Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, qoyunlar və keçilər infeksion bradzot xəstəliyinə görə vaxtında peyvənd olunmalı və aşağıda qeyd edilən tövsiyələrə ciddi əməl edilməlidir.
Qeyd edək ki, bradzot itigedişli infeksion xəstəlik olub, şirdan və onikibarmaq bağırsağın hemorroji iltihabı ilə xarakterizə olunur. Bu xəstəlik zamanı sürünün 20-30%-i xəstələnir və əksər halda 100 % ölümlə nəticələnir.
Yaş və cins xüsusiyyətindən asılı olmayaraq bradzotla təbii şəraitdə ancaq qoyunlar xəstələnirlər. Xüsusilə 2 yaşa qədər heyvanlar daha çox həssaslıq göstərirlər. Bradzot ilin bütün fəsillərində əsasən yaz və payız fəsillərində xəstəlik daha çox müşahidə olunur.
Xəstəliyin baş verməsinə əsas səbəb yem tərkibinin birdən-birə dəyişməsi, yeni göyərmiş otun həddən artıq çox qəbul edilməsi, mineral maddələr azlığı və s. amillər mühüm əhəmiyyət kəsb edir.
Bradzot xəstəliyi hər il otlaq sahələrində, xüsusilə otların göyərməsi, çiçəklənməsi yağışdan sonra heyvanların otarılması zamanı müşahidə edilir. Bəzən heyvanların durğun sulardan suvarılması və donmuş yemlərdən istifadə edildikdə xəstəlik baş verir. Bradzot xəstəliyi kök və azhərəkətli qoyunlarda daha çox müşahidə edilir. Əsas yoluxma yolu alimentar yoldur. Xüsusilə amilin sporları ilə çirklənmiş yem və suyun qəbulu zamanı yoluxma baş verir. Bradzot xəstəliyi zamanı kliniki olaraq sağlam görünən qoyunların qəflətən ölümü müşahidə edilir.
Ölümdən əvvəl heyvanlarda bəzən güclü sinir tutmaları, görünən selikli qişaların hiperemiyası, konyunktivit, timpaniya və ağızdan köpüklü maye axması müşahidə edilir.
Xəstəlik zamanı temperaturun 40,5-41°C-yə qədər yüksəlməsi, ümumi düşkünlük, nəbz və tənəffüsün tezləşməsi, ağız və burundan köpüklü maye axması görünür. Bəzən qoyunlarda qanlı ishal, tez-tez sidik ifrazı, timpaniya, sancı, konyunktivanın hiperemiyası, dişlərin xırçıldaması nəzərə çarpır. Heyvanda hərəkət çətinləşir. Bəzən sinir pozğunluğu əlamətləri, xüsusilə narahatlıq, oyanıqlıq, dairəvi və tullanma hərəkətləri müşahidə edilir. Heyvan yerə yıxılır, ətrafları ilə üzmə hərəkətləri edir.
Sonra oyanma tədricən ümumi zəifliklə əvəz olunur. Qoyunlar ayaqları açılmış və başı arxaya əyilmiş halda görünür. Ölüm adətən 8-14 saatdan sonra, bəzən isə 3-5 gündən sonra baş verir.
Bradzotdan ölmüş heyvan cəsədində 3-5 saatdan sonra güclü köpmə müşahidə edilir və tez çürümə gedir. Təbii dəliklərdən qanlı-köpüklü maye axır. Baş, boyun və döş nahiyənin dərialtı toxumasında serozlu hemorroji infiltratın hopması görünür. Yun asanlıqla yolunur. Görünən selikli qişalar sianozlu olur.
Xəstəliyin qarşısını almaq üçün koklavak vaksinindən istifadə edilir. Birinci vaksinasiya quzu və oğlaqlara 3 həftəlikdən yuxarı 2 (iki) ml dəri altına inyeksiya edilir. Əgər quzu və oğlaqların anaları əvvəldən bu vaksinlə peyvənd olunubsa, o zaman 8-ci həftəlikdən onlarda vaksinasiya aparılmalıdır. İkinci vaksinasiya isə 4 həftə sonra 2 (iki) ml olmaqla dəri altına aparılmalıdır. İkinci peyvəndləmədən sonra ildə 1(bir) dəfə təkrar peyvəndləmə aparılır. Həmçinin vaksindən istifadə etməmişdən öncə onun istifadə qaydaları ilə tanış olmaq lazımdır.
Profilaktik vaksinasiya yaz və payızda heyvanların otlaq sahəsinə keçirilməsinə 30-45 gün qalmış aparılmalıdır. Vaksinasiyadan sonra heyvanlara 14 gün ərzində antibiotik tətbiq etmək qəti qadağandır.
Bradzotun profilaktikası məqsədilə otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Qoyunların yemlənmə-saxlanma şəraiti yaxşılaşdırılmalı və xəstəliyin baş verməsinə səbəb olan digər maneələr aradan götürülməlidir. Xəstəlik sürüdə müşahidə olunduqda onların otlaq sahəsi dəyişdirilməli və təcili vaksinasiya aparılmalıdır. Xəstəliyə görə qeyri-sağlam zonalarda təlimat əsasında profilaktik vaksinasiya və dehelmentizasiya aparılmalıdır. Heyvanların durğun sulardan suvarılması və şehli-qrovlu otlaq sahəsində otarılmasına icazə verilməməlidir. Xəstəlik baş verdikdə məhdudlaşdırıcı tədbirlərdən istifadə olunur. Təsərrüfata heyvan qəbulu və kənara çıxarılması qadağan olunur, digər heyvanlarda vaksinasiya aparılır və qaba yemlərlə yemləndirilir. Xəstə heyvanların kəsilməsi və ölmüş heyvanların dərisinin soyulmasına icazə verilmir. Cəsəd dəri ilə birlikdə yandırılmalıdır. Xəstə heyvanların yununun qırxılması və südündən istifadəyə icazə verilmir. Peyin yem qalıqları ilə birlikdə yığılaraq yandırılmalı və təsərrüfatda cari dezinfeksiya tədbirləri aparılmalıdır.
Heyvanda infeksion bradzot xəstəliyi baş verən zamanı diaqnozun qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Heyvanlarda bradzot xəstəliyinin müalicə-profilaktika işləri təsərrüfat sahibinin hesabına aparılır.
Onu da qeyd edək ki, yaz və payız fəsillərində qoyunların bradzotdan tez-tez ölüm halları baş verir. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə müraciət etsinlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda bradzota qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024