Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti quşçuluqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, quşçuluqda çox geniş yayılmaqla, təsərrüfatlara böyük iqtisadi zərər verən yoluxucu xəstəliklərdən biri də pulloroz-tif xəstəliyidir. Quşçuluqda pulloroz-tif xəstəliyinin qarşısını almaq üçün fermerlər, sahibkarlar və quşçuluqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, quşlar arasında baş verə bilən xəstəliyin qarşısını almış olarlar.
Qeyd edək ki, bu xəstəlik toyuqlarda yumurta məhsulunun azalmasına, yumurtadan cücənin çıxım faizinin aşağı düşməsinə, çıxan cücələrin yaşamaq qabiliyyətlərinin zəif olmasına və birinci 30 gün müddətində tələf olmasına, cavanların inkişafdan qalmasına gətirib çıxarır.
Xəstəliyin yayılma mənbəyi çox vaxt törədicini bədənlərində gəzdirən quşların yoluxmuş yumurtaları olur. Yumurtalar inkubasiya üçün istifadə olunacaq quşlar arasında nə qədər çox törədicini bədənlərində gəzdirən quş olarsa, ona müvafiq xəstə cücələrin sayı da çox olar.
Xəstəliyin yayılması, gedişinin xarakterindən, yemləmə və saxlama şəraitindən asılıdır. Cücələri qaranlıq, rütubətli, pis ventilyasiya edilən binalarda, binaları yaxşı hazırlamadıqda, baytarlıq-sanitariya qaydalarının tələblərinə əməl edilmədikdə, dezinfeksiya keyfiyyətsiz aparıldıqda xəstəlik tez və asanlıqla yayılaraq çoxlu iqtisadi zərərə səbəb olur. Xəstəlik həmçinin yem payında vitaminlər, mineral maddələr, mikroelementləri olmayanda, yemləmə və suvarma qabları cücələrin sayına müvafiq olmadıqda, temperatur rejiminə riayət edilmədikdə və orqanizminin müqavimət qüvvəsinin zəifləməsinə səbəb olan digər çatışmazlıqlar olduqda daha tez və geniş yayılır.
Xəsətliyin gedişi çox vaxt 1-10 günlük cücələr arasında baş verir. Xəstələrin iştahası azalır, yaxud tamamilə olmur. Lakin suyu həvəslə içirlər. Onlar əzgin olmaqla ümumi sürüdən ayrılaraq istilik mənbəyinə yaxın toplanaraq oturur, gözləri tam, yaxud yarım açıq olmaqla qanadları sallanır. Xəstəliyin başlanğıcında həzm orqanlarının funksiyasının pozulmasının əlamətləri müşahidə olunur. Nəcisləri əvvəlcə horravari, yapışqanlı, sonra durulmaqla köpüklü, tabaşirvari bəzən sarımtıl rəngdə olur. Kloakanın ətrafında tüklər nəcisə bulaşmış olur, nəcis quruyaraq tıxac əmələ gətirir ki, bu da kalın sərbəst çıxmasına mane olur. Kloaka tıxananda xəstəliyin gedişi ağırlaşır və tələfat artır. Xəstələrin tənəffüsü çətinləşərək tezləşir, artan zəiflik nəticəsində cücələr ayaqüstə dura bilmirlər, yıxılaraq qıcolma əlamətləri ilə ölürlər.
Xəstəliyi keçirmiş quşlar ilk 2-3 ay müddətində öz həmyaşıdlarına nisbətən inkişafdan qalırlar. Xəstəliyə yoluxmuş toyuqlar yumurtlama qəfəslərində çox oturmaqla saqqal və pipikləri ağarır, ishal baş verir. Çoxlu miqdarda yaşlı quşların tələf olmasına səbəb olur.
Xəstəliklə mübarizənin müvəffəqiyyəti pulloroz-tifə qarşı mübarizə tədbirləri haqqındakı təlimatda nəzərdə tutulan ümumi baytarlıq-sanitariya və profilaktika-müalicə tədbirləri kompleks olmaqla vaxtında və keyfiyyətli aparılmasından asılıdır. İnkubasiya üçün yumurta ancaq sağlam təsərrüfatlardan götürülməli, quş yumurtalayandan 2 saat keçənə qədər anbara, inkubatora daxil olanda inkubatorda çeşidləndikdən sonra inkubasiya şkafına yığılandan 6 saat sonra və çıxış zalına köçürüləndən əvvəl mövcud təlimatlara müvafiq dezinfeksiya olunmalıdır. İnkubatorun binasında, inkubasiya və çıxış şkaflarında, quş binalarında mövcud qaydalarda qəbul olunmuş müddətlərdə ciddi mexaniki təmizlik, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirləri aparılmalı, onların nəticəsinə bakterioloji üsulla nəzarət edilməlidir. Cücələr yetişdirilən birinci ayda onlara yem və su ilə bakteriyalar əleyhinə dərman maddələri verməklə yanaşı binanın havasını 9-11 gündən bir 3 gün dalbadal tərkibində xlor olan preparatla aerozol üsulla dezinfeksiya olunması yaxşı səmərə verir.
Quşların müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Təsərrüfat sahiblərinin və quşçuluq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, quşlarda, xüsusilə körpə cücələrdə yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə və quşların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.
Dövlət Baytarlıq Xidməti bildirir ki, quşlarda qeydə alınan yoluxucu pulloroz-tif xəstəliyinə qarşı aparılan profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024