Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Qobustan Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə Qobustan rayonunda “Dəmyə şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi”nə həsr edilmiş respublika müşavirəsi keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının alim və mütəxəssislərilə yanaşı, bölgənin fermerləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbər və mütəxəssisləri iştirak ediblər.
Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov çıxışında cari təsərrüfat ilində biçinin gedişatı, qarşıda duran vəzifələr barədə çıxış edib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai taxılçılığa dair tədqiqat prioritetləri və taxıl yığımının vaxtında, itkisiz başa çatdırılması üçün qarşıda duran vəzifələr barədə danışıb. Taxılçılıq sahəsinin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrindən biri olduğunu, bu sahədə qarşıda duran həlli vacib məsələlər, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında və rəqabətqabiliyyətli məhsul istehsalında elmi-tədqiqat institutlarının, Aqrar Sənaye Kompleksinin inkişafında informasiya məsləhət xidmətinin roluna dair məsələlərə toxunub. Müzakirəyə çıxarılmış mövzularla bağlı fermerlərin sualları cavablandırıldıqdan sonra tədbir stansiyanın nümayiş sahəsində davam etdirilib. Qobustan Bölgə Təcrübə Stansiyasının (BTS) direktoru Atabəy Cahangirov tarlada dəmyə şəraiti üçün yaradılmış yeni rayonlaşmış və perspektiv buğda, arpa sortlarının, yeni resurs mühavizəedici innovativ texnologiyalar, nümunəvi əkinlərin üstünlükləri haqqında iştirakçılara məlumat verib. O cümlədən, əyani təcrübələr nümayiş etdirilib.
Açıq sahə nümayişində dron texnologiyasının üstünlükləri də göstərilib. Taxıl sahələrində xəstəliklərin müəyyən olunması, bitki mühafizə tədbirlərinin həyata keçirilməsi, dronlar vasitəsi ilə alaq otlarına qarşı mübarizə metodları fermerlərin marağına səbəb olub.
Qeyd edək ki, 1953-cü ildən fəaliyyət göstərən Qobustan BTS-də hər il 2000-nə qədər yerli və xaricdən introduksiya edilən buğda və arpa sort nümunələri üzərində tədqiqatlar aparılır. İstehsal edilən yüksək reproduksiyalı 300-350 ton elit toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024