Siçanabənzər gəmiricilər məməlilər sinfinin gəmiricilər dəstəsinə (Rodentia) mənsub olub, müxtəlif qidalarla qidalanan zərərvericilərdir. Siçankimilər (Muridae) (siçovul və siçan cinsləri) və dağ siçanı (Cricetidae) (qum, dağ və çöl siçanı cinsləri) fəsilələri daha çoxsaylıdırlar. Adi, ictimai, şərqi Avropa, su, uzaq şərq və monqol çöl siçanları, boz və adi dağ siçanları, təpə düzəldən və ev siçanları kənd təsərrüfatı bitkilərinə çox ziyan vururlar. Azərbaycan Respublikası ərazisində geniş yayılıb, kənd təsərrüfatı bitkilərinə daha çox zərər vuran boz siçanlar cinsi (Microtus) nümayəndələri adi və ictimai çöl siçanlarıdır. Boz siçanların çəkiləri 20 qram ətrafında dəyişir. Sifətlərinin küt, qulaqlarının kiçik və quyruqlarının qısa tükcüklərlə örtülü olması ilə siçanlar fəsiləsi nümayəndələrindən fərqlənirlər.
İctimai çöl siçanı (Microtus sosialis PalI) adi çöl siçanından bir qədər kiçikdir, bədəninin uzunluğu 120 mm-dir, quyruğu bədən ölçüsünün 25%-i uzunluğundadır. Bədən sıx qısa tüklərlə örtülü, qulaqları kiçik, sifəti kütdür.
Adi çöl siçanı (Microtus arvalis PalI) - bədən uzunluğu 135 mm-i ötmür, quyruğu bədən uzunluğunun 30-40%-i ölçüsündədir. Bədəni seyrək tüklə örtülüdür, qulaqları nisbətən böyükdür, sifəti kütdür.
Sahədə məskunlaşma və bitkiləri zədələmə xüsusiyyətləri də gəmirici növlərin təyinatında göstərici kimi istifadə olunur. Əkinlərdə bitkilərin “kəsilmiş” olduğu sahələr rast gəlinirsə, yaşıl gövdələr dartılıb yuvalara gətirilibsə, yuvaların diametrləri 5 sm-i ötmürsə və ölçüləri çəltik dəni boyda olan səciyyəvi ekskrementlər görünürsə, onda siçanabənzər gəmiricilərin məcmusunda boz çöl siçanları üstünlük təşkil edirlər.
Çöl siçanlarının çoxalma potensialları yüksəkdir. Adi çöl siçanı il ərzində 7-10 nəsil və hər dəfə də, orta hesabla, 5 (maksimum 15) bala verir. İctimai çöl siçanı isə bütün il ərzində 3-5 nəsil (hər dəfə 1-8 bala) verir. Əlverişli şəraitdə 1 siçan cütlüyü çoxalaraq, 8-9 nəslin inkişafı dövründə sayını 1220-3050 çatdıra bilir. Azərbaycan Respublikası ərazisində siçanabənzər gəmiricilərin kütləvi artıb çoxaldığı illərdə adi və ictimai çöl siçanları kənd təsərrüfatı bitkiləri üçün böyük təhlükə törədirlər. May-iyun aylarında payızlıq taxıl əkinlərinin bir hektarında adi çöl siçanının 100 koloniyasının (400-500 işlək yuva) olması 7%, 1000 koloniya isə 65-75% məhsul itkisinə səbəb olur. İlin isti vaxtlarında şirəli ot bitkilərinin yaşıl hissələri, payız-qış aylarında isə bitkilərin yeraltı hissələri və toxumları, gövdə qabıqları çöl siçanlarının qidasının əsasını təşkil edir.
