Noyabrın 27-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib. Əvvəlcə kənd təsərrüfatı naziri İnam Kərimov mərkəzdə yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya şuraları da yaradılır. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.
Tanışlıq zamanı bildirilib ki, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Xidməti) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə 68 növ xidmət göstərilir.
Mərkəzin 52 əməkdaşı var. Üç mərtəbə və zirzəmidən ibarət olan binada 35 iş otağı, mətbəx, məişət otağı, təlim mərkəzi və iclas zalı var.
Burada diaqnostik və bakterioloji laboratoriyalar və mərkəz fəaliyyət göstərir. Lənkəran Aqrokimya Laboratoriyasının Masallı rayonu üzrə baş aqrokimyaçısı mərkəzdə əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşdırılmasını və kartoqramların hazırlanmasını həyata keçirir, Lənkəran Toxum Sertifikatlaşdırma Laboratoriyasının Masallı rayonu üzrə baş aqronomu isə toxumluq əkinlərin aprobasiyasını təşkil edir, toxumların keyfiyyət göstəricilərini müəyyənləşdirir və sertifikatlaşdırma aparır. Masallı Bitki Mühafizə Mərkəzi rayon ərazisində kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılması, xüsusi təhlükəli zərərvericilərə, karantin zərərvericilərinə, xəstəlik və alaq otlarına qarşı müşahidə və mübarizə tədbirləri görür.
Masallı Rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən epizootik tədbirlər planında nəzərdə tutulmuş, dövlət büdcəsindən maliyyələşən xəstəliklərə (qarayara, quduzluq, dabaq, leptosprioz, qoyunların çiçək xəstəlikləri, bruselyoz REV-1, Brudols19, quşların Nyukasl xəstəliyi, qara-malın nodulyar dermatit xəstəliyi) qarşı profilaktik peyvəndləmələr və diaqnostik müayinələr aparır. Bundan başqa, rayon Baytarlıq İdarəsi heyvan sahiblərinin öz vəsaiti hesabına digər profilaktik peyvəndləmələr, diaqnostik müayinələr, obyektin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası və heyvanların müalicəsini həyata keçirir.
Baş Dövlət Texniki Nəzarət Xidmətinin Cəlilabad Regional Bölməsinin Masallı rayonu üzrə baş məsləhətçisi tərəfindən isə rayon ərazisində mövcud kənd təsərrüfatı texnikalarının illik texniki baxışı aparılır.
Jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki pambıq yığımının başa çatmasına az qalıb. Bu günə kimi 215 min tondan çox məhsul tədarük edilib. Ötən illə müqayisədə bu il məhsuldarlıq yüksəkdir. Bu il pambıq sahələrində orta məhsuldarlıq hələlik 16 sentnerdən çoxdur. Onun sözlərinə görə, cari il 132 min hektarda pambıq əkilmişdisə, gələn il əkin sahəsinin 100 min hektar olması planlaşdırılır: “Burada məqsəd daha çox məhsuldarlıq əldə edilməsidir. Çünki kiçik torpaq sahələrində məhsuldarlıq əldə etmək mümkün deyil. Bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin nümayəndələri ilə model təsərrüfatların yaradılması üzərində də iş aparılır”.
İnam Kərimov vurğulayıb ki, torpaqlardan səmərəli istifadə edilməsi, ixtisaslaşma aparılması, kiçik sahədən daha çox məhsul götürülməsi əsas hədəflərdəndir. “Əlbəttə ki, burada ən vacib şərtlərdən biri koorperativlərin yaradılmasıdır. Birinci koorperativ Sabirabad rayonunda təşkil olundu. Növbəti mərhələlərdə koorperativləşmə işi sürətləndiriləcək. Çünki kiçik torpaq sahələrində məhsuldarlıq az olur. Məqsədimiz Prezident İlham Əliyevin tapşırdığı kimi, məhsuldarlığı artırmaqdır”, - deyə kənd təsərrüfatı naziri bildirib.
Aqrar sığorta barədə danışan nazir İnam Kərimov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanıb və müvafiq dövlət qurumlarına təqdim edilib. Ümid edirik ki, qanun layihəsi qəbul olunduqdan sonra fermerlər məhsullarını dövlətin dəstəyi ilə sığortalaya biləcəklər.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyində kredit xidməti fəaliyyət göstərir və aqrobiznes layihələri müvəkkil banklar vasitəsilə 7 faiz çərçivəsində maliyyələşdirilir.
Aqrar Könüllülər layihəsindən də danışan İnam Kərimov deyib: “Bizim könüllülər artıq bütün rayonlarda fəaliyyətə başlayıb. Üç il müddətində 10 minə yaxın aqrar könüllünün iştirak edəcəyi proqram icra olunacaq. Könüllülərin məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır. Eyni zamanda, onlar Dövlət Aqrar İnkişaf mərkəzlərində fəaliyyət göstərəcəklər. Bundan başqa, aqrar məşğulluğun artırılması layihəsinə də başlanılıb. Məqsəd yerlərdə gənc fermerlərə dəstək göstərməkdir”.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan “Dövlət Aqrar Ticarət Şirkəti” barədə danışan nazir bildirib ki, şirkət “Kənddən Şəhərə” layihəsinə başlayıb. Layihənin məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinə dəstək olmaqdan, onların məhsullarının satılmasına və yeni bazarların tapılmasına kömək göstərməkdən ibarətdir.
Nazirin sözlərinə görə, “Kənddən Şəhərə” layihəsi müasir yarmarka konsepsiyası üzərində qurulub. Müasir yarmarkada qida təhlükəsizliyi və qablaşdırma məsələləri də nəzərə alınır. Vətəndaşların da bu sahədə tələbkarlığı artıb. Buna görə satış yarmarkalarının qurulması müasir tələblərə uyğun həyata keçirilməlidir. Bundan başqa, supermarketlərdə də “Kənddən Şəhərə” loqosu ilə məhsullar satışa çıxarılacaq.
İnam Kərimov qeyd edib ki, fermerlərin məhsullarının satışa çıxarılması üçün elektron kənd təsərrüfatı çərçivəsində işlər görülür: “Fermerlərimiz bəzən planlaşdırmanı düzgün apara bilmirlər. Əlbəttə ki, bu sahədə dövlət onlara dəstək olmalıdır. Məsələn, bir il sarımsaq baha olur deyə, hamı sarımsaq əkir və nəticədə növbəti il qiymətlər ucuzlaşır. Bu səbəbdən fermerlər nə əkmək istəyirsə, bir il öncədən elektron kənd təsərrüfatı vasitəsilə dövlətə bildirməlidir. Bazar təhlil edildikdən sonra fermerə tövsiyə olunacaq ki, hansı məhsulu əkmək daha məqsədəuyğundur”, - deyə nazir vurğulayıb.
Kənd təsərrüfatı naziri İnam Kərimov Masallı DAİM-lə tanış olduqdan sonra Fermer və Koordinasiya Şurasının iclasında iştirak edib, fermerlərin qarşılaşdıqları problemlərlə maraqlanıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024