Quşların sayca artırılması və məhsuldarlığının yüksəldilməsi normal yemləmə və gigiyenik tələbatların yerinə yetirilməsi şəraitində mümkündür. Normal yemləmə quşların yumurtavermə qabiliyyətini və yumurtanın inkubasiya keyfiyyətini (sağlam cücə çıxma faizini) artırır. Quşların yemlənməsi xüsusilə yumurtlama mövsümündə və tükdəyişmə dövründə daha da gücləndirilməlidir.
Payız və qışda quşların yem payına 2-3 növdən, heyvani yemlər (balıq, ət-sümük və qan unu), şirəli və vitaminli yemlər (kartof, yem çuğunduru, yerkökü, silos, cücərdilmiş dən, yaşıl yem, yem mayası, balıq yağı), mineral yemlər (tabaşir, sümük unu, əzilmiş xərçəng, xörək duzu, qum) verilməlidir. Quşların yem qabında daima qum və kömür olmalıdır. Belə ki, qum mədədə həzm prosesini yaxşılaşdırır, kömür isə mədə-bağırsaq qazlarını udur, bununla da quşlarda köpmənin qarşısı alınır.
Yay fəslində quşlara dənli yemlər ilə yanaşı, təzə göy ot (yonca, gicitkən, qızılca, yolotu, unnuca, habelə bağ otu) verilməlidir. Bundan başqa, yayda quşlara müxtəlif qurdların (soxulcan, çömçəquyruq, ipək qurdu, müxtəlif sürfələr, qarışqa, həşəratlar, böcəklər və s.) verilməsi də yaxşı nəticə verir. Bu yemlər quşların zülallara olan tələbatını ödəyir və onların yumurta məhsuldarlığına müsbət təsir edir.
Düzgün yemləmə quşlarda vitamin və mineral maddələrin çatışmamazlığından baş verən xəstəliklərin profilaktikasının (raxit, kannibolizm, podaqra, tükyemə, avitaminoz və s.) əsasını təşkil edir. Həmçinin onların orqanizmində yoluxucu xəstəliklərə (pasterelyoz, tif, çiçək) qarşı müqavimət artır.
Aşağı keyfiyyətli yemlər (iylənmiş, çürümüş, acımış, kiflənmiş və s.) quşlara verilməməli, çünki belə yemlər yumurtanın zülalını əridir, onun inkubasiya keyfiyyətini azaldır və quşları xəstələndirir.
Quşlar gündə üç dəfə yemləndirilməlidir. Toyuqlara və hindtoyuqlarına yaxşı havalarda gəzinti sahəsində, pis havalarda isə binada dən verilməlidir. Gündüzlər quşlara isladılmış halda heyvani yemlər ilə birlikdə qarışıq yemlər, axşamlar isə dən verilir. Ümumi yem qabından başqa quşların qabağına unla qarışdırılmış mineral yemlər və qum olan daimi qablar qoyulmalıdır. Bundan başqa, quşların qabağında həmişə ot və meyvəköklülər olmalıdır.
Yumurtlama mövsümündə ördəklərə yerkökü, cücərdilmiş dən və balıq yağı verilməlidir.
Qazlar gündə 3-4 dəfə yemləndirilməlidir. Onlara dənli, heyvani, mineral və meyvəköklü yemlər verilməlidir. Yumurtlamayanlar isə daima otarılmalıdır.
Toyuq və hindtoyuqlarına quru un qarışığı və islanmış yemlər xüsusi yem qablarında verilir. Belə yem qablarının üstündə fırlana bilən ox düzəldilir ki, bu da quşların yem qabına girməsinə mane olur; Ördəklərin və qazların yem qablarında ox fırlanmır. Mineral yemlər vermək üçün isə yem qabı düzbucaq formada düzəldilir.
Quş binası geniş, işıqlı, quru və isti olmalı, yaxşı ventilyasiya və müvafiq avadanlıqlarla (yumurta yuvaları; yem qabları, su qabları, tarlar, kül vannası və s.) təmin edilməlidir.
Təcrübələr göstərir ki, qışda quşlardan çox yumurta almaq üçün quş binasında havanın temperaturu 12—16 °C olmalıdır. Quşların soyuğa davamlılığını artırmaq üçün binada havanın temperaturunu müsbət 2- 5 °C-də saxlamaq olar.
Quşları aşağı temperatur şəraitində saxladıqda, binada havanın nəmliyi aşağı olur.
Bina işıqlı olmalı və quşlar yaxşı yemlənməlidir.
