Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) üzümçülük sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar üçün “Üzümçülükdə innovativ becərmə texnologiyaları, risklər və onlara qarşı tədbirlər” mövzusunda elmi-praktik seminar keçirilib. Seminar çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən hazırlanmış kitabın təqdimatı olub.
Seminarda institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynov, Salyan DAİM-in direktoru Tariyel Atamalıyev və rayonda fəaliyyət göstərən üzümçü fermer və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Vüqar Səlimov zəruri aqrotexniki tədbirlər, əsas xəstəlik və zərərvericilərə qarşı müasir inteqrir mübarizə üsulları, qida maddələrinin çatışmazlığından üzümdə yaranan xəstəliklərin qarşısının alınması yolları, üzümün inkişafı və boyatması, məhsuldarlığı, məhsulun keyfiyyətinə torpaq-iqlim şəraitinin təsiri ilə bağlı ətraflı məlumat verib. Seminarda üzümün becərilməsi və üzüm-şərab istehsalı ilə məşğul olan müəssisələrdə effektli istehsalın təşkili üçün qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirlər qeyd olunub. Üzümçülük-şərabçılıq müəssisələrinin məruz qaldığı müxtəlif növ risklər, təhlükələrin minimuma endirilməsi və neytrallaşdırılması istiqamətində üsullar diqqətə çatdırılıb.
Vüqar Səlimov bildirib ki, Salyan rayonu üzümçülüyün ən qədim diyarlarından biri olmaqla burada xalq seleksiyası ilə bir çox ənənəvi süfrə üzüm sortları (Mahmudu, Xalac, Ağ salyanı, Ağ pişraz, Salyan ağadayısı, Kəhraba, Ağ kişmişi və s.) yaradılıb və indi də geniş becərilir. Bu sortlar süfrə üzümünə xas olan yüksək dad və keyfiyyət göstəriciləri, o cümlədən tənək üzərində üzün müddət saxlanma qabilliyətinə malik olmaları ilə seçilir. Salyan rayonu süfrə üzümçülüyünün inkişafı üçün əlverişli aqroekoloji potensiala malik olub, iqlim ehtiyaları təzə halda üzümün istehlak müddətini uzatmağa və zənginləşdirməyə imkan verir. Bununla yanaşı, bu rayonda üzümçülük üçün ciddi təbii risk amilləri (erkən yaz şaxtaları, qış şaxtaları, yayda uzun sürən anomal yüksək temperatur, quraqlıq, xəstəlik və zərərvericilər, torpaqların şoranlaşmaya meyilliyi və s.) mövcuddur. Belə ki, 2019-cu ilin aprel ayınının sonlarında müşahidə edilən yaz şaxtaları Salyan rayonu Xalac ərazisindəki üzümlərə ciddi ziyan vurub, üzümçülər ciddi iqtisadi ziyana məruz qalıblar. Məhz buna görə seminarda Salyan ərazisində üzüm bağlarını təbii risk amillərindən qorumaq və onlara qarşı vaxtında preventiv tədbirlərin həyata keçirilməsi üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ilə üzümçü fermerlər arasında sıx əmakdaşlığın qurulması qərara alınıb.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər” kitabı fermerlərə paylanıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024