Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) təşəbbüsü ilə icra olunan “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Şamaxı rayonunda keçirilib.
Üzümçülükdə innovativ texnika və texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlığın əldə olunmasına həsr olunmuş tarla nümayişində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitunun (ÜŞETİ) təşkilatçılığı ilə mövsümi becərmələri yüksək səviyyədə həyata keçirən, iqtisadi baxımdan səmərəli, çoxfunksiyalı texnikalar nümayiş etdirilib.
AEİM-in direktor müavini Fərman Kərimov, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı, ÜŞETİ-nin direktoru Vüqar Səlimov tarla nümayişində iştirak etmiş elmi-tədqiqat institutlarının alimlərinə, fermerlərə və bölgənin aqrar mütəxəsislərinin diqqətinə çatdırıblar ki, digər sahələrdə olduğu kimi üzümçülükdə də itkilərin minimuma endirilməsi, məhsuldarlığın artırılması və maya dəyərinin aşağı salınması əsas hədəflərdəndir. Bu məqsədə çatmanın əsas vasitələrindən biri də üzümçülüyün mexanikləşdirilməsi, üzümün becərilməsi üzrə kompleks işlərin maşınların və avadanlığın köməyi ilə yerinə yetirilməsidir. Son dövrlərdə üzümçülükdə texnoloji proseslərin mexanikləşdirilməsi üçün ən yeni texniki vasitələrdən istifadə olunmasına yönəlmiş mütərəqqi dəyişikliklər baş verməkdədir.
Üzümçülükdə istifadə olunan texnika təyinatı, ölçüləri və işçi orqanlarının çoxnövlüyü ilə seçilir. Bu, intensiv üzümçülük texnologiyalarında yerinə yetirilən texnoloji əməliyyatlarla şərtlənir. Mexanikləşdirilməsi mümkün olan əməliyyatlar arasında torpağın hazırlanması, sahənin bölünməsi, ting əkini, dirəklərin basdırılması, məftilin və damcılı suvarma şlanqlarının mexaniki çəkilməsi, budama, xəstəlik və zərərvericilərin inkişafına nəzarət və onlarla mübarizə, məhsul yığımı və digərləri var. Ölkəmizdə üzümçülükdə əl əməyi ilə yanaşı (budama, bağlama, yaşıl əməliyyatlar və s.), kənd təsərrüfatı texnikası və mexanizmlərindən də geniş istifadə olunur (çala qazma, ting əkini, şum, kultivasiya, dərmanlama və s.).
ÜŞETİ-nin şöbə müdiri Azər Şükürov fermerlərə bildirib ki, mexanikləşdirmə işin səmərəsini dəfələrlə artırır, işçilərə çəkilən xərcləri kəskin şəkildə azaldır, işin keyfiyyətini və dəqiqliyini artırır. Qeyd olunub ki, üzüm bağında aparılan əməliyatların əksəriyyəti mexanikləşdirilə bilər və dünyada bu istiqamətdə sürətli inkişaf müşahidə olunur. Vurğulanıb ki, bu halda əl əməyi nəzərəçarpacaq dərəcədə əvəzlənə bilər. Diqqətə çatdırılıb ki, dövlət tərəfindən texnika və avadanlığın əldə edilməsini asanlaşdıran bir sıra tədbirlər həyata keçirilir. Bildirilib ki, ayrı-ayrı texniki vasitələrin yerinə yetirilməsi zamanı çoxfunksiyalı aparatlardan istifadə əlavə texnikanın əldə edilməsinə lüzumu aradan qaldırır, bir neçə əməliyyatı paralel şəkildə həyata keçirmə imkanı yaradır, rentabelliyin yüksəlməsinə xidmət edir. Fermerlərə məlumat verilib ki, ölkənin üzüm istehsalçıları müasir çoxfunksiyalı texnikadan istifadə etdiyi təqdirdə məhsulun həcmi və gəlirlər nəzərəçarpacaq dərəcədə artmış olacaq. Yeni texnikanın tətbiqi nəticəsində texnika və yanacağa, həmçinin xidmət personalına çəkilən xərclər azalacaq.
Tarla nümayişi zamanı fermerlərə tənəklərin arasını təmizləyən və eyni zamanda torpağı yumşaldan bağarası diskin iş prinsipləri nümayiş etdirilib. Məlumat verilib ki, qurğu 3 ədəd dəyişə bilən ağızlıqdan ibarət olub bağlardakı ağacların arasında olan alaqların təmizlənməsi, torpağın yumşaldılması kimi əməliyyatları yerinə yetirir. Aqreqat sensorludur, yəni qoşqunun üstündə olan sensor çubuğunun köməyi ilə ağaclara özü toxunaraq geri çəkilmə və aralara daxil olma funksiyalarını özü avtomatik yerinə yetirir. Daşlı, suvarma sistemləri qurulmuş olan torpaqlarda belə işlətmək mümkündür.
Turbo çiləyici isə üzümün xəstəlik və zərərvericiləri ilə mübarizənin texnoloji prosesinə daxildir. Kimyəvi məhlulun hazırlanması, onların çiləmə yerinə çatdırılması, çiləyicinin doldurulması, çiləmə və tozlamanı effektiv yerinə yetirir. Üzümlüklərdə istifadə olunan çiləyicilər iş yerinin ölçülərinin məhdud olduğuna görə kompakt ölçülərə və kiçik dönmə radiusuna malikdir. Maye təziq altında tozlayıcı qurğu vasitəsilə ventilyatorun hava axınına verilir və beləliklə də iki cərgə olmaqla, tənəklərin üzərinə vurulur.
Tarla nümayişində dik bıçaqlı Frez də nümayiş etdirilib. Üzümlüklərdə torpağa qulluğun əsas vəzifəsi tənəklərin boyatması, inkişafı və bar verməsi üçün əlverişli istilik, su, hava, qidalanma rejiminin yaradılmasından ibarətdir. Bu məqsədlə payızın sonunda və ya yazda dərin şum aparma, yaz-yay kultivasiyaları, vaxtaşırı plantajın yenilənməsi ilə nail olunur.
Tarla nümayişində fermerlərə müasir texnika və texnologiyaların texniki-iqtisadi xüsusiyyətlərini izah edən metodiki vəsaitlər paylanıb.
Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də kənd təsərrüfatı məhsul istehsalçıları üçün tarla seminarlarının keçirilməsi nəzərdə tutulur.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024