- İmran müəllim, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətləri hansılardır?
- Dövlət Xidməti bitki sortlarının ekspertizası, sınağı, qeydiyyatı və mühafizəsi ilə məşğul olur. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini, toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
- Toxumçuluq sisteminin yenidən qurulması, innovativ texnologiyaların tətbiqi istiqamətində hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində bizim də qarşımızda vəzifələr qoyulub. Bunlardan biri də kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxum məhsullarına olan tələbatının daxili istehsal hesabına təmin olunmasıdır. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Bu gün toxumçuluq sisteminin yenidən qurulması, həmçinin innovativ texnologiyaların tətbiqi istiqamətində beynəlxalq təcrübədən istifadə etməklə mühüm tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycanda toxumçuluğun və tingciliyin inkişaf etdirilməsinə dair Dövlət Proqramının layihəsi hazırlanır. Bu proqram təsdiq olunduqdan sonra toxumçuluq sektoru elmi yanaşma ilə innovasiya əsasında inkişaf etdiriləcək. Eyni zamanda Dövlət Xidmətin tabeliyində 1 Respublika və 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzləri (Quba, Şamaxı, Lənkəran, Sabirabad, Bərdə, Ucar, Göygöl, Tovuz, Qax, Beyləqan, Salyan, Şəki) var ki, bunların bir neçəsi artıq fəaliyyətə başlayıb. Laboratoriyaların 9-u müasir cihaz və avadanlıqlarla təchiz olunub, qalan 3 mərkəz (Bərdə, Şəki və Ucar rayonları) üçün isə laboratoriya avadanlıqlarının alınmasına başlanılıb. Ölkədə istehsal olunan və əkin üçün nəzərdə tutulan bütün növ toxumlar Toxum Sertifikatlaşdırma Mərkəzlərində analiz olunacaq, keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxumlar sertifikatlaşdırılacaq. Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər. Bu hallar yolverilməzdir. Fermerlər sertifikatlı toxumlardan istifadə etməklə yüksək və keyfiyyətli məhsul əldə edə bilərlər.
- Toxum Fondunun yaradılması bu sahənin inkişafına necə təsir edəcək?
- Cənab Prezidentin müvafiq sərəncamı ilə 2015-ci il martın 2-də Dövlət Toxum Fondu yaradılıb. Fondun Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında gücü saatda 5 ton olan toxumtəmizləmə qurğuları tikilir. Burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri həyata keçiriləcək və fermerlər yüksək kondisiyalı toxumlarla təmin ediləcək. Təbii ki, Fondun fəaliyyətə başlaması bu sahənin inkişafına təkan verəcək.
- Dövlət Sort-Sınaq Məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində hansı tədbirlər həyata keçiriləcək?
- Dövlət Xidmətinin tabeliyində 1 kimya texnoloji laboratoriyası və 12 Dövlət Sort Sınaq Məntəqələri (Zaqatala, Göyçay, İsmayıllı, Gədəbəy, Qazax, Qarabağ, Ağdam, Kürdəmir, Salyan, Lənkəran, Xacmaz və Qusar) fəaliyyət göstərir. Dövlət Sort Sınaq Məntəqələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, sort sınaq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsi, dövlət reyestrində qeydiyyata alınmamış sort və hibridlərin mövcud qanunvericiliyə uyğun olaraq istifadəsinin qadağan olunması, ümumiyyətlə bu sahənin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bir daha qeyd etmək istəyirəm ki, Dövlət Xidmətinin əsas hədəfi yerli istehsal hesabına ölkəni yüksək keyfiyyətli sertifikatlı toxumla təmin etməkdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024