Təbii resursları qorumaqla istehsalın təşkili, başqa sözlə konservasiyalı əkinçilik sisteminin tətbiqi məsələsi uzun illərdir qlobal kənd təsərrüfatı forum, konqres və müzakirələrdə aktual bir mövzu kimi müzakirə olunur. Hesab edilir ki, fasiləsiz aparılan istehsal prosesi zamanı ekoloji normalar pozulur, kimyəvi tərkibli maddələrin istifadəsi artır, üstəlik, düzgün becərmə texnologiyalarının olmaması səbəbindən torpağın münbitliyi itir. Buna görə də tətbiq olunan əkinçilik sistemi resursmühafizəedici xarakter daşımalı, münbitliyin yaxşılaşdırılmasına yönəlməlidir.
Təcrübələr göstərir ki, konservasiyalı əkinçilik ekoloji cəhətdən sabit, iqtisadi cəhətdən isə sərfəli sistemdir. Bu cür əkinçilik sistemində minimum əmək resursları və yanacaq sərf olunur, torpaqda qida maddələrinin miqdarı artır, külək eroziyası azalır, torpaqda karbonun saxlanmasına münbit şərait yaranır.
Bu mütərəqqi sistemin tətbiqində daha aktiv olan Argentina, Braziliya, Kanada, Uruqvay, ABŞ, Avstraliya, Hindistan, Çin kimi ölkələrdə bu günə qədər 180 milyon hektar sahədə konservasiyalı əkinlərin aparılması mümkün olub. Bu cür əkinlərdə iki metod geniş tətbiq edilir: tirə səpin üsulu və sıfır-minimal torpaqbecərmə üsulu.
Ənənəvi olaraq hər il Argentinanın Rosario şəhərində “Aprosid” sıfır becərmə fermerləri birliyinin təşəbbüsü ilə Konservasiyalı Kənd Təsərrüfatı üzrə Ümumdünya Konqresi keçirilir. Konqres çərçivəsində təşkil olunan sərgidə konservasiyalı əkinçilikdə tətbiq olunan yeni texnikalar, avadanlıqlar, pestisidlər, toxumlar nümayiş etdirlir. Daha sonra isə iştirakçılar şəhər yaxınlığında yerləşən fermer təsərrüfatlarınına gedərək əyani təcrübələrlə tanış olurlar. Bu təsərrüfatda 30 ildən çoxdur ki, növbəli əkin sisteminə əməl etməklə tirəli səpin üsulu tətbiq edilir. Eyni zamanda, şum aparmadan sıfır torpaq becərməsi üsulu ilə soya, buğda, qarğıdalı, lərgə və digər məhsullar becərilir. Metod bütün məhsullar üzrə məhsuldarlığın maksimum həddinə nail olmağa imkan verməklə yanaşı, istehsal vasitələrinin qorunmasına imkan açır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev deyir ki, artıq bir neçə ildir ki, bu müasir təcrübənin respublikamızdakı fermer təsərrüfatlarında tətbiqi üzrə işlər aparılır. Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərində sahə nümayişləri keçirilərək üstünlükləri fermerlərə nümayiş etdirilir: “Bir neçə gün əvvəl Beyləqanda növbəti nümayiş keçirildi, regional mərkəzimizin təşkilatçılığı ilə fermerlər tirəli səpin üsulu ilə tanış oldular, müasir aqreqatla səpin aparıldı. Məsələ bundadır ki, kənd təsərrüfatı torpaqlarının getdikcə azalması təbii resurslardan səmərəli istifadəni aktuallaşdırır. Bu gün dünyanın qabaqcıl aqrar ölkələri əkinçilikdə ənənəvi texnologiyalardan getdikcə uzaqlaşaraq resursqoruyucu texnologiyaların tətbiqinə üstünlük verirlər. Belə texnologiyalardan biri də tirə əkin üsuludur. Bu üsul bir sıra ölkələrdə tərəvəz, taxıl, meyvə və paxlalı bitkilərin yetişdirilməsində geniş istifadə olunur”.
