Pambıqçılıqda yüksək və keyfiyyəti məhsul almağın əsas şərtlərindən biri də pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.
Respublikamızda pambığın əsas zərərvericiləri pambıq sovkası, tor gənəsi, payızlıq sovka, mənənə, trips, karadrina, əməköməci güvəsi və s.-dir. Düzgün planlaşdırılmış müşahidə və mübarizə sistemi pambığı təhlükəli zərərvericilərdən qorumağa imkan verir. Mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan trixoqrammadan istifadə edilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin(AXA) Abşeron Rayonlararası Bioloji Laboratoriyasının dəstəyi ilə respublikanın bütün pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan həşərat olan trixoqrammadan istifadə edilməklə bioloji mübarizə həyata keçirilib. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb. Belə ki, Ağdam rayonunda 600 ha, Ağcabədi rayonunda 700 ha, Bərdə rayonunda 820 ha, Kürdəmir rayonunda 1000 ha, Sabirabad rayonunda 600 ha, Beyləqan rayonunda 1000 ha, Saatlı rayonunda 200 ha, Biləsuvar rayonunda 260 ha, Cəlilabad rayonunda 58 ha, Ucar rayonunda 10 ha, Tərtər rayonunda 250 ha, Goranboy rayonunda 100 ha, Hacıqabul rayonunda 100 ha, Yevlax rayonunda 100 ha, Zərdab rayonunda 29 ha, Füzulu rayonunda 20 ha, İmişli rayonunda 680 ha, Ağsu rayonunda 150 ha, ümumilikdə 6678 ha sahədə bioloji mübarizə üsulu aparılıb və tədbirlər hazırda davam etdirilir.
Bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Abşeron rayonlararası bioloji laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. Buna görə də çoxaldıldığı laboratoriyanın temperatur və rütubət göstəriciləri təbii şəraitə uyğunlaşdırılıb.
Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub, 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur.
Tüfeylinin hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərazində başa çatır.
Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üç dəfə trixoqrammanın tətbiqi nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.
Trixoqrama vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılması, məhsulun maya dəyərinin aşağı salınması, keyfiyyətli və təhlükəsiz məhsul əldə olunmasıdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024