Siçanabənzər gəmiricinin populyasiyasının inkişafında, əsasən dörd mərhələ müşahidə olunur: depresiya - (ən az saya malik mərhələ), çoxalma mərhələsi , yayılma mərhələsi - (yeni ərazilərə yayılır) və pik mərhələsi - (ziyanvericinin ən çox saya malik olma dövrü). Çöl siçanları qarsız güclü şaxtalara və bədənin islanmasına çox həssasdırlar. Havaların sərin (+9-10° C-dən aşağı) və şaxtalı keçdiyi dövrdə yağmurların olması (yağış, əriyən qar və s.), eləcə də bu dövrdə sahələrin suvarılması gəmiricilərin bədən və yuvalarının islanması ilə nəticələnir. Belə şəraitdə istiqanlı kiçik məməlilər bədən temperaturlarını tənzimləyə bilmir, nəticədə xəstəlik və kütləvi ölüm baş verir. Qar örtüyünün qalın olduğu və ərimədiyi şaxtalı hava şəraitində kütləvi məhvolma deyil, onların qarın altında açdığı yollarla hərəkət edərək bitkiləri zədələmələri müşahidə edilir. Gəmiricilərin miqdarının müəyyənləşdirilməsi aparılacaq mübarizə tədbirlərinin həcminin proqnozlaşdırılmasında, eləcə də vaxtında və səmərəli mübarizənin aparılmasında vacib şərtlərdəndir. Əkinlərdə siçanların sıxlığı hektarda aşkar olunan işlək yuvaların sayına görə müəyyənləşdirilir. İşlək yuvalar yaxşı təmizlənmiş, ətrafında çeynənmiş bitki qalıqları və gəmiricinin ekskrementi (tullantı) olması ilə yaşayış olmayan yuvalardan fərqlənirlər.
Populyasiyanın sıxlığından və gəmiricilərin sahədə yayılma formasından asılı olaraq, onların hesabatı zamanı ekspres, marşrut və meydança üsullarının müvafiq olanından istifadə edilir.
Hesabatın ekspres üsulu. Bu üsulla tarla siçanının hesabatı yuvalar basdırılmadan, bir gün ərzində aparılır. Ekspres qiymətləndirmə yalnız ziyanverici ilə yenicə sirayətlənmiş sahələrdə, məsələn payızlıq taxıl cücərtiləri əmələ gəldikdə istifadə oluna bilər. Bu üsul yaşayış olmayan yuvaların sayı çox olan yerlərdə tətbiq edilmir.
Hesabatın marşrut üsulu. Tədqiqat aparılan sahədə məskunlaşma azdırsa (görüş məsafəsində 1-2-dən az koloniya varsa), uçotun marşrut üsulu seçilir və sahənin diaqonalı boyunca 1000 m məsafə keçilir. Hərəkət trayektoriyası boyunca 2,5 m sağa və sola baxmaqla, eni 5 m olan zolaqda yuvaların miqdarı sayılır. Günün sonunda 10 koloniyada yuvalar torpaqla örtülür, növbəti gün açilmış yuvalara görə saya düzəliş edilir, işlək yuvaların miqdarı müəyyənləşdirilir.
Hesabatın meydança üsulu. Meydança üsulu ziyanvericilərin sıxlığının çox olduğu sahələrdə, onların koloniyaları arasındakı sərhədin çətin seçildiyi hallarda tətbiq edilir. Hesabatların aparılması üçün 25x25m (625 kv metr və ya 1/16 ha) olan sahə götürülməlidir. Ziyanvericinin intensiv və bərabər yayıldığı sahələrdə (1 ha-da 1000-dən çox yuva olduqda) hesabatın 10x10 m (1/100 ha) ölçülü sahədə də aparılması mümkündür. Burada olan bütün yuvalar basdırılır, növbəti gün isə açılmış yuvalar sayılır.
