Ölkəmizdə zəngin ənənələri olan toxumçuluq bazalarından biri də Qobustan Bölgə Təcrübə Stansiyasıdır. 1950-ci ildən fəaliyyət göstərən stansiya Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əsas bazalarından biri olmaqla seleksiya və toxumçuluq istiqamətində fəaliyyət göstərir. Stansiyada hər il 350-400 tona qədər rayonlaşmış elit reproduksiyalı yumşaq buğda, arpa, noxud sortlarının toxumları istehsal olunaraq Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir.
Burada alimlər tərəfindən dəmyə şəraiti üçün yaradılmış buğdanın “Qobustan”, “Ləqayətli 80”, “Ruzi 84”, “Baba 75” sortlarının, arpanın isə “ Qüdrətli 48”, “Dəyanətli” sortları geniş əkin sahəsinə malikdir.
Stansiyanın direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov həyata keçirilən elmi-tədqiqat işləri barədə məlumat verib: “Stansiyada fasiləsiz olaraq seleksiyada istifadə məqsədilə dənli və dənli-paxlalı bitkilərin quraq dağlıq dəmyə şəraitinə uyğun yerli və dünya genofondunun toplanması, dənli paxlalı bitkilərin yüksək məhsuldar, keyfiyyətli, quraqlığa, soyuğa, xəstəliklərə davamlı sort və hibridlərinin yaradılması istiqamətində seleksiya işləri aparılır. Quraq dəmyə əkinçiliyində müxtəlif rotasiyalı növbəli əkin sistemlərinin, yeni taxıl sortlarının yüksək məhsuldarlığını və keyfiyyətini təmin edən becərmə texnologiyalarınının işlənib hazırlanması və fermer təsərrüfatlarında tətbiqi əsas işlərdəndir. Eləcə də rayonlaşmış taxıl və dənli-paxlalı bitkilərin ilkin toxumçuluğunun təşkili, yüksək kondisiyalı orijinal, super-elit və elit toxumlarının istehsalı həyata keçirilir”.
Atabəy Cahangirov əlavə edib ki, dəmyə şəraitində yeni sort və texnologiyalardan ibarət nümayiş əkinlərinin təşkili, tarla günlərinin keçirilməsi və informasiya-yayım xidmətlərinin göstərilməsi isə stansiyanın daimi iş prinsiplərinə daxildir: “Stansiyanın fəaliyyət istiqamətləri mövcud qlobal iqlim dəyişiklikləri fonunda özünü bir daha doğruldur. Məsələn, gəlin builki təsərrüfat ilində müşahidə olunmuş iqlim amillərinin üzərində dayanaq. Bu il Dağlıq Şirvan bölgəsində taxılçılıq üçün kəskin hava şəraiti müşahidə olundu. Düşmüş yağıntıların ümumi həcmi 160 mm təşkil etdi, bu isə dəmyə bölgələrində taxılçılqı üçün yetərli olmadı. Buna baxmayaraq aqrotexniki qaydalara vaxtında əməl olunması, sortların düzgün seçilməsi, zərərverici və xəstəliklərə qarşı mübarizənin təşkili sahələrdə məhsul itkisinin qarşısının alınmasına imkan verdi. Lakin bütün bu pereventiv addımların atılması il ərzində aparılan elmi tədqiqat işlərindən birbaşa asılıdır”.
Qeyd edək ki, sahələrdə biçini gedən sortların məhsuldarlığı 31-37 sentiner təşkil edir ki, dəmyə şəraiti üçün əlverişsiz iqlim amillərinin fonunda bu göstərici qənaətbəxş sayıla bilər. Qobustan Bölgə Təcrübə Stansiyasında builki məhsul üçün 302 hektarda müxtəlif buğda və arpa sortlarının toxumçuluğu təşkil olunub. Bunun 212 hektarı orjinal və elit toxumçuluq sahələri, 75 hektarı dənli-paxlalı, 15 hektarı təcrübələr və toxumçuluğun ilkin manqalarıdır. Eyni zamanda, üç minə yaxın buğda, üç yüzə yaxın arpa genotipi müxtəlif mərhələdə öyrənilir. Xaricdən alınmış 500 nümunə üzərində də ilkin sınaqlar aparılır. Bununla yanaşı, növbəli əkinlər üçün vacib olan yem noxudunun 65 hektarda təcrübələri aparılır, 10 hektarda ərzaq noxudunun toxumçuluğu təşkil olunub. Ötən il stansiya tərəfindən 431 ton orjinal, super-elit, elit toxumlar istehsal olunaraq bölgü əsasında özəl toxumçulara paylanıb.
