1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür
Kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. Əminəm ki,
kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə
çatmağa imkan verəcəkdir. Kənd Təsərrüfatı Nazirliyi indi çox ciddi
islahatlar aparır. Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd
təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. AZƏRTAC kənd təsərrüfatı naziri İnam Kərimovun aqrar sahə işçilərinin peşə bayramı münasibətilə məqaləsini təqdim edir. Məqalədə aqrar sektorda aparılan islahatlar, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən söhbət açılır.
Müasir çağırışlar fonunda yeni trendlər
İnsanların zəruri ərzaq ehtiyaclarının ödənilməsi cəmiyyətin inkişafının ilkin mərhələsindən bu günədək əsas çağırışlardan biri olmaqda davam edir. Bu səbəbdən hər bir ölkədə kənd təsərrüfatının inkişafı prioritet vəzifə kimi çıxış edir. 2050-ci ilədək 9,3 milyard nəfər olması gözlənilən dünya əhalisinin qidalanması üçün ümumi ərzaq istehsalının təxminən 70 faiz artırılması zəruri olacaq. Bununla yanaşı, dünyada həyat səviyyəsi standartlarının yüksəlməsi trendinə uyğun olaraq ərzaq məhsulları istehsalının strukturunda sağlam və keyfiyyətli məhsullara tələbat da artmaqdadır.
Buna görə 2015-ci ildə BMT-nin qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” sənədində aclığın ləğv edilməsi, qidalanmanın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Bu çağırışlar fonunda dünyada kənd təsərrüfatı sahəsinin inkişafında yeni trendlər müşahidə olunur. Qlobal miqyasda urbanizasiya proseslərinin sürətli davamı və 4-cü sənaye inqilabı mərhələsinə keçidin başlaması nəticəsində aqrar sektorun rolunda və strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Belə ki, torpaq və su resurslarının məhdudluğu fonunda qlobal ərzaq təchizatının əhəmiyyətli dərəcədə artırılması təmin olunmalıdır. Bu isə intensiv istehsal üsullarının və dayanıqlı kənd təsərrüfatı istehsalına imkan verən yeni texnologiyaların tətbiqinin genişləndirilməsini zəruri edir. Ona görə kənd təsərrüfatında müasir texnologiya və innovasiyaların geniş şəkildə tətbiqi hazırda qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinin və ətraf mühitə mənfi təsirlərin azaldılmasının əsas vasitəsi kimi çıxış edir. Bunlarla yanaşı, torpaqlardan dayanıqlı istifadə edilməsi, kənd təsərrüfatının qlobal iqlim dəyişikliklərinə uyğunlaşdırılması, ərzaq məhsulları istehsalının həcminin artırılması həm də bu sahədə islahatların davamlı olaraq həyata keçirilməsini zərurətə çevirir.
Tarixən böyük əkinçilik ənənələrinə malik olan Azərbaycan bu beynəlxalq çağırışlara cavab verən azsaylı ölkələrdən biridir. Hələ sovetlər dönəmində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan geridə qalmış respublikadan böyük potensiala malik aqrar-sənaye kompleksinin formalaşdırıldığı, mövcud resursların səmərəli istifadə edildiyi və intensiv inkişaf mexanizmlərinin geniş tətbiq olunduğu dinamik inkişaf edən ölkəyə çevrildi. Müstəqillik bərpa edildikdən sonra Ümummilli Liderin rəhbərliyi ilə tarixi əhəmiyyət kəsb edən aqrar islahatlar uğurla həyata keçirildi və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradıldı. 1990-1995-ci illərdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində kəskin azalma olduğu halda, 1995-ci ildən sonra bu sahədə davamlı artım əldə edildi. Ən əsası isə Ulu Öndərin siyasi iradəsi ilə həyata keçirilən aqrar islahatlar sayəsində azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan yeni sistemə uğurlu keçid təmin olundu.
