Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”
Taxıl əkən təsərrüfatçılar mütləq sertifikatlaşdırılmış toxum almalıdırlar. Çünki həmin sertifikatda toxuma aid bütün göstəricilər öz əksini tapır. Təsərrüfatçılar məhz bu sertifikat əsasında hər hektara nə qədər toxum səpilməsini müəyyənləşdirməlidir. Məsələn, adi halda bir hektara 200 kiloqram toxum əkilir. Amma cücərmə qabiliyyəti nisbətən aşağı və min dənin çəkisi artıq olarsa, fermer 200 kiloqram yox, 220-230 kiloqram toxum səpməlidir. Bir sözlə, sertifikatlaşdırılmamış toxum əkən fermerlər risk edir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisi Elxan Babaşov söyləyib.
Müasir avadanlıqlarla təmin olunan Mərkəz Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarının istehsal etdiyi toxum və tinglərin əkin sahələrinin aprobasiyasını və sertifikatlaşdırılmasını təmin edir.
Elxan Babaşov bildirib ki, toxumun sertifikatlaşdırılması üçün əvvəlcə təsərrüfatçıların taxıl sahələrinə mütəxəssislərin iştirakı ilə baxış keçirilərək aqrobasiya aktı tərtib olunur. Tərtib olunmuş aktda taxıl sahələrində sortun təmizliyinin standartın tələblərinə uyğun olub-olmadığı öz əksini tapır. Yığılmış toxumluq məhsul kondisiyaya çatdırıldıqdan sonra hər 30 tona bir kiloqram nümunə götürülərək, Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin laboratoriyasında analiz olunur.
Toxumun sertifikatlaşdırılması üçün toxum istehsalçıları əvvəlcə bəyannamə ilə öz rayonları üzrə baş aqronoma müraciət edirlər. Müraciətdə təsərrüfatçının nə qədər kondisiyalı toxum istehsal etdiyi göstərilir. Toxumluq taxıl kisələrə yığılaraq etiketlənir. Baş aqronomun müraciətindən sonra Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri istehsalçının anbarına gedərək, həmin toxumdan təlimata uyğun nümunələr götürürlər. Laboratoriyada toxumun cücərmə qabiliyyəti, nəmliyi, toxumun təmizliyi, min dənin kütləsi, xəstəlik və zərərvericilərə sirayətlənməsi və sair yoxlanılır.
Standarta görə toxumun cücərmə qabiliyyəti azı 92 faiz və ya daha yüksək olmalıdır. Əks halda həmin toxum sertifikatlaşdırılmır. Toxum təmizliyi isə 98 faizdən aşağı olmamalıdır. Bu göstəricidən aşağı olarsa, taxıl yenidən təmizlənməlidir. Toxumun nəmliyi isə 12-14 faizdən çox ola bilməz. Toxum standartlarında min dənin çəkisi də vacib amillərdəndir. Məsələn, standarta görə “Əzəmətli-95” sortunda min dənin çəkisi 38-42 qram arasında dəyişir. Bu halda hektara səpin norması azalıb və yaxud artırıla bilər.
Bölgədə toxum istehsalçısı kimi fəaliyyət göstərən 38 təsərrüfatçıdan biri də Adəm Əhmədovdur. Fermer 2000-ci ildən taxılçılıqla məşğul olur.
“Artıq 10 ildir ki, toxumçuluq təsərrüfatı yaratmışıq. Toxumçuluq kənd təsərrüfatında ən vacib sahələrdən biridir. \"Əzəmətli-95\", “Qobustan”, “Bezostaya ”, “Fatimə” kimi buğda sortları şimal zonası üçün yerli iqlim şəraitinə uyğun, xəstəliyə davamlı sortlar sayılır. Bəzən təsərrüfatçılar əkin üçün mənşəyi məlum olmayan, sertifikatlaşdırılmamış toxum alırlar. Toxum görünüşcə yaxşı olsa belə, laboratoriyada analiz olunmadan onun keyfiyyəti barədə fikir söyləmək olmaz. Bəzən yanlış olaraq, iri dənin toxum üçün daha yararlı olduğunu düşünürlər. Amma bu, əsas şərt deyil. Ola bilər ki, həmin toxumun cücərmə faizi çox aşağıdır və ya hansısa xəstəlik var. Ümumiyyətlə yaxşı olar ki, taxılçılıqla məşğul olan fermerlər sertifikatlı toxumdan istifadə etsinlər”, – deyə Adəm Əhmədov bildirib.
Qeyd edək ki, Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzi ən yeni texnoloji avadanlıqlarla təmin olunub. Mərkəzdə çalışan mütəxəssislərə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən təlimlər keçirilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024