Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki mühafizəsi mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran-Astara bölgəsində aparılan müşahidələrə əsasən, son vaxtlar hava şəraitinin yağmurlu keçməsinin çılpaq ilbizlərin aktivləşməsinə səbəb olduğu müəyyənləşib. Bildiririk ki, Azərbaycanda çılpaq ilbizlər- limaks (Limax tiqris talyschanus Boettq) və parmatsella (Parmaclla olivieri Cuv.) əsasən Lənkəran, Şəki–Zaqatala və Quba–Xaçmaz bölgələrində geniş yayılıb.
Bu zərərvericilər kənd təsərrüfatı bitkilərindən taxıl, tərəvəz-bostan, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər verir. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.
İlbizlərdə yumurta qoyma prosesi iyulun axırlarında başlayır və avqustun əvvəllərinə kimi davam edir. Bir dişi ilbiz 400-ə qədər yumurta qoyur. Yumurtalar adətən bitki qalıqlarının, kəsəklərin və digər tullantıların altında topa halında (mövsüm ərzində hər dişi ilbiz 8-10 topa) qoyulur. Hər topada 9-dan 50-yə qədər yumurta olur. Yumurtalardan sürfələrin çıxması 12-20 gün davam edir.
Onlar növ tərkibindən asılı olaraq ildə 1-2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər çəkir. İlbizlər kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin generativ orqanlarına zərər verir.
Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:
Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmizlənməli və cərgə araları vaxtında kultivasiya edilməlidir.
Məhsul toplandıqdan sonra əkin sahələrindən bitki qalıqları yığılıb məhv edilməli və tarlalarda vaxtında dondurma şumu aparılmalıdır.
AXA çılpaq ilbizlərlə mübarizədə superfosfat, təzə sönmüş əhəng, göydaş, ammonium-sulfat və s. preparatlardan, eyni zamanda torpağın münbitləşdirilməsi üçün istifadə olunan makro və mikro gübrələrdən istifadə etməyi tövsiyə edir. Bu məqsədlə gübrələr və əhəng torpağın tələbatına uyğun olaraq hər hektara müəyyən normada məhlul hazırlayaraq istifadə edilməlidir. Göydaş məhlulu hazırlamaq üçün 1 litr suya 100 qram hesabı ilə göydaş götürülür və hər hektara 400 litr məhlul çilənir.
Həmçinin, bağırsaq təsirli metaldehid tərkibli preparatlardan istifadə edilməsi tövsiyə olunur. İstifadə zamanı cərgələr arası və ya torpaq səthinə, 1 m2 sahəyə 4 q olmaqla qranulalar səpilir. Zərərverici axşam saatlarında daha aktiv olduğu üçün, preparatın səhər tezdən və ya axşam saatlarında tətbiq edilməsi məsləhət görülür.
Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərlə mübarizə işləri sahibkarlar və ya fermerlər tərəfindən aparılır. Mübarizə tədbirlərinin aparılmasına əməli köməklik göstərmək məqsədilə fermerlər rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət edə bilərlər.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024