Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
“Rəqəmsal Kənd Təsərrüfatı” layihəsi çərçivəsində alma meyvəyeyəni (Cydia pomonella) zərərvericisinin monitorinqinin aparılması üçün Quba və Qusar rayonlarında mövcud iqlim stansiyalarının əhatə dairəsindəki 20 təsərrüfatda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən feromon tələlər quraşdırılıb. Məqsəd fermerlərin əlavə xərclərinin və ətraf mühitə dəyən zərərin azaldılması və məhsuldarlığın artırılmasına nail olmaqdır.
Fermerlər tələlərin şəkillərini müəyyən olunmuş zaman qrafikində çəkərək Nazirliyin mütəxəssislərinə göndərirlər. Temperatur göstəricilərinə əsasən zərərvericinin inkişaf mərhələsini təyin edən modelə və yetkin fərdlərin tələlərdə aşkarlanma sıxlığına əsasən zərərvericinin məhsul itkisinə səbəb olan inkişaf mərhələsi, yəni tırtıl fazası təyin olunacaq. Bu barədə bildirişlər fermerlərə SMS vasitəsilə göndəriləcək. Bununla da fermerlər mübarizə tədbirlərini düzgün vaxtda yerinə yetirərək məhsul itkisini və qeyri-dəqiq pestisid istifadəsini azaldacaqlar.
Qeyd edək ki, alma meyvəyeyəni respublikanın bütün rayonlarında alma və armud bitkiləri üçün təhlükə mənbəyi hesab olunur. Zərərverici kiçik boz kəpənək olub, qanadları açılan zaman böyüklüyü 18-20 mm, eni 10 mm-ə yaxın olur. Yazda, havanın orta gündəlik temperaturu bir neçə gün +10 ℃-dən yuxarı davam etdiyi zaman tırtıllar pup halına keçir. Puplardan uçan kəpənəklər cütləşərək yumurta qoymağa başlayır. Zərərvericinin kənd təsərrüfatında itkilərə səbəb olan inkişaf mərhələsi tırtıl fazasıdır. Yumurtadan çıxmış tırtıllar əksər hallarda kasacıqdan və bəzi hallarda isə yan tərəfdən meyvəyə daxil olaraq tumuna qədər qidalana bilirlər. Bunun nəticəsində meyvə üzərində dəliklər əmələ gəlir və zədələnmiş meyvələrin əmtəəlik keyfiyyəti aşağı düşür. Respublikada alma meyvəyeyəni mövsüm ərzində 2-3 nəsil verir.
Xatırladaq ki, adı çəkilən layihə üçün pilot ərazilər olaraq Quba və Qusar rayonları, meyvə növləri olaraq isə alma, gilas, şaftalı və nektarin seçilib. Bu ilin aprelin 30-na kimi Quba və Qusar rayonlarında qeyd olunan meyvə təsərrüfatları ilə məşğul olan fermerlərə ümumilikdə 9759 SMS bildiriş göndərilib. Növbəti illərdə layihənin digər iqtisadi rayonlarda yetişdirilən əsas meyvə və tərəvəz növləri üzrə tətbiqi planlaşdırılır.
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
28 Aprel 2026
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
28 Aprel 2026
AKİA sədri Yalçın Camalov Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
27 Aprel 2026
Cəbrayılın Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
27 Aprel 2026
Cenevrədə Azərbaycanın aqrar sahədə rəqəmsallaşma, iqlimə dayanıqlılıq və fermer mərkəzli yanaşma üzrə təcrübəsi təqdim edilib
27 Aprel 2026