Baramaçılıqda məhsul mövsümü yaxınlaşır. Artıq kümxanalarda ipəkqurdları dördüncü yuxunu başa vuraraq beşinci yaşa qədəm qoyub. Bir neçə gündən sonra ipəkqurdları barama sarımağa başlayacaqlar. Təxminən bir həftədən sonra hər bir kümçü öz zəhmətinin bəhrəsini qiymətləndirə biləcək.
Son illər respublikamızda dövlət dəstəyi sayəsində yenidən bərpa edilən məşğuliyyət sahələrindən biri də baramaçılıqdır. Bu sahə hələ sovet dövründən əməktutumlu, az zəhmət tələb edən və kənd adamlarına əlavə gəlir qazandıran bir fəaliyyət növü kimi formalaşıb. Ötən il olduğu kimi bu il də Çin Xalq Respublikasından 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilərək Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub, 35 rayon üzrə kümdarlara ödənişsiz olaraq paylanılıb.
Kümxanalarda bəslənmə şəraitinin gedişi ilə tanış olmaq üçün bəzi rayonlarda vəziyyətlə maraqlandıq. Yolumuzu ilk olaraq işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən saldıq. 26 illik fasilədən sonra bu il ilk dəfə barama qurdu saxlamağa başlayan Cocuq Mərcanlı kəndinin kümdarları 125 qutu barama qurdu götürüblər. Hələlik ilk təşəbbüsü iki ailə göstərib. Ramil Fərhadov və Elmir Məmmədov deyir ki, cəbhənin təmas xəttində yerləşən kənddə bu sahə ilə məşğul olmaq əlverişlidir. Onlar ilk dəfə bu işi görsələr də mövsümdə 150 kiloqram barama istehsalı planlaşdırırlar. Kümdarlar növbəti illərdə bu sahəni genişləndirmək üçün Cocuq Mərcanlı ərazisində öz həyətyanı sahələrində 300 ədəd tut ağacı əkiblər. Ümumiyyətlə, gələn ilin məhsulu üçün rayon ərazisində 4130 tut ağacı əkilib.
Füzulidə isə baramaçılığa dədə-baba sənəti kimi baxırlar. Çünki, sovet dövründə rayon əhalisinin böyük əksəriyyəti barama saxlamaqla məşğul olub. Ona görə də Füzulu bu il ən çox – 1150 qutu barama qurdu götürüb. Kümdarlara məsləhət xidmətləri göstərən rayon sakini Azər Mirzəliyevlə birgə Böyük Bəhmənli kəndindəki kümxanalara baş çəkdik. Kənd sakini Rəşid Bayramovun kümxanasına baxış zamanı bəslənmə-qulluq işlərinin səviyyəsi normal qiymətləndirildi. Kümxananın havalanması, temperaturu və digər normalara güzgün əməl edildiyi üçün barama qurdlarının inkişafı da tələblərə uyğun gedir.
Növbəti dayanacağımız isə Ağsunun Qaraqoyunlu kəndi oldu. Bu il rayon üzrə 400 qutu barama qurdu bəsləməyə götürülüb ki, bunun böyük əksəriyyəti Qaraqoyunlu kəndinin öhdəsinə düşüb. Kənd sakini Sadiq Əhmədov bizimlə söhbətində bildirdi ki, kənddə sovet dövründə də kütləvi şəkildə baramaçılqla məşğul olduqları üçün işə ürəklə girişiblər: “Üç ildir dövlətin dəstəyi ilə bu işlə məşğul olmağa başlamışıq. Yem bazasını zənginləşdirmək üçün 2 min ədəd tut ağacı əkmişik. Əsas məsələ yem bazasını genişləndirməkdir. Hər il 500 kq barama istehsal edirik, gələn il daha çox ipəkqurdu götürüb saxlamaq üçün kənd camaatını həvəsləndirirəm”, - deyə kənd sakini vurğuladı.Sonuncu dayanacağımız isə Goranboy rayonu oldu. Bu il rayon üzrə 375 qutu baramaqurdu bəslənməyə qəbul edilib. Rayonun Zeyvə kənd sakinləri birinci ildir ki, ipəkqurdu saxlamağa başlayıblar. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri İmran Cümşüdov, Rafail Quliyev, Arıçılıq Mərkəzinin rəhbəri Allahverdi Seyidov, Goranboy və Naftalan üzrə Dövləq Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, eləcədə Çin və Hindistanda ipəkqurdu bəslənməsi üzrə təlim keçmiş Heyvandarlıq Elmi Tədqiqat-İnstitunun əməkdaşı Nuranə Qəmbərova kənddəki kümxanalara baş çəkərək kümdarlar üçün maarifləndirici təlim keçiblər. İmran Cümşüdov kənd sakinlərinə kümxanaların quru saxlanması üçün əhəngdən istifadə olunmasını tövsiyə edərək fikrini konkret misallarla əsaslandırıb.
Allahverdi Seyidov beşinci yaşda bəsləmə tədbirləri barədə məlumat verib: “Barama qurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə kümxanada xəstəlik yarana bilər”.
Nuranə Qəmbərova Çin və Hindistan təcrübəsinə istinad edərək kümdarlarımıza kümxananın düzgün işıqlandırılmasını məsləhət görüb: “İşıqlandırma bərabər paylanmalıdır, bu barama qurdunun iş keyfiyyətini daha da artırır”.
Təlimdə iştirak etmiş kənd sakinləri tövsiyələrə diqqətlə qulaq asaraq növbəti qulluq işlərində bu qaydalara ciddi əməl edəcəklərini bildirdilər.
Qeyd edək ki, bu il ölkədə yaş barama istehsalının 800 tona çatdırılması planlaşdırılır.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024