Kənd təsərrüfatı sahəsində kooperativləşmə hərəkatının ərəfəsindəyik. Artıq ilk “pionerlər” var, ötən ilin oktyabrında “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na əsaslanaraq Sabirabad rayonun Yaxadəllək-Beşdəli kəndlərinin ərazisində 133 ailə könüllü “Birlik İstehsal Kooperativi”ni təsis ediblər. Bu ilin martında isə rayonda ikinci - 231 ailənin birləşdiyi “Axısxalılar toxum istehsal kooperativi” yaradılıb. Aqrar sektorun indiki mərhələsində kənd kooperativləri xırda pay torpaqlarının konsolidasiyasına nail olmaqla istehsaldakı pərakəndəliyin aradan qaldırılmasına, məhsuldarlığı artırmaqla kənd əhalisinin iqtisadi maraqlarının qorumasına imkan yaradacaq. Ümumiyyətlə, kooperasiyaların qarşısında duran hədəflər istehsalın səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması, mexanikləşdirməyə nail olmaq, innovativ texnologiyaları tətbiq etməklə xarici bazarlara çıxış əldə etməkdən ibarətdir.
İlk təcrübələr olduğu üçün kooperativ üzvlərinin bir sıra dəstəklərə, xüsusən xarici təcrübələrin yaxından öyrənilməsinə, təlim və maarifləndirməyə böyük ehtiyacları var. Bu ehtiyacı öyrənmək, gələcəkdə təcrübi layihələrin həyata keçirilməsi məqsədilə bu günlərdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) dəvəti ilə ölkəmizdə səfərdə olan Koreya Regionların İnkişafı İnstitutu və Koreya Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti ilə birgə Sabirabadın Yaxadəllək, eləcədə Axısxa kəndərində olaraq kooperativ üzvləri ilə görüş keçirilib, kooperativlərin inkişafı məsələlərini geniş müzakirələr olunub. Kooperasiyaların fəaliyyətinə hərtərəfli dəstək vermək niyyəti ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının - Aqrar Xidmətlər Agentliyinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Aqrar Tədarük və Təchizat ASC-nin əməkdaşları da kooperasiya üzvləri ilə müzakirələr aparılıb. Görüşdə istehsal planlarının hazırlanması, əkin strukturunun qurulması, becərmə dövründə elmi-informasiya təminatının göstərilməsi, torpaqların aqrokimyəvi analizlərinin aparılması, güzəştli texnika, gübrə təminatı göstəriləcəyini diqqətə çatdırılıb. İstehsalın təşkili ilə bağlı çoxsaylı dəstəklərin göstəriləcəyi ilə bağlı səsləndirilmiş fikirlər kənd sakinləri tərəfindən müsbət qarşılanıb.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Heydər Yaqubov bildirib ki, rayonda iki kooperativin yaradılması digər istehsalçılar arasında da xüsusi fəallığa səbəb olub. Xırda pay torpaqlarının səmərəli idarə olunmamasından əziyyət çəkən digər kəndlilər də birlik modellərinin yaradılması istiqamətində müzakirələr aparıblar.
Qonaqlar ötən əsrin əvvəllərindən başlamış kənd kooperasiyalarının yaradılmasında böyük təcrübə qazanmış öz ölkələrində əldə olunmuş nəaliyyətlər haqqında danışaraq, elmi-iqtisadi məsləhətlərini veriblər. ”Cənubi Koreyada ilk kooperativ 1907-ci ildə qurulmuşdu, bu illər ərzində birgə iqtisadi fəaliyyət xeyli təkmilləşmiş, bitkiçilik, istehsal, təchizat, balıqçılıq, kredit, satış, marketinq istiqamətləri üzrə ixtisaslaşmış və iri federasiyalarda təşkilatlanmışlar. Hər bir federasiya öz çətiri altında 300-dən çox kəndli kooperativlərini birləşdirir. 1961-ci ildən növbəti mərhələyə qədəm qoymuş kooperativləşmə hərəkatı nəticəsində bu gün büdcə göstəriciləri 50 milyard ABŞ dollarını ötüb və dünyanın ən böyük üçüncü “kooperativ ölkəsi” statusunu qazanmışıq. Misal çəkə bilərəm, təkcə istehlak kooperativlərinin sayı 391, büdcəsi isə 518 milyon ABŞ dollarıdır. Baxmayaraq ki, bizim ölkədə fermerə düşən əkin torpağı maksimum 1 hektardır, lakin səmərəli birgə fəaliyyətin qurulması uğurlu nəticələr qazanmağa imkan verib. Əsas məsələ odur ki, torpaq adamları rasional təşəbbüslər ətrafında birləşməli, hər şeyi dövlətdən və ya kimlərdənsə gözləməməli, strateji baxışa sahib olmalıdırlar”,-deyə Kiçik, orta, iri kooperativlərdə dəyər zəncirinin təhlili üzrə beynəlxalq ekspert Çanho Çoi bildirib.
Kooperativlərlə bağlı texnoloji transformasiyalar üzrə ekspert Jingon Ahn, layihələr üzrə menecer Sunq Kyunq sonda yerli fermerlərimizlə müzakirədə vacib addımlardan danışıblar. Yaxın vaxtlarda aparılan müzakirələrin nəticəsi olaraq Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) yeni yaranmış kooperasiyalarda təlim-maarifləndirmə, maliyyə-təəsərrüfat hesabatlılığı üzrə layihələr həyata keçirməyi planlaşdıqlarını deyiblər.
Koreyalı qonaqlar Yaxadəllək və Axıska kəndlərindən sonra Sabirabad DAİM-də də olaraq mərkəzin göstərdiyi xidmətlərlə yaxından maraqlanıblar, 40-dan çox xidmətin bir məkanda təqdim olunmasını yüksək qiymətləndirilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024