Payız və yaz mövsümündə müxtəlif kənd təsərrüfatı bitkilərinin əkin sahələrində və otlaqlarda siçanabənzər gəmiricilərlə aparılan mübarizə iqtisadi cəhətdən əsaslandırılmış göstəricilərdən istifadə olunmaqla həyata keçirilir. Gəmiricinin çoxalma xarakteri və zərərvericiliyi nəzərə alınmaqla, payızda və yazda bir neçə dəfə hesabat aparılır. Payızlıq taxıl əkinlərində hesabatlar taxılın kollanma fazasından qış soyuqları düşənə qədər, yazda isə bitkinin vegetasiyası yenidən başladığı zaman aparılır. Bu zaman iqtisadi cəhətdən əlverişli olan aşağıdakı hədd (İZH) göstəricilərindən istifadə etmək məqsədəuyğundur:
Mübarizə tədbirləri: Quşlar (bayquş, belibağlı, koryapalaq, sar quşu), yirtıcılar (gəlincik, safsar, tülkü), xəstəlik törədiciləri və s. amillər siçanabənzər gəmiricilərin miqdarının azalmasında müəyyən qədər iştirak edirlər. Onların miqdarını iqtisadi cəhətdən hiss olunmayacaq səviyyədə saxlamaq üçün optimal şəkildə əlaqələndirilmiş təsərrüfat-təşkilati, aqrotexniki və qırıcı tədbirlərdən ibarət mübarizə sisteminin əhəmiyyəti daha böyükdür. Açıq şəraitdə çöl siçanları əleyhinə mübarizə kifayət qədər mürəkkəb və əməktutumludur. Mübarizə sistemində aqrotexniki, bioloji və kimyəvi mübarizə üsullarına aid səmərəli tədbirlərdən geniş istifadə edilir.
Mexaniki mübarizə tədbirləri:
Mexaniki mübarizə tədbiri kimi siçanların tutulmasında torbalardan, səthi yapışqanlı və adi mexaniki tələlərdən istifadə olunur.
Fiziki mübarizə tədbirləri:
Son dövrlərdə səmərəli üsul kimi sicanabənzər gəmiriciləri qorxudub qaçıran müvafiq tezliyə malik ultrasəslərin tətbiqi diqqəti cəlb edir.
Aqrotexniki mübarizə tədbirləri:
Gəmiricinin yaşayış yerində ekoloji şəraiti əlverişsiz hala salmaq (yuva və sığınacaq yerlərini dağıtmaq, yem bazasını məhdudlaşdırmaq, xəstəliklərə səbəb olacaq suvarma aparmaq və s.) və mexaniki olaraq siçanları məhv etmək məqsədi ilə aşağıda qeyd olunan aqrotexniki mübarizə tədbirləri müvafiq ardıcıllıqla tətbiq edilməlidir:
Güclü sirayətlənmiş sahənin qara herik şəklində dincə qoyulması;
Xam yerlərin və dincə qoyulmuş torpaqların şumlanması və suvarılması;
Sahə, yol və arx kənarlarının müntəzəm olaraq alaqlardan təmizlənməsi və bellənməsi;
Tarlaların kimyəvi və mexaniki üsullarla alaqlardan təmizlənməsi;
Payızlıq taxılların gövşənli sələflərdən sonra əkilməməsi;
Yığımdan sonra gövşənliyin üzlənməsi, əsas şumun erkən aparılması;
Cərgəarası becərilən bitkilərdə kultivasiyaların və payızda dərin şumun aparılması;
Payızda cavan ağac və tinglərin gövdələrinin qamış, tol və küknarın yarpaqlı budaqları ilə sarınması;
Dondurma suyunun verilməsi.
Bioloji mübarizə tədbirləri:
İlin isti vaxtlarında bioloji, məslən Baktorodensid, Dnisyük və sair bioloji rodentisidlərdən aldadıcı yemlər hazırlanaraq, istifadə olunur. Fermalara, yaşayış məskənlərinə və quşların toplaşma yerlərinə yaxın əkinlərdə belə yemlərdən istifadə etmək olur. Bioloji preparatlar ixtisaslaşdırılmış və xüsusi laboratoriya şəraitində 5170 N°-li Proxorov bakteriyasından və İsaçenko bakteriyasindan (Salmonella enterilitis var. Issatschenko, ştamm 29/1) istehsal edilir. Qeyd olunan preparatlar siçanlarda spesifik tif (siçan tifi) xəstəliyi törədərək, 4-15 günə ölümə səbəb olur. Preparatın 1 qramında 1-3 mlrd, spor olur. Buxara verilmiş buğdanı qeyd edilmiş preparatlarla qarışdırmaqla aldadıcı yem hazırlanır və yemin hektara məsarif norması 1-3 kq-dır. Çöl siçanınin hər işlək yuvasına 5 qram aldadıcı yem qoyulur. Preparata rezistentlik yaranmır. Bioloji rodentisidlərin tətbiqi, xəstəliyin digər fərdlərə ötürülməsi hesabına 80-98% bioloji səmərənin, kimyəvi rodentisidlərlə müqayisədə isə 3-4 dəfə yüksək iqtisadi səmərənin əldə olunmasını təmin edir.