Son 15 ildə aparılan böyük həcmli kompleks işlər sayəsində Azərbaycan bu gün müasir inkişaf mərhələsinə daxil olub. Bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müstəqilliyimizin, təhlükəsizliyimizin, tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təmin olunmasında müəyyən edilən siyasi kurs dayanır. Digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə bu çağırışlara cavab verərək, keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının qəbul etdiyi siyasi qərarlar kənd təsərrüfatının inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə də geniş tətbiq olunmasına real zəmin yaradıb.
Aqrar islahatların müasir mərhələsində strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması və fermerlərin maddi rifahının yüksəldilməsi təşkil edir.
Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatların və göstərilən yüksək dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına da mühüm töhfə verib.
Kənd təsərrüfatında artım davamlı xarakter daşıyır
Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar hesabına kənd təsərrüfatında artım tempi dayanıqlılığı ilə seçilir. 2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Dünya Bankının məlumatlarına əsasən bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub.
Kənd təsərrüfatı sahəsində dinamik inkişaf trendi cari ildə də davam edib, ilk 9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,7 faiz artıb. Bir sözlə, dövlətimizin başçısının qeyd etdiyi kimi “Biz kənd təsərrüfatının ardıcıl artımını görürük”.
Aqrar islahatların hazırki mərhələsi həm də yüksək əlavə dəyər yaradılan ənənəvi sahələrin inkişafı baxımından tarixi dönüş dövrü kimi xarakterizə oluna bilər. Belə ki, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq, çayçılıq, üzümçülük və sitrus meyvəçiliyi ilə bağlı qəbul olunmuş sahəvi dövlət proqramları çərçivəsində bu sahələrin inkişafı üzrə tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilib. Nəticədə yüksək əlavə dəyər və kənd yerlərində geniş məşğulluq imkanı yaradılan sənaye təyinatlı və ixracyönümlü bu sahələrdə əhəmiyyətli inkişaf dinamikası əldə olunub.
Pambıqçılıqda həyata keçirilən məqsədyönlü tədbirlər məhsuldarlığın artırılmasını və son nəticədə bu sahənin ənənəvi nüfuz və şöhrətinin qaytarılmasını təmin edəcək. Kənd təsərrüfatı məhsulları üzrə emal sənayesinin gücləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Ucar rayonunda pambıq emalı, pambıq yağı və lifsiz pambıq toxumu istehsalı zavodları istifadəyə veriləcək. Bu isə ölkədə sahənin inkişafına mühüm töhfə olmaqla bərabər, lifsiz pambıq toxumuna tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.
İntensiv ferma modelinin tətbiqinin genişləndirilməsi nəticəsində son illərdə heyvandarlıq sahəsində artım əsasən intensiv inkişaf hesabına təmin edilib.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müqayisəli üstünlüklərin daha da artması hesabına onların ixracında yüksək dinamikaya nail olunub. Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb.
Ölkədə uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb və biznes fəallığı xeyli yüksəlib. Bunlar özünü aqrar sektorda muzdla çalışan işçilərin sayının və investisiya qoyuluşunun həcminin artmasında da büruzə verib.
Yerli istehsal üzrə potensialın güclənməsi və rəqabətqabililiyyətliliyin yüksəlməsi hesabına ölkədə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır. Bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100 faizdən çoxdur.
Ayrı-ayrı sahələr üzrə özünütəminetmə səviyyəsinin yerli istehsal hesabına artırılması, inkişaf və idarəetmə məsələlərinin daha çevik tənzimlənməsi, dövlət dəstəyini gücləndirməklə müvafiq sahələr üzrə proqram yanaşmasının tətbiq edilməsi və ünvanlı siyasət tədbirləri mexanizminin yaradılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən “Heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”, “Taxılçılığın inkişafına dair Dövlət Proqramı” və “Toxumçuluğun inkişafına dair Dövlət Proqramı”nın hazırlanması istiqamətində aparılan işlər yekun mərhələsindədir.
Aqrar islahatların müasir mərhələsinin təməl prinsipləri
Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyənləşdirilmiş islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində 3 əsas prinsipi - kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqini rəhbər tutur.
Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb:
Aqrar təhlil. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Bu vəzifələrin həllini təmin etmək üçün Mərkəz beynəlxalq çağırışlara cavab verən və elmi yanaşmalara əsaslanan tədqiqat və analitik-informasiya xidmətlərinin göstərilməsi ilə məşğul olan peşəkar qurum kimi formalaşdırılır. Aqrar həllər. Kənd təsərrüfatı sahəsində hazırda ən başlıca vəzifə məhsuldarlığın artırılması hesabına rəqabətqabililiyyətliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu isə bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi metod və həllərin geniş tətbiqini tələb edir.Aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə çatdırılması, bu qurumların məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb.
Hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir. Bu islahatlar çərçivəsində bütün elmi tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. Elmi tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək.
Fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulur.
Aqrar bilik və bacarıqlar. “Biliklər əsri” adlandırılan müasir dövrdə aqrar sahənin dayanıqlı inkişafı, ilk növbədə, elm və təhsilin müasir tələblərə uyğun təşkili ilə bağlıdır. Bu məqsədlə ölkənin aqrar kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təlim planları və proqramları dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilir. Bütün laboratoriyalar tamamilə yenilənərək müasir avadanlıqlarla təchiz edilib, yeni təcrübə bazaları yaradılıb, peşəkar mütəxəssislərin hazırlanması məqsədilə təşviqedici addımlar atılıb. Dövlətimizin başçısının tapşırığına əsasən bu ildən qəbul imtahanlarında 400 və 500-dən yuxarı bal toplayaraq ADAU-nun aqraryönümlü ixtisaslarına qəbul olunan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüdün verilməsinə başlanılıb.Aqrar sahədə müasir tələblərə cavab verən təlim və informasiya məsləhət xidmətləri sisteminin mövcudluğu sahənin rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün mühüm şərtlərdən biri kimi çıxış edir. Bu məqsədlə nazirlik tərəfindən “Fermerlərə təlim və məsləhət xidmətlərinin təşkili üzrə Strategiya” hazırlanıb, fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsinə başlanılıb.
Kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatlar, təhsil, təlim və informasiya məsləhət xidmətləri sisteminin formalaşdırılması istiqamətində fəaliyyətlərin sistemli şəkildə həyata keçirilməsi məqsədilə “Aqrar Elm və Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Aqrar dəstək. Məhsul istehsalçılarının stimullaşdırılması, onların istehsal xərclərinin azaldılması və gəlir əldə etmək imkanlarının artırılması məqsədilə dövlət tərəfindən böyük həcmdə dəstək tədbirləri göstərilir. Son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dəstək tədbirləri üzrə 1.2 milyard manata yaxın subsidiya ödənilib.Aqrar sektorun bütün istiqamətləri üzrə təminatının, xüsusilə kənd təsərrüfatı texnikası ilə təchizatın daha da yaxşılaşdırılması üçün dəstək və xidmət tədbirləri davam etdirilib. “Aqrolizinq” ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə istifadəyə verilib.
Nazirlik tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.
Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb.
Aqrar ticarət. Kənd təsərrüfatı sahəsində hazırda iqtisadi fəallığın yüksəlməsi, bu sahəyə böyük həvəsin göstərilməsi və məhsul bolluğunun yaranması müşahidə olunur. Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, məhsulların satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb.Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın göstəricisidir. Bu tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur”. Öz şərəfli əməyi ilə ölkənin ərzaq təhlükəsizliyinə misilsiz töhfələr verən və əhalinin davamlı surətdə ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd əməkçiləri və fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunub. 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Gününün təsis edilməsi onların tükənməz əməyinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir. Kənd zəhmətkeşlərinin gərgin əməyi sayəsində aqrar sahədə qazandıqları nailiyyətlər və davamlı uğurlar dövlətimizin başçısının onlara verdiyi bu qiymətin, göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə bütün kənd təsərrüfatı işçilərini, xüsusilə məhsul istehsalı ilə məşğul olan kənd zəhmətkeşlərini ürəkdən təbrik edir, onlara şəxsi həyatlarında və işlərində uğurlar arzulayır.
İnam Kərimov
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024