Beyləqan Regional Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov sahə nümayişinə yığılan torpaq adamlarına məlumat verdi ki, taxılçılıq ölkəmizin kənd təsərrüfatının əsas sahələrindən biridir və fermerlərin taxılçılıqda istifadə etdiyi texnologiya ənənəvi səpin üsuluna əsaslanır. Suvarma əkinçilik sistemində ənənəvi səpin üsulunda toxum “səpələmə” əkin üsulu ilə sahəyə səpilir və daha sonra xüsusi avadanlıqla suvarma şırımları açılır, yaxud toxum sahəyə cərgəarası toxumsəpən maşınla səpilir. Tirə əkin üsulu ənənəvi əkin üsulundan xeyli fərqlənir. Sahə şumlandıqdan və əkinə hazır vəziyyətə gətirildikdən sonra xüsusi hazırlanmış toxumsəpənlə bir gedişlə həm 20-30 sm hündülükdə tirələr yaradılır, həm də səpin həyata keçirilir. Seçilmiş bitkidən asılı olaraq şırımarası məsafə 70-90 sm arasında dəyişir. Hazırlanmış tirələrin səthinin eni 30-45 sm arasında dəyişir. Tirənin səthinə iki, yaxud üç cərgədə toxum səpilir. Əgər tirənin səthində iki cərgə toxum səpilərsə, tirə səthinin eni 30-35 sm, üç cərgə toxum səpilərsə, tirə səthinin eni 45 sm olur. Hazırda Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində arpanın tirə əkin üsulu ilə nümayiş sahəsi yaradılır.
Təklif edilən texnologiya aşağıdakı parametrlərlə xarakterizə olunur:
Cərgəarası məsafə : 60 sm Tirə səthinin eni 45 sm, Tirə səthində cərgəarası: 15 sm olmaqla 3 cərgə, kənar cərgələrdən sonra qalan yerin eni 5 -7 sm Tirənin hündürlüyü - 25 sm Səpin norması: 80- 100 kq/ha.
Aqronom Lətif Orucov yeni metodun üstünlüklərinə toxunub: “Torpağın tirə əkin üsuluna hazırlanmasında ən vacib məsələ sahənin lazer mala ilə işlənməsidir. Sahə elə hamarlanmalıdır ki, suvarma zamanı şırımlarda su yığılıb qalmasın və sahəyə bərabər paylansın”.
Tirə əkin üsulunun üstünlükləri:
Toxum səpin normasına 40-50% qənaət olunur; Suvarma suyuna 30% qənaət olunur; Mineral gübrələrin istifadə səmərəliliyini artırır; Alaqlara qarşı mexaniki mübarizəyə imkan yaradır və pestisidlərdən isifadəni azaldır; Bitkinin daha yaxşı kollanmasına imkan verir və məhsuldarlığı artırır; Torpağın fiziki-kimyəvi vəziyyəti yaxşılaşır; Bitkilərin yatmaya meyliliyi azalır.
Sahə nümayişi haqqında öz təəssüratlarını bildirən fermerlər yuxarıda sadalanan iqtisadi göstəricilərin əhəmiyyətini qeyd ediblər. Aqronomlar İmamverdi Əliyev, Məsləhət Abbasov, fermerlər Nizami Bayramov, Nazim Abdullayev, Saleh Əliyev və digərləri bizimlə söhbətlərində bildirdilər ki, taxıl bitkilərinin tirə əkin üsulu ilə yetişdirilməsi əkin sahəsinin idarəetməsini yaxşılaşdırır, tirələrdə nəmliyin daha çox saxlanmasına, hətta dəndolma ərəfəsində belə yemləmə gübrəsinin verilməsinə imkan yaradır. Tirə əkin üsulu ilə yetişdirilən taxıl bitkiləri şoranlaşmış torpaqlarda bitkilərin duz stresinə məruz qalma riskini azaldır.
Bildirilib ki, tirə üsulu ilə torpağın münbitliyi yaxşılaşır, təkrar şoranlaşmanın və suvarma eroziyasının qarşısı alınır, eyni zamanda, istixana qazlarının atmosferə buxarlanması azalır. Yeni üsulun tətbiqi nəticəsində torpaqda mikrofloranın və mikrofaunanın bərpasına, torpaq münbitliyinin yaxşılaşmasına nail olunur.
Qeyd edək ki, Aqrar Elm və İnnovasiya Mərkəzində hazırlanmış tədbirlər planına uyğun olaraq 2019-cu ildə konservasiyalı əkinçilik metodlarının fermerlər arasında təbliğinə həsr olunmuş təbliğat-təşviqat işləri genişləndiriləcək, 8 regionda fəaliyyət göstərən regional elm mərkəzlərində əyani sahə nümayişləri keçiriləcək.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024