Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı qarşıya qoyduğu tələblər, həmçinin həyati əhəmiyyət kəsb edən sahələrdə fəaliyyətlərin davam etdirilməsi qaydaları gözlənilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər davam etdirilir.
Belə ki, respublika ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işləri plana uyğun şəkildə həyata keçirilir. Hazırda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır.
Qeyd edək ki, heyvanlara tətbiq edilən vaksinlər əvvəlki illərdən fərqli olaraq orqanik, yağ tərkibli olmaqla, immunitetin gərginliyi daha 2 ay artıq olur. Heyvanlara tətbiq edilən vaksin kimyəvi tərkibli olmadığından məhsulda (süddə) heç bir zəhərlənmə yaratmır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, yanvar ayının ilk günlərindən ölkədə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılmasına başlanılıb. Bu tədbirlərin davamı olaraq hal-hazırda ölkə ərazisində iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilir.
Dabaq cütdırnaqlı ev və vəhşi heyvanların iti kontagiozlu virus mənşəli xəstəliyidir. Həssas heyvanların əsasən ağız boşluğu, dırnaq və digər nahiyələrində aftaların yaranması ilə səciyyələnir. Xəstəlik nəticəsində körpələrdə ölüm, yaşlı heyvanlarda məhsuldarlığın aşağı düşməsi nəzərə çarpır. Xəstəlik zamanı karantin tədbirlərinə çox böyük məbləğdə maddi vəsait sərf olunur. Bundan əlavə xəstəliyin profilaktikası və müxtəlif sağlamlaşdırıcı tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq təsərrüfatlara böyük məbləğdə iqtisadi zərər dəyir.
Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin ediliblər. Məlumat üçün bildiririk ki, tədbir aparan mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə tədbirləri yerinə yetirirlər. Tədbir aparılan ərazi kimyəvi maddələrlə dezinfeksiya olunur. Tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda dabaq xəstəliyinə qarşı peyvənd edirlər. Həmçinin peyvəndləmədən sonra dezinfeksiya işləri aparılır. Görülən işlərlə yanaşı baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.
Bununla yanaşı, regionlarda heyvanlar arasında çətin doğuş, doğuşdan sonra parez xəstəliyi, mastit, gözün selikli qişasının iltihabı (konyuktivit), vitamin çatışmazlığı (avitaminoz) və sair bu kimi xəstəliklər baş verən zaman baytar mütəxəssisləri heyvan sahibləri ilə təmasda olurlar. Həmin xəstəliklərə qarşı müalicə işləri aparılarkən baytarlıq- sanitariya tələblərinə ciddi riayət olunur.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarında saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edərlərsə rayon (şəhər) baytarlıq idarələrinə müraciət etsinlər. Həmçinin təsərrüfatlarında dabağın baş verməməsi üçün baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunsun.
Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.
Daşkəsəndə kartof sahələrinə dəymiş zərərə görə fermerlərə sığorta ödənişləri edilib
19 Mart 2025
Qax rayonunda üzümçü fermerlər üçün tarla seminarı keçirilib
19 Mart 2025
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Balakəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Mart 2025
Naxçıvan Muxtar Respublikasında aqrar sığorta eksperti olmaq istəyən namizədlərə təlimlər keçirilib
18 Mart 2025
Nazir Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
17 Mart 2025