Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”
Taxıl ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm strateji məhsul sayılır. Hazırda respublikamızın hər yerində, o cümlədən dəmyə bölgələrdə gələn ilin məhsulu üçün payızlıq əkin kampaniyası aparılır. Əlbəttə, taxıl səpinində zəruri aqrotexniki tədbirlərə əməl edilmədən gələcək yüksək məhsuldarlıqdan danışmaq olmaz. Bəs, respublikamızın dəmyə bölgələrində payız əkini zamanı hansı zəruri aqrotexniki tədbirlər görülməlidir?
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov bildirib ki, payızlıq taxılların böyüməsi, inkişafı və məhsuldarlığına nizamlanmayan və nizamlanan olmaqla, iki qrup amil təsir edir. Nizamlanmayan amillərə illik yağıntıların miqdarı, Günəş radiasiyası, illik fəal temperaturun cəmi, küləyin sürəti, nizamlanan amillərə isə torpağın becərilməsi, keyfiyyətli toxum, səpin müddəti, səpin norması, gübrələrin verilməsi, alaqla mübarizə, yaşıl malanın çəkilməsi, suvarma, xəstəlik və zərərvericilərlə mübarizə, yığımın vaxtında və keyfiyyətlə başa çatdırılması daxildir.
Səpinqabağı görülən işlər sələf bitkisindən asılıdır
Atabəy Cahangirovun sözlərinə görə, payızlıq taxılların səpini üçün səpinqabağı görülən işlər sələf bitkisindən asılıdır. Belə ki, əgər sələf qara herikdirsə, o zaman payızda əmələ gələn alaqların məhv edilməsi və 7-9 santimetr dərinlikdə torpaq qatının yumşaldılması məqsədilə sahə diskli mala ilə disklənir və müəyyən bucaqla çəkilən ziqzaq mala ilə hamarlanır. Əgər sələf taxıl bitkiləri, paxlalılar və ya digər bitkilər olarsa, həmin bitkilər yığıldıqdan sonra sahə sələf qalıqlarından təmizlənir və ağır diskli mala ilə 8-12 santimetr dərinlikdə yumşaltma aparılır. Sələf bitkiləri yığıldıqdan sonra aparılan bu əməliyyat həm torpağın həddən artıq qurumasının qarşısını alır, digər tərəfdən isə torpağın üzərində olan alaq otlarının toxumlarının torpağa qarışdırılmasını təmin edir. Nəticədə avqust və sentyabr aylarında yağan ilk yağışlardan sonra alaq otları bərabər və tez cücərir. Əgər sələf bitkisi paxlalılar olarsa, həmin sahələrdə ikinci dəfə ağır diskli mala (birinciyə nəzərən meylli olmaqla) və ehtiyac olarsa, ziqzaq mala (səpin aparılacaq istiqamətə meylli) çəkilərək səpin aparılır. Sələf bitkisi taxıllar və ya digər bitkilər olarsa, belə sahələrdə aparılacaq sonrakı səpinqabağı proseslər iqlim şəraitinin gedişindən asılıdır. Belə ki, ilk yağışlardan sonra səpinə kifayət qədər vaxt qalarsa (30-40 gün) o zaman sahəni çox dərin olmamaqla (17-22 sm) şumlamaq mümkündür. Belə sahələrdə şumda kəsəklərin ölçülərindən və ovxalanma dərəcəsindən asılı olaraq, səpinqabağı ağır mala, diskli mala və ya ziqzaq mala çəkərək, səpini həyata keçirmək lazımdır.
Əgər ilkin yağıntılar gecikərsə və səpinə az müddət qalarsa, o zaman taxıl və ya digər sələf bitkilərdən sonra da payızlıq səpin aparmaq üçün paxlalı bitki sələflərində olduğu kimi, sahəyə ikinci dəfə ağır diskli mala, ehtiyac olarsa, ziqzaq mala (səpin aparılacaq istiqamətə meylli olmaqla) çəkilir və səpin aparılır.
Səpin müddəti dəniz səviyyəsindən yüksəkliyə görə dəyişir
Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru deyib ki, Dağlıq Şirvan bölgəsində səpin müddəti dəniz səviyyəsindən yüksəkliyə görə dəyişir: “Belə ki, dəniz səviyyəsindən 1000 metrdən yuxarıda sentyabrın 20-dən, 800-1000 metr yüksəklikdə oktyabrın 1-dən, 800 metrədək yüksək ərazilərdə isə oktyabrın 20-dən sonra səpin aparılması məqsədəuyğundur. Bu bölgədə səpin müddəti iqlim şəraitinin gedişindən asılı olaraq müəyyən qədər dəyişə bilər”.
Mütəxəssisin sözlərinə görə, yüksək məhsul alınması üçün bölgənin torpaq iqlim şəraitinə uyğun olan, biotik (xəstəlik və zərərvericilər) və abiotik (quraqlıq, şaxta, qış, külək, yüksək temperatur və s.) amillərə davamlı sortlar seçilməli və mənşəyi məlum olan, tam təmizlənərək kondisiyaya çatdırılmış sertifikatlı toxum materialı götürülməlidir. Toxum sürmə və digər göbələk xəstəliklərinə qarşı müvafiq funqisidlərlə dərmanlanmalıdır. Əgər əkin ərazisi torpaq zərərvericiləri ilə sirayənibsə, o zaman toxumun funqisidlə yanaşı, həm də insektisidlə işlənilməsi məqsədəuyğundur. Dağlıq Şirvan bölgəsində səpin adi cərgəvi üsulla, cərgəarası məsafə 15 santimetr olmaqla aparılır.
Bölgə üçün hansı sortlar daha sərfəlidir?
Atabəy Cahangirov bildirib ki, bölgənin nəmliklə təmin edilmə dərəcəsinə görə səpin üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış sortlardan istifadə etmək olar. Nəmliklə təmin olunmamış dağlıq dəmyədə “Qobustan”, “Aran”, “Qızıl buğda”, “Ləyaqətli 80”, nəmliklə qismən təmin olunmuş dəmyədə “Aran”, “Ləyaqətli 80”, “Qızıl buğda”, “Qobustan”, nəmliklə tam təmin olunmuş dəmyədə “Aran”, “Qızıl buğda”, “Qırmızıgül 1”, “Qobustan”, “Ləyaqətli 80” sortlarını əkmək tövsiyə edilir. Hər üç tip dəmyədə isə arpanın “Dəyanətli” və “Qüdrətli 48” sortları əkilə bilər.
Payızlıq buğdanın səpin norması və istifadə olunan gübrənin miqdarı gözlənilməlidir
“Payızlıq buğdanın səpin norması əkilən sortdan asılı olaraq buğda üçün hektara 180-220, arpa üçün isə hektara 140-160 kiloqram təşkil edir”, - deyən direktor vurğulayıb ki, torpağın aqrokimyəvi tərkibindən və sələf bitkisindən asılı olaraq payızlıq taxıl altına səpinqabağı hər hektara fiziki çəkidə 300-400 kiloqram dənəvər superfosfat və 100-120 kiloqram kalium sulfat verilərək torpağa qarışdırılmalıdır. Əgər sahəyə səpindən əvvəl gübrə verilməyibsə, o zaman səpinlə birlikdə yenə sələfdən asılı olaraq hər hektara fiziki çəkidə 100-200 kiloqram ammofos və ya nitroammofoska gübrəsinin verilməsi lazımdır. Vegetasiya ərzində verilməsi planlaşdırılan azot gübrəsinin 20-25 faizinin kompleks mineral gübrələrlə verilməsi təmin olunmalıdır.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024