırdan aşağı düşəndə kartofu küləş, həsir, kisə materialı ilə örtmək, yaxud binanı isitmək lazımdır.
Binada havanın nisbi nəmliyini yüksəltmək üçün su çiləmək, ya yaş kisələr, ya da əskilər asmaq üsullarından istifadə edirlər. Otağın havasını dəyişdirəndə nəmlik aşağı düşür. Bunun qarşısını almaq məqsədi üçün oraya içində sönməmiş əhəng olan qutular qoymaq olar. Zirzəmilərdə kartofun saxlanması zamanı bəzən yumrular cücərir və çürüyür. Bu, hava nəm və temperatur yüksək olanda baş verir.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026
Nazir Məcnun Məmmədov Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Arturla görüşüb
15 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub
14 Yanvar 2026