Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamənin təsdiqlənməsi barədə Fərman imzalayıb.
Fərmanda Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyi haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 21 may tarixli
Fərmanı ilə
təsdiq edilmişdir
Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri (bitki sortları), toxumçuluq, siyahısını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri (bitki sortları), toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
1.3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələri yerinə yetirərkən və hüquqları həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait, kreditlər, qrantlar, ianələr və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.
2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, epizootiya əleyhinə tədbirlər görülməsi sahələrində dövlət baytarlıq xidmətlərinin təşkilini və idarə edilməsini həyata keçirir;
2.0.2. bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar, o cümlədən aqrokimyəvi xidmətlərin təşkilini və idarə edilməsini həyata keçirir;
2.0.3. seleksiya nailiyyətlərinin (bitki sortlarının) ekspertizasını, sınağını, qeydiyyatını və mühafizəsini təmin edir;
2.0.4. kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsinin və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
2.0.5. kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasını, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirir, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan qəbulu və sürücülük vəsiqələrinin verilməsi ilə bağlı fəaliyyəti təmin edir;
2.0.6. Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin və tabeliyindəki qurumların fəaliyyətini bu Əsasnamənin 2.0.1 – 2.0.5-ci yarımbəndlərində nəzərdə tutulan sahələrdə (bundan sonra - müvafiq sahə) əlaqələndirir, göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edir.
Agentliyin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
3.0.1. heyvandarlıq sahəsində istehsalın və məhsuldarlığın artırılması məqsədilə dövlət baytarlıq xidmətləri göstərilməsini təşkil etmək;
3.0.2. ölkədə heyvan sağlamlığı, heyvan xəstəliklərinin profilaktikası və ləğvi ilə bağlı tədbirlərin yerinə yetirilməsini təmin etmək, diaqnostika, müalicə, profilaktika və epizootiya əleyhinə tədbirləri həyata keçirməklə mal-qaranı və başqa heyvanları (xəzdərililəri, quşları, balıqları, arıları, vəhşi heyvanları və s.) xəstəliklərdən qorumaq, bu istiqamətdə bioloji, kimyəvi və digər baytarlıq preparatlarının tətbiqini həyata keçirmək;
3.0.3. heyvandarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, tədarükü, saxlanması və satışı obyektlərində, diri heyvan satışı bazarlarında, sərgi və yarmarkalarda, fermadaxili və fermaətrafı ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, zooparklarda, heyvanların köç yolları düşərgələrində, heyvanların suvarma mənbələrində heyvan sağlamlığının qorunması məqsədilə lazımi müayinə, müalicə, profilaktika, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərini həyata keçirmək;
3.0.4. heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin, o cümlədən dəmir yolunda yük vaqonlarının, konteynerlərin baytarlıq-sanitariya təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin nəqliyyat vasitələrinin dezinfeksiyasını həyata keçirmək;
3.0.5. heyvan sağlamlığına, heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.0.6. heyvanlarda yoluxucu xəstəliklər müəyyən edildikdə və ya belə xəstəliklərin baş verməsi təhlükəsi yarandıqda, baytarlıq nəzarəti funksiyalarını həyata keçirən orqana məlumat vermək, xüsusi təhlükəli heyvan xəstəlikləri aşkar edilən, karantin qoyulan yerlərdə qoruyucu karantin və digər baytarlıq tədbirlərini həyata keçirmək;
3.0.7. heyvanların xəstəliklərdən qorunması üçün lazımi bioloji preparatlara, ləvazimatlara, alətlərə, müalicə, dezinfeksiyaedici və digər vasitələrə olan illik tələbatı müəyyənləşdirmək və bu barədə Nazirliyə təkliflər vermək, həmçinin xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyatını yaratmaq;
3.0.8. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara səlahiyyəti daxilində əməl edilməsini təmin etmək;
3.0.9. heyvanların müayinəsi, müalicəsi və heyvan xəstəliklərinin profilaktikası sahəsində uçot və hesabatların aparılmasını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (bundan sonra – EKTİS) vasitəsilə təmin etmək;
3.0.10. bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında müayinələr, müşahidələr aparmaq, profilaktika və bitki mühafizəsi xidmətlərini həyata keçirmək;
3.0.11. fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında ölkə ərazisində bitkilərdə zərərverici və xəstəliklərin, alaq otlarının əmələgəlmə səbəblərinin, onların sirayətlənmə arealının və dərəcəsinin, aparılacaq mübarizənin formasının və həcminin müəyyənləşdirilməsi məqsədilə müşahidələr aparmaq, habelə növbəti il üçün zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı mübarizəyə dair proqnozlar hazırlamaq;
3.0.12. fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında karantin nəzarətində olan materialların idxalı, ixracı, təkrar ixracı, tranziti və digər gömrük rejimləri altında yerləşdirilməsi zamanı, eləcə də bitkiçilik məhsullarını daşıma vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlərin, digər zərərvericilərin zərərsizləşdirilməsi tədbirlərini həyata keçirmək;