İqlimi soyuq olan zonalarda binada havanın temperaturunun 0 °C-yə qədər aşağı düşməsinə yol verilə bilər. Toyuqlar mənfi 10 °C-yə, ördəklər və qazlar isə mənfi 15°C-yə qədər bir neçə saat dözə bilirlər. Buna görə bayırda temperatur mənfi 10 °C-yə qədər olduqda toyuqları, 15 °C-yə qədər olduqda isə qaz və ördəkləri gəzintiyə buraxmaq olar. Yuxarıda göstərilən dərəcədən artıq temperaturda quşlar gəzintiyə (çölə) buraxılmamalıdır. Sakit və günəşli havalarda ördəklər və qazlar xüsusi hazırlanmış gölməçələrdə çimməyə buraxılır. Bəzi xarici alimlərin verdiyi məlumata görə yumurtlayan toyuqlar üçün temperatur 18 °C, optimal temperatur 13 °C, bir günlük cücələr üçün isə 33—35 °C-dir. Nisbi nəmlik 33%, işıq 10—12 lyuksdur. Cücələr üçün sonrakı günlər hər həftə temperatur 3-5 °C aşağı salınır, lakin temperatur 22-24 °C-dən aşağı salınmamalıdır.
Quş binalarında nəmlik 60-70%, işıq əmsalı isə 1:8-1:10 nisbətində olmalıdır.
Döşənək üçün işlədilən material quru və hiqroskopik(nəmçəən) olmalıdır. Bu məqsədlə (quş hinləri üçün) daha çox ağac yonqarı, torf və saman işlədilir. Torf və saman 10-15 sm qalınlığında döşəməyə səpilir. Hər gün çirklənmiş üst qat götürülür və üzərinə yenisi səpilir. Toyuqlar və hindtoyuqları saxlanan binalarda hər 10-15 gündən bir, qaz və ördək damlarında isə hər 5-10 gündən bir döşənək yenilənir.
Süni işığın quşların sağlamlığına və məhsuldarlığına müsbət təsiri var. Belə ki, təbii və süni işığın təsirindən cinsi vəzilərinin fəaliyyəti və quşların yumurta verməsi artır. Buna görə də hazırda quşçuluq təsərrüfatlarında süni işıqdan geniş istifadə edilir. 1 m2 sahəyə 3-5 vatt hesabı ilə lampa asılır. Elektrik lampası döşəmədən 1,8 m hündürdə durmalıdır. Qışda binanın işıqlanması 12-14 saata çatdırılmalıdır. Süni işıqlandırma oktyabr ayından mart ayına qədər aparılır. İşıqlandırma müddəti tədricən artırılaraq yanvar ayında maksimuma çatdırılır, süni işıqlandırmada quşların yemləndirilməsi yaxşılaşdırılmalıdır.
Quşlara ƏUV-15, ƏUV-30 (uviol) və ya PRK-2 (civə—kvars) lampalarının köməyi ilə ultra-bənövşəyi işıq şüaları verilməsi onların sağlamlığına və məhsuldarlığına çox yaxşı təsir göstərir. Hər 10 m2 sahəyə döşəmədən 2 m hündürdə bir lampa asılır. Lampa hər gün və ya günaşarı 6-8 saat yandırılır. Civə- kvars lampaları isə döşəmədən 1,8 m hündürlükdə asılır və hər gün quşların yemlənməsi zamanı 10-15 dəqiqə yandırılır. Qışda və payızda quşlara hər gün gəzinti verilməlidir. Havanın temperaturu mənfi 5-yə qədər olduqda ördəklər və qazlar çimməyə buraxıla bilər, lakin bundan aşağı temperaturda onların çimməsinə yol verilməməlidir. Havalar isindikdə isə quşlar günün çox hissəsini çöl şəraitində keçirirlər, Binadan isə ancaq quşların gecələməsi, yumurtlaması və yemləndirilməsi üçün istifadə edilir. Yayda binada hava mübadiləsini artırmaq və ona ultra-bənövşəyi şüaların çox düşməsini təmin etmək üçün pəncərələri açıq saxlamaq və ya onları çıxarıb yerinə tor çəkmək lazımdır.
Gəzinti sahəsi binanın bütün ətrafında (arxa, ön və yanlarda) düzəldilməlidir. Gəzinti sahəsi hasarlanmış və ya açıq halda ola bilər.