“Hazırda nəmliklə təmin olunmamış dəmyə bölgələrdə su itkisinin qarşısının alınması, stress faktorlarına qarşı davamılı sortların tətbiqi ən vacib məsələlərdəndir. Bu mənada, toxum və artırma pitomniklərində gələcəkdə fermerlərə veriləcək toxumların genetik sağlamlığının təmin olunması xüsusi əhəmiyyət daşıyır. Toxumçular unutmamalıdırlar ki, biçin qaydalarının düzgün təşkili sağlam toxumlarla təminatda vacib mərhələdir. Bu qaydalara özəl toxumçular da xüsusi diqqət göstərməlidirlər. Belə ki, əgər təsərrüfatda bir neçə reproduksiyalı toxum əkilibsə, o zaman aşağı reproduksiyalı sahələrin biçinindən başlayaraq yuxarı reproduksiyalı toxumlara keçmək lazımdır. Daha sadə dillə desək, elit sortlar biçilərək başa çatdırılır, kombaynlar tam təmizləndikdən sonra super - elit sortların biçini başlayır. Daşımaya da xüsusi diqqət yetirmək lazımdır. Hər bir sort ayrıca yük nəqliyyatı vasitələri ilə daşınaraq xırmanda ara məsafələri saxlamaqla yerləşdirilməlidir. Bəzən bir çox toxumçuların xırmanlarında sort qarışığı baş verir ki, bunun da səbəbi ara məsafələrinin düzgün təyin olunmamasıdır”, - deyə Atabəy Cahangirov vurğulayıb.
Stansiyanın seçmə pitomniklərində gedən işlər haqqında danışan A.Cahangirov bildirib ki, toxumçuluğun ən maraqlı hissəsi burada təşkil olunub. Sınaq məqsədi ilə əkilmiş sünbüllərin əllə biçilməsi və dərz döyəndə döyülməsi işi xüsusi diqqətlə aparılır. Pitomniklərdə ailələr- müxtəlif genetik göstəricilərə malik olan sünbüllər qiymətləndirilir, vegetasiya mərhələlərində morfoloji xüsusiyyətləri təhlil olunur.
Qobustan BTS-in sahələrində gedən biçin prosesini izləmək, təcrübələri artırmaq məqsədilə stansiyaya tez-tez özəl toxumçular baş çəkirlər. Qobustanda təcrübəli toxumçu, “Əmək” ordenli Soltanpaşa Məlikov bildirib ki, hər biçin mövsümündə stansiyanın sahələrinə baş çəkir, burada lazımi məsləhətlər alır, biçinə hazırlaşırlar: “Hava şəraiti taxılçılıq üçün əlverişsiz keçsə də sahələrdən 35-38 sentiner gözləyirik. Hələlik biçinə başlamamışıq, 50 hektar elit “Qobustan”, 18 hektar “Dəyanətli” arpa sortu əkmişəm. 420 hektar isə “Qızıl buğda” sortlu sahələrimiz var. Mütəxəssislərin məsləhətləri ilə itkilərdən qaçmaq üçün xüsusi gübrələmə tədbirləri həyata keçirdik. Belə ki, səpinlə birgə hektara 200 kq ammafoska gübrəsi, martda və apreldə isə 110 kq azot gübrə normasını əməl etmişik. Bizim bölgəmizdə alaqlara qarşı mübarizə çox vacibdir. Məsələn, bu il vələmir çox yayılmışdı, optimal vaxtda herbisid tətbiq edərək sahələrdə barəbər çıxışı təmin etdik”.
Aprobatorların sahələrini yüksək qiymətləndirdiyini deyən toxumçu fermer yaxın günlərdə biçinə başlayacaqlarını və yüksək məhsuldarlıq gözlədiklərini vurğulayıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024