Qubada şimal bölgəsinin fermerləri mütəxəssislərlə birlikdə “Yeni intensiv bağların salınmasında innovativ metodlarla alınmış tinglərdən istifadə olunması və tingçiliyin elmi əsaslarla inkişafı” mövzusunu müzakirə ediblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti ilə Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdikləri regional müşavirədə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri də iştirak edib.
Müşavirə tingçiliyin elmi əsaslarla inkişafı, yeni intensiv bağların salınması, becərilməsi, damcı suvarma üsulunun tətbiqi, ting istehsalı, intensiv bağların salınmasında tinglərə tələbatın yerli istehsal hesabına ödənilməsi məsələlərinin müzakirəsi məqsədilə təşkil olunub. Bununla yanaşı, bölgə fermerləri tamamilə yenidən qurulmuş Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan şərait və burada innovativ metodlarla ting istehsalı texnologiyaları ilə əyani tanış olmaq imkanı qazanıblar.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov müşavirdə “Respublikada tingçiliyin inkişafında yeni innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edərək, son zamanlar aqrar sahədə həyata keçirilən islahatlardan danışıb.
Bildirilib ki, yeni innovativ texnologiyaların tətbiqinə, həmçinin toxumçuluğun və tingçiliyin inkişafına dövlət qayğısı göstərilir, bir çox sahələrdə güzəştlər tətbiq olunur. Məruzədə qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli tingə tələbatının daxili istehsal hesabına ödənilməsi olduğu qeyd edilib.
İmran Cümşüdov qeyd edib ki, daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll edilməsi rəhbərlik tərəfindən qarşıya əsas vəzifələrdən biri kimi qoyulub.
Tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycanda 12 regional toxum sertifikatlaşma mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin tabeliyində olmaqla, müasir avadanlıqlarla təchiz edilərək fermerlərin istifadəsinə verilib.
Müşavirdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov “Yeni innovativ metodlarla ting istehsalı”, institutun biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanova “Mikroklonal çoxaltma üsulu ilə meyvə calaqaltılarının çoxaldılması” mövzularında çıxışlar ediblər.
Qarşılıqlı müzakirələrlə keçən müşavirədən sonra tədbir iştirakçıları Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan şərait və burada innovativ metodlarla ting istehsalı ilə əyani tanış olublar.
Diqqətə çatdırılıb ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Bu laboratoriya sayəsində fermerlər sağlam əkin materialları ilə təmin olunacaq. Bununla yanaşı, çətin köklənən bitkilərin laboratoriya şəraitində böyüdülməsi də həyata keçiriləcək. Laboratoriyada çalışan əməkdaşlar Belarus və Türkiyədə biotexnologiya üzrə təcrübə keçiblər. Hazırda laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Biotexnologiya laboratoriyasında bir tumurcuqdan 105-107 yeni bitki alınır. Laboratoriyanın əməkdaşları 17 bitkinin mikroklonal üsulla çoxaldılmasını mənimsəyiblər. Yaxın gələcəkdə belaruslu və türkiyəli mütəxəssislərlə birgə əməkdaşlıq sayəsində fındıq, qoz və başqa meyvələrin də yeni üsulla artırılmasına başlanılacaq.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024