Açıq gəzinti sahəsində quşlar sərbəst gəzirlər. Belə gəzinti sistemində quşlar çox uzaq məsafəyə gedirlər. Bu da onların itməsinə və vəhşi heyvanlar tərəfindən tələf edilməsinə səbəb ola bilər. Ona görə məhdudlaşdırılmış gəzinti sistemindən istifadə edilməlidir.
Məhdudlaşdırılmış gəzinti sistemində isə quş binasının ətrafına 60 m enində və binanın uzunu boyu kvadrat formada 2 m hündürlüyündə hasar çəkilir. Hasarı dəmir tordan, taxtadan və çırpıdan çəkmək olar.
Yazda və yayda quşları yaşıl yemlə təmin etmək üçün gəzinti sahəsi hissələrə bölünərək şumlanır və ora müxtəlif dənli və paxlalı bitkilərin toxumu səpilir. Sonra isə bu sahələr növbə ilə istifadə olunur. Belə ki, sahəyə arpa, vələmir, çöl noxudu və s. əkilir. Gəzinti sahəsində hər toyuğa 8 m2, hindtoyuğuna isə 25 m2 yer ayrılmalıdır.
Ördəklər və qazlar üçün gəzinti yeri gölməçənin yaxınlığında düzədilməlidir. Qazlar üçün gəzinti sahəsi məhdudlaşdırılmır. Ördəklər üçün isə hər baş ördəyə 5 m2 sahə ayrılmalıdır. Gölməçədə hər baş qaza 4—5 m2 (axarı olduqda) və ya 20—25 m2 (axarı olmadıqda) sahə düşməlidir. Ördəklərə isə 6—8 m2 (axarı olan sularda) və ya 10 m2 (axarı olmayan sularda) sahə ayrılmalıdır. Axarı olmayan (durğun sularda) sularda sahə ördəklər üçün 5—7 dəfə artırılmalıdır.
Quşları küləkdən və qızmar günəş şüasından qorumaq üçün gəzinti sahəsində kölgəlik və ya daldalanacaq yer düzəldilir. Bunun üçün talvar tikilir və ağac əkilir.
Gəzinti sahəsi həmişə təmiz, quru saxlanmalı, vaxtaşırı təmizlənməli, dezinfeksiya edilməli və şumlanmalıdır.
Quşların sağlamlığını, məhsuldarlığını artırmaq və yemə qənaət etmək üçün onların çöl şəraitində saxlanmasının böyük əhəmiyyəti vardır.
Quşların gecələməsi və pis havalarda daldalanması üçün sahəsi 10,2 m2 (3,2x3,2) və ya 12 m2 (3,0X4,0) olan hinlər düzəldilir. Hinlərin hündürlüyü 2,4 m olmalıdır. Belə hinlər yem və su qabları, tor, yumurta yuvaları və s. avadanlıqlar ilə təmin edilməlidir. Çöldə səyyar evciklər cərgə ilə bir-birindən 10-15 m aralı qoyulmalıdır, cərgələr arasında isə 100-150 m məsafə olmalıdır.
Çöl şəraiti üçün dənli bitkilər əkilən sahələr biçildikdən sonra istifadə edilir. Quşlar yaşadıqları sahədə kifayət qədər yem tapmadıqda onları yeni sahəyə köçürmək lazımdır. Quşların çöl şəraitində saxlanması kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə qarşı mübarizədə böyük rol oynayır, habelə torpağı gübrələyir. Qazlar və ördəklər üçün su hovuzlarının yanında gəzinti yeri düzəldilir. Gəzinti yeri hasarlanır, qapı və çardaqla təmin olunur.
İri quşçuluq təsərrüfatlarında toyuqların qəfəsli sistemdə saxlanması geniş tətbiq edilir. Qəfəslər 4-5 mərtəbəli olub, bir-birinə bitişik qoyularaq sıra ilə düzülür. Qəfəs taxtadan və ya metaldan düzəldilir. Döşəməyə bir qədər maillik verilir və qəfəsin xaricində nov olur ki, yumurta diyirlənərək buraya düşür. Bu da yumurtanın yığılmasını asanlaşdırır. Qəfəsin fasad tərəfində yem təknəsi və su qabı, döşəmənin altına isə peyinin təmizlənməsi üçün metal siyirmə qoyulur. hər 30-40 gündən bir qəfəslər təmizlənməli, yuyulmalı və dezinfeksiya edilməlidir.
Elektriklə təmin olunan təsərrüfatlarda çox zəhmət tələb edən işlər (yemləmə, suvarma, təmizləmə) mexanikləşdirilməli və ya avtomatlaşdırılmalıdır. İşin mexanikləşdirilməsi və ya avtomatlaşdırılması əmək məhsuldarlığını artırır və məhsulun maya dəyərini aşağı salır. Belə təsərrüfatlarda quşlar ilin bütün fəsillərində yumurta verirlər.
