Bu gün dünya ölkələrinin təsərrüfat həyatında istifadə olunan keçi cinslərinin hər birinin özünəməxsus xüsusiyyətləri var. Amma Hələb keçisi ilk növbədə xarici görünüşünə görə onlardan kəskin fərqlənir.
Vətəni başda Suriya olmaqla Şərq ölkələridir. Ona görə də Hələb keçisi, Şam keçisi, Dəməşq keçisi kimi adlarla tanınır. Hazırda 50-dən çox ölkədə yayılıb, isti iqlimə dözümlü olduğu üçün təsərrüfatlarda baş sayı getdikcə artır.
Təkələrinin hündürlüyü 1 metr, çəkisi 130 kiloqramdır. Dişiləri 85-95 kq ağırlığında, hündürlüyü 75 sm, yeni doğulan balaların çəkisi 5 kq təşkil edir. Ətlik-südlük cins olsa da südünə daha çox üstünlük verilir. Əlverişsiz iqlim şərtlərinə dözümlü, istənilən şəraitə tez uyğunlaşan, sürü halında idarəolunması asandır. Ət, süd, yun məhsuldarlığı heyvandarlar tərəfindən qənaətbəxş hesab olunur. Gündə iki dəfə sağılan keçinin baş sayı artdıqda texnoloji üsulla sağımının tətbiqi qaçılmaz olur. Fermerlər deyir ki, otarılma ilə yanaşı, qüvvəli yem verilərsə, gün ərzində 3-6 litr süd sağmaq mümkündür.
Məhsuldarlıq göstəricilərinə görə, bu cins iqtisadi baxımdan yüksək qiymətləndirilir. Bir çox ölkələrdə əhalinin ağartıya, ətə olan təlabatının təmin olunmasında mühüm rol oynayır. Boğazlıq dövrü 23 həftə çəkir. Əksər hallarda əkiz, üçüz və dördüz bala verir ki, bu da təsərrüfatda gəlirləri sürətlə artırmağa imkan verir. Çəpişlər doğulandan bir neçə saat sonra yeni şəraitə uyğunlaşır. Hələb keçisinin təsərrüfat həyatı 12-15 ildir. Laktasiya dövrü 270 gündür, dərisi əlçək, çanta, ayaqqabı istehsalında, yunu isə toxuculuqda geniş istifadə olunur. Südü azyağlıdır, inək südünə nisbətən yüngül və dadlıdır. Əksəriyyət bilir ki, bütün cinsdən olan keçilərin südü tərkibinə görə ana südünə yaxındır, çünki keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riskinin olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi xüsusiyyəti bu südün əsas üstünlüklərindəndir. Keçilər digər ev heyvanlarına nisbətən xəstəliklərə çox davamlıdır. Məhz buna görə də xarici ölkələrdə keçinin yağı da müalicəvi maddə kimi geniş istifadə olunur. Həkimlərin sözlərinə görə, bu yağ uşaqlarda öskürək və bronxiti asanlıqla müalicə edir, mədə-bağırsaq xoraları, qastritə qarşı mübarizədə faydalıdır, həzm prosesini yaxşılaşdırmaqla zökəmi aradan qaldırır, qripə yoluxduqda immuniteti gücləndirir, daban şporu, duzlaşma, oynaq, diz ağrılarında, sinir iltihabında xaricə isitməklə çəkilir, nəticədə ağrıları azaldır. Keçi piyi ilə kürəyi, sinəni, boyunu masaj etmək və üzə maska qoymaq olar. Şərq ölkələrində bu yağdan müalicə məqsədilə geniş istifadə olunur.
Ailə biznesinə Hələb keçisi ilə başlayanlar deyirlər ki, cəmi bir neçə baş keçi ilə qurulan təsərrüfat qısa vaxtda özünü doğruldaraq sahibinə gəlir gətirməyə başlayır. Əti ilə yanaşı, südü də yüksək qiymətə satılır, keçi yunu uzun olduğu üçün toxucular üçün əvəzolunmazdır.
Hacıqabul rayonunun Meyniman kəndində, gənc heyvandar Cavid Mürvətli bir neçə ildir ki, Hələb keçiləri saxlayır. Onun sözlərinə görə, keçi saxlamağa marağı olanlar ilk növbədə iqlim amillərini nəzərə almalıdırlar: “Bu keçi ən kəskin istilərdə belə özünü rahat hiss edir. Uzun qulaqları bir növ sərinkeş rolu oynayır, qulaqlardan qalın damarlar keçir, hər dəfə su içəndə qulaqlar suya batır, su sərin olduğu üçün qulaqlardan keçən qan kütləsi külək vasitəsi ilə sistemli soyudulur, baş hissədən bədənə ötürülür. Bunun nəticəsində heyvanın bədən temperaturu sabit sərin qalır.
Mənim saxladığım keçilərdə laktasiya dövrü 270 gündür, süd verimi gündəlik 3-4 litrdir. İkinci, üçüncü baladan sonra südü artır. Yem kimi doğranmış ot, qüvvəli yem kimi qarğıdalı, buğda, arpa, noxud, çiyid qarışdırıb veririk. Bu, bədənin yağlanmasına ciddi təsir göstərir. Südünün yağılılığı 5,9 faizdir. Qaymaq, dondurma fabrikləri bu südə maraq göstərir. Bu cinslər üçün otarma şəraiti vacibdir, ən tikanlı kolları belə asanlıqla yeyir. Digər tərəfdən, alt çənəsinin üst çənəyə nisbətən qabağa çıxması sərt kol-kos, ağac qabıqlarını belə yeməyə yardımçı olur. Cütləşməyə yaş yarım olanda buraxılır. Çəpişlər doğulanda 4 kq-çəkidə olur, beş ay keçi südü ilə qidalanır, xəstəliklərə qarşı çox davamlıdır. Amma suya qarşı çox tələbkardır, heç vaxt çirkli su içmir, hətta günlərlə susuz qalsa da köhnə suya yaxın gəlmir. Bir neçə illik təcrübəyə əsasən deyə bilərəm ki, bu keçi saxlama xərclərinə görə də çox sərfəlidir, 1 baş keçi günə 1,5-2 kq yem yeyir, günün müəyyən hissəsi otarılarsa, xərclər dəfələrlə aşağı düşür. Bu cins üçün otarılma, hərəkət çox vacibdir. Çöldə çox yaxşı qidalanır, heyvandarın xərclərini azaldır. Eyni zamanda, hərəkət heyvanda immuniteti gücləndirir. Südün litrini isə 3 manata satırıq”.
Gənc heyvandar təcrübəsinə əsasən bildirdi ki, Hələb keçisi cüssəli olduğu üçün təkələrini bordaq şəraitində saxlamaq məsləhətdir, ətlik baxımından çox sərfəlidir, həm də əti çox ləzzətlidir. Bir sıra xəstəliklərdən əziyyət çəkən şəxslər keçi əti əvəzolunmazdır.
Müşahidələr deməyə əsas verir ki, son illər ölkəmizin fərdi heyvandarlıq təsərrüfatlarında intensiv cins keçi saxlamağa böyük maraq var, saanen, alpin, Hələb keçisinin baş sayı durmadan artır. Gələcəkdə heyvandarlar keçilərin damazlıq işinin təşkil olunmasını və nəticədə intensiv tipli təsərrüfatların sayını daha da genişləndirməyi planlaşdırırlar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024