3.0.13. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr (arayışlar) vermək;
3.0.14. pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin və onların qablarının toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin qablaşdırılaraq daşınması və zərərsizləşdirilməsi məsələlərində aidiyyəti dövlət orqanları və qurumları ilə birgə fəaliyyət göstərmək;
3.0.15. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmə təhlükəsi müəyyən edildikdə, karantin məhdudiyyət tədbirlərinin, o cümlədən bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün fitosanitar nəzarəti funksiyalarını həyata keçirən orqana və digər aidiyyəti dövlət orqanlarına müraciət etmək;
3.0.16. kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aqrokimyəvi tədqiqat işlərinin aparılmasının təşkilini, sahələrə aqrokimyəvi pasportlar verilməsini və kartoqramların hazırlanmasını həyata keçirmək;
3.0.17. fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında regional aqrokimya laboratoriyalarında torpaq, suvarma suyu və bitki orqanlarında aqrokimyəvi analizlər aparmaq və nəticələrinə dair müvafiq arayışlar vermək;
3.0.18. kənd təsərrüfatı bitkilərinin sortlarının yeniliyə görə ekspertizasını keçirmək, fərqliliyə, oxşarlığa və sabitliyə görə sınağını aparmaq, ekspertiza və sınaq nəticələri əsasında bitki sortlarının qeydiyyata alınmasını EKTİS vasitəsilə təmin etmək;
3.0.19. seleksiya nailiyyətlərinə (bitki sortlarına) patent və müəlliflik şəhadətnaməsi vermək, EKTİS vasitəsilə seleksiya nailiyyətlərinin (bitki sortlarının), həmin seleksiya nailiyyətindən istifadə üçün bağlanmış lisenziya müqavilələrinin dövlət reyestrini aparmaq, qanunla müəyyən edilmiş hallarda seleksiya nailiyyətlərinin (bitki sortlarının) əlavə sınağını keçirmək;
3.0.20. dövlət reyestrində qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş bitki sort və hibridlərinin istehsalının və satışının qarşısının alınması üçün tədbirlər görmək;
3.0.21. patent sahiblərinin və müəlliflərin hüquqlarının qorunması sahəsində “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməsini təmin etmək;
3.0.22. toxumçuluq subyektlərinin uçotunu və attestasiyasını həyata keçirmək, fəaliyyətini əlaqələndirmək və onların “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməsinə nəzarət etmək;
3.0.23. toxum və əkin materiallarının istehsalı üçün əlverişli ərazilərin və əkinlərin toxumçuluğa yararlılığını müəyyən etmək, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları vermək;
3.0.24. dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı toxumlarının nəzarət sınağını (qrunt nəzarəti) aparmaq;
3.0.25. aprobatorların hazırlanmasını, onların ixtisasının artırılmasını, attestasiyasını və toxumluq əkinlərin aprobasiyasını təşkil etmək;
3.0.26. qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarını çıxdaş etmək və onların toxumluq məqsədilə satışının qarşısını almaq;
3.0.27. toxum və əkin materialları istehsalçılarını aidiyyəti texniki normativ hüquqi aktlarla təmin etmək;
3.0.28. kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatına alınmasını, dövlət texniki baxışının keçirilməsini təmin etmək;
3.0.29. traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanlar keçirmək, müvafiq sürücülük vəsiqəsinin verilməsini və dəyişdirilməsini təmin etmək;
3.0.30. kənd təsərrüfatı texnikasının ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını və daşınar əmlakın rəsmi reyestrindən çıxarışın verilməsini təmin etmək;
3.0.31. dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasına dövlət qeydiyyat nişanları və dövlət qeydiyyat şəhadətnamələri vermək, dövlət qeydiyyat nişanlarına görə EKTİS-in tərkibində onların elektron informasiya ehtiyatının yaradılmasını və aparılmasını təmin etmək;
3.0.32. dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının istismarı qaydalarının pozulmasının qarşısını almaq üçün tədbirlər görmək, baş vermiş pozuntuların aradan qaldırılmasını hüquqi və fiziki şəxslərdən tələb etmək;
3.0.33. texniki vəziyyəti qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən, dövlət qeydiyyatına alınmayan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməyən kənd təsərrüfatı texnikasının istismarını qadağan etmək;
3.0.34. müvafiq sahədə hüquqi və fiziki şəxslərə, habelə dövlət və yerli özünüidarəetmə orqanlarına ödənişli və ödənişsiz xidmətlərin bilavasitə, səyyar və ya elektron qaydada göstərilməsini təşkil etmək, həmin xidmətlərin operativlik, şəffaflıq, məsuliyyət, nəzakətlilik, rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət etmək;
3.0.35. müvafiq sahədə aqrotexniki xidmətlər göstərmək, özəl aqroservislərin yaradılması və onların fəaliyyətinin genişləndirilməsi məqsədilə maarifləndirmə işi aparmaq;
3.0.36. fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.37. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.0.38. müvafiq sahədə qanunvericiliyin tələblərinin yerinə yetirilməsi istiqamətində tədbirlər görmək və (və ya) pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti dövlət orqanları və qurumları qarşısında məsələ qaldırmaq;
3.0.39. Agentliyə ayrılan dövlət vəsaitindən və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, müvafiq sahə ilə bağlı investisiya layihələri və xərc smetaları tərtib edib Nazirliyə təqdim etmək;
