• Ana səhifə
  • Xəbərlər
  • Qarabağın məşhur üzüm sortları müasir üsullara tədqiq olunur və çoxaldılır
Qarabağın məşhur üzüm sortları müasir üsullara tədqiq olunur və çoxaldılır

Qarabağın məşhur üzüm sortlarından olan “Xindoqnı” üzüm sortu bərpa olunub və müasir üsullarla öyrənilir. Bununla əlaqədar olaraq Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarına, fermer və ev təsərrüfatlarına baş çəkərək “Xindoqnı” üzüm sortunu müəyyən ediblər. Əkin materialı tədarük etmək üçün davamlı tədqiqatlar həyata keçirilib. Müəyyən edilib ki, Xocavənd rayonunun Tuğ kəndində 7 ha, Beyləqan rayonunda köhnə üzüm bağlarında isə (keçmiş Mil Üzümçülük Sovxozu, Daşburun qəsəbəsi) 0,6 ha sahədə “Xindoqnı” üzüm sortu hələ də əkilib becərilir. Eyni zamanda ÜŞETİ-nin Gəncə Təcrübə Stansiyasının təsərrüfatında 0,6 ha və Abşeron Təcrübə Təsərrüfatının kolleksiya bağında isə 1,0 ha sahədə “Xindoqnı” sortu bərpa edilib artırılıb. Mövcud tənəklərdən əldə olunacaq əkin materialları və çiliklər “fillokseraya davamlı calaq tingləri”nin yetişdirilməsinə imkan verir.

“Xindoqnı” sortunun bioloji və genetik  təmizliyinin və mənşəyinin qorunub saxlanılması, yaxşılaşdırılması məqsədilə populyasiyasının morfoloji, bioloji, texnoloji müxtəlifliyi öyrənilib. Eyni zamanda sortun irsi əlamətlərini özündə əks etdirən biotiplər müəyyən edilib və etiketlənib. Sabit irsi xüsusiyyətlərə malik olan bu üzüm sortunun genetik identifikasiyası və molekulyar genetik analizlərinin aparılması məqsədilə nümunələr Almaniyanın Üzümçülük İnstitutuna (Institut für Rebenzüchtung Geilweilerhof) göndərilib. Əldə olunan nəticələr dürüstləşdirldikdən sonra sortlar haqqında genetik məlumatlar Vitis-Beynəlxalq Sort Kataloquna (VİVC, Almaniya) daxil ediləcək. Bu isə,  yerli üzüm genotiplərinin, o cümlədən “Xindoqnı”nın  genom quruluşunun müəyyən edilməsi ilə onlara qarşı xarici ölkələrin, xüsusən də bədnam qonşularımızın məkirli iddialarına elmi baxımdan son qoyulacaq və sortlarımızın mənimsənilməsinin qarşısını alınacaqdır.

“Xindoqnı” sortu respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir.

 “Xindoqnı” sortundan çəhrayı süfrə şərabı – “Gişi”, yaxud “Xindoqnı”, “Hadrut”; qırmızı süfrə şərabı – “Qarakənd”, “Xocavənd”; markalı qırmızı şərab – “Qızılqaya”, portveyn şərablardan – “Çəhrayı portveyn”, “Qırmızı portveyn”, “Çartar”;  markalı çərəz şərblardan – “Qarabağ-qırmızı”; Xindoqnı və Tavkveri üzüm sortlarının qarışığından – “Qobustan” adi qırmızı süfrə şərabı; Xindoqnı, Mədrəsə, Tavkveri üzüm sortlarının qarışığından – “Ağsu”, “Şahdağ” kəmşirin şərabları; Xindoqnı və Mədrəsə sortlarının qarışığından – “Azərbaycan portveyni (qırmızı)” və s. adla yüksək keyfiyyətli müxtəlif növ şərablar istehsal edilib. Bu şərablar nəinki respublikada, hətta xarici ölkələrdə də məhşur olub. Qırmızı üzüm sortlarından intensiv rəngli şərab almaq üçün gilədə antosian maddələrinin texnoloji ehtiyatı bol olmalıdır. “Mədrəsə” və “Xindoqnı” üzüm sortlarında bu ehtiyat 600 mq/l həcmində olur. Bu isə ən yaxşı göstəricidir.