Ölkədə xüsusi karantin rejiminin həyata keçirildiyi indiki dövrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
2020-ci ilin yanvar ayından Qax rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra rayon ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, dabaq, bruselyoz, leptespiroz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, bruselyoz, çiçək, donuzlar arasında qarayara, klassik taun, itlər və vəhşi heyvanlar arasında quduzluq və quşlar arasında nuykasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Qax rayonunun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilib. Ümumiyyətlə, Qax rayonunu əhatə edən təsərrüfatlarda 26433 baş (o cümlədən 3723 baş cavanlarda) iribuynuzlu, 63032 baş xırdabuynuzlu, 1168 baş təkdırnaqlı heyvanda və 2126 baş donuzda qarayara, 39752 baş (o cümlədən 3422 baş cavanlarda) iribuynuzlu, 58927 baş xırdabuynuzlu heyvanda dabaq, 2279 baş donuzda taun, 3949 baş iribuynuzlu heyvanda leptezpiroz, 3818 baş it və 5600 baş vəhşi heyvanda quduzluq, 22275 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 76919 (o cümlədən 9644 baş cavanlarda) baş xırdabuynuzlu heyvanlarda çiçək, 1719 baş iribuynuzlu (“Şt-19” ştammı ilə), 50684 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 199617 baş körpə cücələrdə (La-sota) və 196209 baş quşlarda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin bruselyoz və epididimit xəstəliklərini aşkara çıxarmaq məqsədi ilə heyvanlardan qan nümunələri götürülür. Belə ki, 40 baş iribuynuzlu və xırdabuynuzlu heyvandan, 1362 baş qoçdan bruselyozun və 1362 baş qoçdan epdidimitin müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.
Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində 1800 quşda askaridioza, 1150 baş iribuynuzlu və 1525 baş xırdabuynuzlu heyvanlarda diktikaulyoza, 1200 baş iribuynuzlu və 2125 baş xırdabuynuzlu heyvanda fassilyoza, eləcə də 2125 baş xırdabuynuzlu heyvanda tizaniezioza və monezioza görə koproloji müayinələr aparılıb.
Hazırda Qax rayonunda iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndləmə, eləcə də cavan iribuynuzlu heyvanlarda qarayara əleyhinə vaksinasiya tədbirləri davam etdirilir.
Müvafiq dövr ərzində Qax rayonunda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya və deratizasiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 2308 obyektin 33165 kvadratmetr sahəsində profilaktik, 1634 obyektin 39380 kvadratmetr sahəsində məcburi dezinfeksiya və 4 obyektin isə 200 kvadratmetr sahəsində deratizasiya işləri həyata keçirilib.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Qeyd edək ki, kənd təsərrüfatı heyvanlarının xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq 2020-ci ildə GMP və biotəhlükəsizlik standartlarına cavab verən yüksək keyfiyyətli peyvənd vasitələrindən istifadə edilib. Belə ki, əvvəllər qarayara xəstəliyinə qarşı Şt-55 vaksininin quru forması işlədilirdi ki, bu zaman da onun istifadə olunmasında biotəhlükəsizlik tələblərinə riayət olunması çətinlik yaradırdı. Bunu nəzərə alaraq cari ildə Şt-55 vaksininin 30%-li qliserin məhlulunda hazırlanmış maye formasına üstünlük verilib. Həmçinin, dabaq əleyhinə iri və xırdabuynuzlu heyvanlarda tətbiq olunan vaksinlərin də yüksək keyfiyyətli yağ tərkibli Türkiyə istehsalı olan seriyalarından alınması təmin edilib.
Məlumat üçün onu da qeyd edək ki, rayon (şəhər) baytarlıq idarələri lazimi miqdarda bioloji və dərman preparatlarla təmin olunmaqla, peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilməklə, yəni +2÷+8 °C-də temperatur rejimində saxlayan termoçamadanlar vasitəsi ilə sahələrə çatdırılmaqla heyvanlara tətbiq edilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024