Bioloji aldadıcı yemlərinin tətbiqi ciddi mütəxəssis nəzarəti altında həyata keçirilməlidir!
Kimyəvi mübarizə tədbirləri:
Həyata keçirilən digər tədbirlərə rəğmən siçanabənzər gəmiricilərin sayı iqtisadi ziyanvermə həddini keçdikdə və yeni ərazilərə yayılma təhlükəsi olduqda kimyəvi mübarizə üsulundan istifadə edilir. Son illərdə gəmiricilərə qarşı mübarizə məqsədi ilə Respublikamızda, əsasən sink-fosfid preparatı ilə aldadıcı yem hazırlanaraq, mübarizə aparılır. Gəmiricinin mədəsinə düşən sink-fosfid (Zn3P2) xlorid turşusu ilə reaksiyaya girərək fosfin (PH3) ayrılmasına səbəb olur. Fosfin qazı qana və beyinə daxil olaraq, tənəffüs sisteminə təsir edir, siçanın məhvini şərtləndirir. Sink-fosfid havadakı rütubətlə və su ilə təmasda olduqda hidrolizə uğrayaraq, fosfin ayrılmasına və preparatın keyfiyyətinin pisləşməsinə səbəb olur. Preparatın bu xüsusiyyəti saxlanma və tətbiq zamanı nəzərə alınmalıdır.
Aldadıcı yemin hazırlanmasında dənlərdən (vələmir dəni daha yaxşıdır), günəbaxan tumundan, yarma, kəpək, sıyıq, kombinə olunmuş yemlərdən və s. istifadə edilir. Hazırlanan yemə ümumi çəkinin 5-10%-i miqdarında şəkər tozu və ya 0,1% vanil, 2,5- 3,0% bitki yağı qarışdırılması zəhərin dənlərə yapışmasını təmin edir, yemin cəlbediciliyini artırır və yeyilməsini yaxşılaşdırır.
Aqrar Xidmətlər Agentliyi sink-fosfid əsaslı aldadıcı yemin 1 kiloqramını hazırlamaq üçün 950 qram buğda dəni, 25 qram (2,5%) sink-fosfid və bir xörək qaşığı (25 ml) günəbaxan yağı (2,5%) götürməyi tövsiyə edir. Yağ dənin üzərinə tökülərək qarışdırılır, daha sonra preparat əlavə edilir və onun dənlərdə bərabər paylanmasınadək qarışdırma davam etdirilir. Bir çox elmi-tətbiqi tövsiyələrdə çöl siçanları əleyhinə bioloji səmərəliliyi artırmaq məqsədi ilə, yemə qarışdırılan sink-fosfidin miqdarını 5-10%-ə və yağın miqdarını isə 3%-dək qaldırmaq məqsədəuyğun hesab edilir.
Hazırlanmış aldadıcı yem bir dəfəlik istifadə edilən kisələrə yığılır, sahəyə daşınır. Hər işlək yuvaya 3 qram (0,5 çay qaşığı), aldadıcı yem (75 buğda dəni) qoyulur. Tutumu bu qədər olan qamış, plastik, tol və bu kimi uyğunlaşdırılmış vasitələrdən yem porsiyalarının qoyuluşunda istifadə etmək olar. Siçan fərdinin letal dozanı (LDso) qida ilə alması üçün qeyd olunmuş qayda ilə hazırlanmış aldadıcı yemdən 0,15 qram (5 zəhərli dən) yeməsi kifayətdir. Gəmiricinin populyasiya sıxlığından və əkilən bitkidən asılı olaraq, hektara 0,1- 3,0 kq aldadıcı yem və müvafiq olaraq 2,5-75 q sink-fosfid preparatı məsarif olunur.
