Goranboyda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Goranboy rayonunda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, rayon rəhbərliyi, pambıqçılıqla məşğul olan fermerlər və mütəxəssislər iştirak ediblər. Müşavirədə Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri müzakirə olunub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər barədə məlumat verib və mövcud vəziyyət barədə müşavirə iştirakçılarını məlumatlandırıb. Pambıqçılığın Goranboy rayonu üçün ənənəvi sahələrdən olduğunu xatırladan Nizaməddin Quliyev bildirib ki, qarşıda duran əsas məqsədlərdən biri innovativ üsulların tətbiqi ilə pambıqçılıq sahəsində daha çox məhsuldarlığa nail olmaqdır.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edərək, iştirakçıları nazirlik tərəfindən bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumatlandırıb. Pambığın strateji məhsul olduğunu diqqətə çatdıran nazir müavini Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələri xatırladıb, bu vəzifələrin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Seyfəddin Talıbov qeyd edib ki, son iki ildə pambıqçılıq sahəsində istifadə məqsədilə 5700 ədəd texnika alınıb, müasir avadanlıqlarla təchiz edilən 11 regional aqrokimya laboratoriyası yaradılıb.
AMEA-nın müxbir üzvü, Aqrar Universitetin rektoru İbrahim Cəfərov “Aqrar sahədə kadır hazırlığı, mövcud vəziyyət və perspektivlər” mövzusunda çıxış edərək ali təhsil müəssisəsində infrastrukturun, maddi-texniki bazanın və kadr potensialının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Aqrar Universitetin Qafqazda və Şərqi Avropada ən böyük universitetlərdən biri olduğunu deyən rektor bu təhsil ocağında ixtisaslı kadrların hazırlanması, tələbələrə tətbiq olunan güzəştlər və təqaüdlər haqqında ətraflı məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçililiyin təşkili və mönitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda pambığın əhəmiyyəti, Azərbaycanda becərilən pambıq sortları, dondurma şumu, arat, toxumluq çiyidin səpinə hazırlanması, səpinin aparılması qaydaları, pambığın becərilmə texnologiyası, seyrəltmə, kətmənləmə, kultivasiya barədə məlumatlar yer alıb. İmran Cümşüdov bildirib ki, fermerlər pambıq əkini zamanı toxum seçiminə diqqət etməli, əkin zamanı növbəlik prinsipinə mütləq əməl olunmalıdır.
Ölkədə pambıqçılığın inkişafına dair dövlət proqramının qəbul olunduğunu xatırladan şöbə müdirinin sözlərinə görə, ölkədə pambıq istehsalının 2022-ci ildə 500 min tona çatdırılması nəzərdə tutulub. Ucarda illik istehsal gücü 40 min ton olan yeni pambıq zavodunun, eyni zamanda çiyiddən yağ emal edən zavod və lifsiz pambıq toxumu hazırlayan zavodların tikildiyini xatırladan İmran Cümşüdov istehsalla bərabər emal müəssisələrinin genişləndirilməsinin vacibliyini xatırladıb.
Müşavirədə çıxış edən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov 22 rayonda pambıq sahələrinin genişləndirildiyini, hazırda 135.000 hektar ərazidə pambıq əkildiyini deyib. Pambıq zərərvericilərinə və xəstəliklərinə qarşı davamlı mübarizənin zəruri olduğunu deyən Xidmət rəisi hazırda Kürdəmir, İmişli və Beyləqan rayonlarında bioloji mübarizə vasitələrdən istifadə edilməklə geniş miqyaslı mübarizə tədbirləri həyata keçirildiyini bildirib. Ələddin Eyvazov bildirib ki, Dövlət Fitosanitar Xidməti tərəfindən fermerlərə və torpaq mülkiyyətçilərinə təhlükəsizlik tədbirlərinin mahiyyəti açıqlanır, eyni zamanda pestisidlərlə davranış qaydalarını və tətbiqi normaları əyani surətdə göstərmək üçün tarla şəraitində təlimlər keçirilir.
Müşavirədə çıxış edən “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov texnika və gübrə ilə təminatın vəziyyəti, respublika üzrə kənd təsərrüfatı texnikasının bölgüsü barədə danışıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müşavirədə “MKT İK” MMC-nin, “Azər Pambıq” MMC-nin və “Goran-Cotton” MMC-nin nümayəndələri fikir və təkliflərini iştirakçılarla bölüşüblər.
Müşavirə başa çatdıqdan sonra iştirakçılar fermer Siyavuş Qurbanova məxsus pambıq tarlasında görülən işlərlə tanış olublar. Burada mütəxəssislər kultivasiya, seyrəltmə, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair lazımi tövsiyələr verib, fermerlərin suallarını cavablandırıblar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024