3.0.40. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.41. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
3.0.42. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.0.43. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.0. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
4.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, monitorinqlər, müşahidələr, qiymətləndirmələr aparmaqla sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
4.0.2. ölkədə özəl baytarlıq xidməti müəssisələri vasitəsilə baytarlıq xidmətlərinin təşkilini dəstəkləmək;
4.0.3. torpaq istifadəçilərinin aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlər görmələrinə, bitki mühafizəsi vasitələrinin istifadəsi reqlamentinə riayət etmələrinə dair təlimlər, monitorinqlər keçirmək; ölkə ərazisində kənd təsərrüfatı əhəmiyyətli bitkilər üzrə inteqrir mübarizə tədbirlərinin sxemlərinin hazırlanmasını, öyrənilməsini və tətbiqini stimullaşdırmaq;
4.0.4. sortluq və səpin keyfiyyətlərini müəyyən etmək üçün toxum və bitki mənşəli məhsullardan nümunələr götürmək və onları təhlil etmək;
4.0.5. dövlət, yerli və sığorta toxum fondlarının və dövlət sort-sınaq məntəqələrinin, toxumçuluq üzrə müəssisə, təşkilat və laboratoriyaların yenidən qurulması, yaradılması və ya ləğvi üçün Nazirliyə təkliflər vermək;
4.0.6. toxum bazarının konyunkturunu öyrənmək və təhlil etmək, toxumçuluqla bağlı sərgilər və hərraclar keçirmək;
4.0.7. bitkilərin sort və hibridlərinin sınağı, qeydiyyatı, mühafizəsi və toxumların sertifikatlaşdırılması üzrə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;
4.0.8. müvafiq sahədə hüquqi və fiziki şəxslərə tövsiyə, eləcə də məsləhətlər vermək, funksional yardımçı xidmətlər təşkil etmək;
4.0.9. fəaliyyət sahəsinə dair hüquqi aktların layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;
4.0.10. fəaliyyət sahəsi ilə əlaqədar müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək, fəaliyyətinə dair analitik materiallar hazırlamaq, aidiyyəti üzrə təkliflər təqdim etmək;
4.0.11. müstəqil ekspertləri və mütəxəssisləri, elmi təşkilatları öz fəaliyyətinə cəlb etmək;
4.0.12. fəaliyyəti ilə bağlı əhali arasında maarifləndirmə işlərini təşkil etmək və həyata keçirmək, müvafiq sahə üzrə təlimatların, qaydaların, uçot və hesabat formalarının, bülletenlərin, habelə digər maarifləndirici materialların çap edilməsini və ya kütləvi informasiya vasitələri ilə məlumatlar verilməsini təmin etmək;
4.0.13. müvafiq sahədə layihələrin həyata keçirilməsi və dəstək tədbirlərinin tətbiqi ilə əlaqədar beynəlxalq müqavilələrin bağlanması və fəaliyyəti ilə bağlı digər məsələlər barədə Nazirliyə təkliflər vermək;
4.0.14. fəaliyyət istiqamətləri üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlara, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.15. fəaliyyət istiqamətləri üzrə beynəlxalq tədbirlərdə iştirak etmək, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq çərçivəsində müvafiq qabaqcıl və innovativ təcrübələri öyrənmək və tətbiq etmək;
4.0.16. müvafiq sahədə ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması fəaliyyətində iştirak etmək;
4.0.17. elmi tədqiqat müəssisələrinin, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin, dövlət və yerli özünüidarəetmə orqanlarının iştirakı ilə fəaliyyət istiqamətlərinə uyğun elmi-praktiki konfranslar, seminarlar keçirmək;
4.0.18. Agentliyin idarə etdiyi layihələrlə bağlı elmi tədqiqat və təcrübə-sınaq işlərinin görülməsi, təhlili, təkliflər hazırlanması və xidmətlər göstərilməsi üçün işçi qruplar, komissiyalar yaratmaq, müqavilə əsasında elmi tədqiqat və təhsil müəssisələrini, digər hüquqi şəxsləri, habelə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;
4.0.19. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5.1. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr rəhbərlik edir.
5.2. Agentliyin sədri Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Agentlik sədrinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.
5.4. Agentlik sədrinin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
5.5. Agentliyin sədri:
5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;
5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.5.4. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.5. Agentlik sədrinin müavinləri və Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmə rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması, eləcə də onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
5.5.6. Agentliyin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir;
5.5.7. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
5.5.8. Nazirliyin iş planında və qərarlarında, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmr, sərəncam və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
5.5.9. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
5.5.10. digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;
5.5.11. Agentliyin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;
5.5.12. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, vəsait həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
5.5.13. Agentlik fəaliyyət istiqamətlərinə uyğun olaraq elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024