Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə \"Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı\"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.
Hazırda Dövlət Baytarlıq Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsi 2019-cu ilin tədbirlər plana uyğun olaraq rayonda heyvanlar arasında profilaktik peyvəndləmələrə başlayıb. Peyvənd vasitələri baytarlıq tədbirlərinin səmərəli və keyfiyyətlə aparılması üçün “soyuq zəncir” rejimi gözlənilməklə sahələrə termocamadanla daşınır və heyvanlara təmənnasız olaraq tətbiq edilir. İlin əvvəlindən başlayaraq iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Bundan başqa iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınır. Həmçinin sahibli ev itlərində quduzluğa qarşı profilaktik tədbirlər aparılır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri həyata keçirilir. Hazırda baytar həkimlər tərəfindən bu tədbirlər ardıcıl şəkildə davam etdirilir. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi “Gilan Dairy Farms” kökəltmə fermasına məxsus olan təsərrüfatda 250 baş və ayrı-ayrı şəxsi təsərrüfatlarda 1000 başdan artıq iribuynuzlu heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb, 350 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülərək laboratoriyaya göndərilib və 520 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb.
Həmçinin Gürcüstan Respublikasında insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilib və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılıb. Belə tədbirlərdən biri də Qəbələ rayonun Nic kənd sakinləri Undalov Armenaka məxsus 42 baş və Dingilisi Razmikə məxsus 21 baş donuz saxlanılan təsərrüfatlarda icra edilib. Baytarlıq mütəxəssisləri ilkin olaraq təsərrüfatlarda saxlanılan donuzlara kliniki baxış keçiriblər. Kliniki müayinə zamanı donuzların heç birində infeksion xəstəliyin əlamətləri aşkar edilməyib. 3 aydan yuxarı donuzlarda isə qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Eləcə də donuzlar saxlanılan ərazilərin mexaniki təmizliyindən sonra 105 kvadratmetr sahədə profilaktik dezinfeksiya və dezinseksiya işləri icra edilib.
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və “donuz qripi” xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə ediblər. Həmçinin təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıxı əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.
Bundan sonra isə Qəbələ rayonunda epizootik plana uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərinin aparılması yerinə yetiriləcəkdir. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024