Quşlar qəfəsli sistemdə saxlandıqda qəfəsdə havanın temperaturu 16 °C, nisbi nəmlik isə 60-70% olmalıdır. Belə ki, hava mübadiləsi 1 kq diri çəkiyə 1 m3-dən az olmamalıdır.
Binanın qızdırılması mərkəzləşdirilmiş qızdırıcı ilə yerinə yetirilir.
Binada havanın temperaturu və nəmliyi yüksək olduqda quşların yem yemələri azalır. Ona görə yayda qəfəslər talvar altında bir-birinin yanında qoyulmalıdır.
Hazırda toyuqların qalın döşənək üzərində saxlanma sistemi də geniş tətbiq edilir. Bunun üçün işıqlı, geniş binalardan istifadə olunur. Döşəmənin hər 1 m2 sahəsinə 500 q sönmüş əhəng tökülür. Onun üstünə isə 10 sm qalınlığında torf və ya doğranmış saman səpilir. 5-6 gündən sonra döşənək taptalanır, yenidən döşəmənin üstünə 5 sm qalınlığında təzə döşənək səpilir. Vaxtaşırı döşənək yığılır, 1 m2 döşəmə sahəsinə 100 q sönmüş əhəng səpilir. Əhəng peyinin parçalanmasının və ammonyakın əmələ kəlməsinin qarşısını alır. Qalın döşəmə şəraitində bina isti olur. Buna görə də toyuqlar həmişə hərəkətdə olur, döşənəyi dimdikləyir. Bu da onların orqanizmində maddələr mübadiləsinin artmasına səbəb olur.
Toyuqların qalın döşənək üzərində saxlanması az zəhmət tələb edir. Lakin bu sistem yoluxucu xəstəlik olan təsərrüfatlarda tətbiq edilməməlidir, yoxsa, xəstəlik sürətlə yayıla bilər.
Quşlarda saxlanma şəraitindən asılı olmayaraq yumurta ilə yayılan yoluxucu xəstəliklərin (vərəm, pulloroz, neyrolimfomatoz, paratif) qarşısını almaq, habelə onları parazitar xəstəliklərdən, bəzi parazitlərdən qorumaq üçün ciddi baytarlıq nəzarəti olmalıdır. Bundan başqa, baytarlıq-sanitar tədbirləri vaxtında görülməlidir.
Quş sürüsü təşkil edilərkən bütün yaşlı quşlar üzərində baytarlıq-sanitar tədbirlər aparılmalıdır. Sürü sağlam və yaxşı inkişaf etmiş quşlardan təşkil edilməlidir.
Sürü təşkil edilərkən cavan və yaşlı quşların, habelə xoruz və ana quşların nisbəti normal olmalıdır.
Toyuq, ördək və hindtoyuğu ən çox yumurta birinci il verir. İkinci il yumurtavermə 15% azalır. Dördüncü ili verilən yumurtalar birinci ildə verilən yumurtaların 75%-ni təşkil edir. Qazların isə hər il yumurvermə qabiliyyəti 15-25% artır, üçüncü il yumurtavermə qabiliyyəti birinci ilə nisbətən 30-45% çox olur. Buna görə də toyuqlar, ördəklər və hindtoyuqları 3 ilə qədər, qazlar isə 5 ilə qədər qrupda saxlanıla bilər.
Toyuqları qəfəsli sistemdə 12 aydan artıq saxlanması faydalı deyildir. Buna görə də bu müddətdən sonra onlar kökəldilir və kəsilməyə verilir. Quş fabriklərində toyuqlar xoruzsuz saxlanır, burada əsas məqsəd yeyinti üçün yumurta almaqdan ibarətdir.
Damazlıq quşçuluq təsərrüfatlarında yumurtanın inkubasiya keyfiyyəti üçün hər 10-12 toyuğa bir xoruz, 6-8 ördəyə bir erkək ördək, 3-4 dişi qaza bir erkək qaz və 10-12 hindtoyuğuna bir erkək hindtoyuğu saxlanmalıdır.
Yumurtanın cücə çıxarma faizini, cücələrin sağlamlığını artırmaq üçün fərələr və yaşlı anac quşlar, cavan erkək quşlarla, cavan fərələr isə birillik xoruzlarla bir yerə buraxılmalıdır.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024