Vaxtı ilə dünyanın üzüm kolleksiyasında keyfiyyətinə görə lider olmuş Azərbaycanın qiymətli, ən qədim yerli texniki üzüm sortu “Şirvanşahı”nın bərpası, artırılması, davamlı istifadəsi məqsədilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun bir qrup mütəxəssisi bu günlərdə bəzi rayonlarda elmi ekspedisiyada olublar.
İnstitutun direktor əvəzi Vüqar Səlimov, direktor müavini Rauf Əsədullayev, şöbə müdiri Azər Şükürov və aparıcı elmi işçi Mövlud Hüseynovdan ibarət qrup elmi-seleksiya işləri çərçivəsində sortun müəyyən edilərək, gələcəkdə əkin materialı tədarük edilməsi üçün rayonun Kürdəmir rayonunun Mürtülü, Yenikənd, Dəyirmanlı kəndləri və Karrar qəsəbəsindəki köhnə üzüm bağlarına, fermer, ailə kəndli və ev təsərrüfatlarına baxış keçiriblər. Müşahidələr zamanı məlum olub ki, çardaq sistemi ilə yanaşı “Yenikənd” kiçik ailə-fermer təsərrüfatının sahibi Sahib Qasımovun həyətyanı sahəsində xiyaban üsulu ilə əkilib-becərilmiş, əsrlərdən bəri dövrümüzə gəlib çatmış yaşlı “Şirvanşahı” tənəkləri mövcuddur. Təsərrüfat sahibinin sözlərinə görə, sortun tənəklərinin yaşı 200 ildən çoxdur. İnstitutun mütəxəssisləri tərəfindən “Şirvanşahı” üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı həmin kollardan əkin materialı əldə etmək məqsədilə müəyyən edilərək etiketlənib, nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat və uçot işlərində öz əksini tapıb.
“Şirvanşahı” sortu respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir.
Dünyada keyfiyyətinə və şəkərtoplama qabiliyyətinə görə yüksək qiymətləndirilir. Yarpaqları orta və iri ölçüdə, dəyirmi formada olub, 3-5 dilimlidir. Ayanın üst səthi hamar olub, yaşıl rəngdədir. Çiçəyi ikicinslidir. Salxımları orta və iri ölçüdə (uzunluğu 13-28 sm, eni 8-10 sm), şaxəli formada olub, seyrək və çox seyrəkdir. Gilələri orta ölçüdə (uzunluğu 13-18 mm, eni 13-18 mm), girdə, zəif oval, simmetrik olub, qara rəngdədir. Qabığı nazik və möhkəmdir. Üzəri seyrək və zərif mum təbəqəsi ilə örtülüdür. Ləti nisbətən selikvaridir, şirəlidir. Dadı xoşagələn və adi ətirlidir. Giləsində 1-3 ədəd toxum olur.
Texniki parametrlərinə görə, sort orta dövrdə yetişir. Vegetasiya müddəti 155-165 gün arasında dəyişir. Gilələri sentyabr ayının ikinci ongünlüyündə tam yetişir. Kürdəmirdə xiyabanlarda və talvarlarda noyabr ayının əvvəllərinə qədər saxlanılır. Bu vaxta qədər 33-37% şəkər topladığı təsdiq olunub. Göbələk xəstəliklərinə qarşı davamlılıq və dözümlülük nümayiş etdirir. Yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı çox olur. Bir zoğda adətən 2-3 salxım olur. Şpaler sistemində məhsuldarlığı 5,0-8,0 kq arasında dəyişir.
Sort tipik texniki istiqamətlidir. Şirə çıxımı yüksəkdir. Sortun məhsulu yüksək keyfiyyətli kaqor tipli desert şərabının alınması üçün qiymətli xammaldır. Müxtəlif üzümçülük rayonlarımızda yetişdirilən “Şirvanşahı” üzümlərindən “Kürdəmir” adlı kaqor tipli dünyaca məhşur desert şərab istehsal edilib. İlk dəfə 1927-ci ildə Kürdəmir rayonunda, şərabçı Z.Q.Dubinin və S.D.Dolqanova tərəfindən “Şirvanşahı” üzüm sortundan alınmış qırmızı desert şərab «San–Rafael» adı altında müalicəvi şərab kimi buraxılmışdı. Sonralar texnoloji proses zamanı əzintinin spirtlənməsi, şirədən müəyyən qədər götürülməsi və spirtlənmiş əzintinin saxlanaraq yetişdirilməsi kimi əsas əməliyyatlar istisna olmaqla istehsal texnologiyası təkmilləşdirilmiş və “Kürdəmir” şərabı, şarabçılıqdakı bu üsul isə “Kürdəmir üsulu» adlandırılıb. Hazır “Kürdəmir” şərabında 23% şəkər, 16 h.% spirt, 4-5 q/dm3 titrlənən turşuluq olur. Tərkibindəki şəkər 20 %-dən çox olduğuna görə likör desert tipli şərab qrupuna aiddir. Rəngi tünd-yaqut, buketi zərif, qara qarağat tonlu, dadı yumşaq, yüngül büzüşdürücü, spesifikdir. Vaxtı ilə beynəlxalq müsabiqə və sərgilərdə “Kürdəmir” şərabı 3 qızıl və 4 gümüş medala layiq görülmüşdü. Buna görədə hələ o vaxt sort respublikanın sort standartlarına daxil edilmiş, Kürkənarı və Şirvan-Qarabağ suvarılan ovalıq zonalarında rayonlaşdırılaraq əkilib-becərilib.
İnstitutun həyata keçirdiyi elmi ekspedisiya və tədqiqatların məqsədi respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı, ixrac potensialının yüksəldilməsi üçün vaxtilə dünyada şöhrət qazanmış yüksək keyfiyyətli şərabların istehsalında qiymətli xammal mənbəyi olan yerli üzüm sortlarının müəyyən edilərək seçilməsi, qiymətləndirilməsi, müasir sürətli üsullarla artırılaraq bərpa olunması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsidir. Bununla əlaqədar olaraq institut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında sortların müəyyən edilərək, gələcəkdə əkin materialı tədarük edilməsi üçün tədqiqatlar davam etdiriləcək.
Nicat Nəsirli
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Qubada vətəndaşları qəbul edəcək
04 Dekabr 2024