Aldadıcı yemin, imkan daxilində, işlək yuvada daha dərinə qoyulması yaxşı olardı. Yem qoyulduqdan sonra yağışdan və quşlar tərəfindən yeyilmədən mühafizə məqsədilə yuvanın torpaqla örtülməsi tövsiyə olunur. Yağmursuz havalarda və quşlardan kənar sahələrdə yuvaların örtülməsinə ehtiyac yoxdur. Kiçik sahələrdə və yaşayış yerlərinə yaxın əkinlərdə digər heyvanları zəhərlənməkdən qorumaq məqsədi ilə aldadıcı yemi kağız paket daxilində yuvaya yerləşdirmək və ya yan divarında 40-50 mm deşiyi olan xüsusi yeşiklərdə yuvalara yaxın qoymaq olar. Gəmiricilərin zərər vurduğu, ancaq yuvaların çətinliklə göründüyü meşə talalarında, dirrik və s. yerlərdə diametri 5 sm olan payalar vasitəsi ilə 20-25 sm dərinliyində süni yuvalar düzəldilir və hər yuvaya 10-15 q aldadıcı yem qoyulur.
Əsas yem kimi suda yumşaldılmış buğda və vələmir dənlərindən istifadə etmək lazım gələrsə, onları 24 saat islatmaq və ya 40-50 dəqiqə suda qaynatmaq, sonra parça üzərinə sərərək, dənlərin səthindən su tam buxarlanana qədər qarışdırmaq tövsiyə edilir. Səthi suyu çəkilmiş dənlərə yağ və zəhərin qarışdırılması yuxarıda göstərilən qaydada həyata keçirilməli, aldadıcı yem hazırlanmalıdır.
İsti havada şirəli aldadıcı yemlər çöl siçanları tərəfindən yaxşı yeyilir. Sahədə yoncanın şirəli gövdələrini 5-10 sm uzunluğunda və ya kökümeyvəliləri 0,5-1,0 qram çəkili kiçik hissələrə doğramaqla, onlardan aldadıcı yem hazırlanır. Xırdalanmış material çəkilir, su ilə (çəkinin 5-8%-i qədər və ya 1 kq-a 50-80 ml su götürülür) isladılır və qarışdırılır. Su materiala hopduqdan sonra çəkinin 6%-i qədər sink-fosfid əlavə edilərək yenidən qarışdırılır. Şirəli aldadıcı yemdən hər işlək yuvaya 3-5 qram qoyulur.
Aldadıcı yemin sahələrə təyyarələr vasitəsi ilə səpilməsi yolverilməzdir. Fermalardan, yaşayış məskənlərindən və quşların toplaşma yerlərindən uzaq (3-5 km-dən çox) sahələrdə zəhərli dəni mexaniki üsulla və ya əllə siçan koloniyaları ətrafına səpmək böyük risk yaratmır. Oduqca böyük və kənar sahələrdə işin əməktutumluğunu, heyvanların zəhərlənmə riskinin aşağı olduğunu nəzərə alaraq, aldadıcı yemin açıq sahəyə - koloniyalar ətrafına səpilməsinə yol vermək olar.
Hazırda bina daxilində və açıq sahələrdə siçanabənzər gəmiricilərə qarşı təsiredici maddəsi brodifakum, bromadiolon və flokumafen olan yüksək səmərəli ikinci nəsil antikoaqulyantlardan istifadə edilir Qeyd olunan tərkibli rodentisidlərin qranul, kapsul və yumşaq briketler şəklində istifadə olunması daha məqsədəuyğundur. Əlverişsiz hava şəraitində belə, gəmirici fərd preparatın kapsuladakı lazımi dozasını ala bilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024