Kənd təsərrüfatı təyinatlı torpaqlarla iş sektorunun baş mütəxəssisi Zakir Nəbiyevin müsahibəsi
- Zakir müəllim, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi hansı amillərdən asılıdır?
- Kənd təsərrüfatı qeyri-neft sektoru olaraq Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təminatı baxımından ölkə iqtisadiyyatının əsas strateji sahəsi hesab olunur. Hazırda ölkə əhalisinin yarısı kənd yerlərində yaşayır və əmək ehtiyatlarının 35%-i kənd təsərrüfatı ilə məşğuldur.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması öz növbəsində onların bioloji xüsusiyyətləri nəzərə alınmaqla mineral qidalanması prosesində gübrə, torpaq və bitki arasında olan qarşılıqlı təsirin öyrənilməsi, torpağın münbitliyinin qorunması və torpaqdan aparılan qida maddələrinin torpağa qaytarılması nəzərdə tutan optimal gübrə normalarının müəyyənləşdirilməsini və elmi əsaslandırılmış gübrələmə sisteminin tətbiqini qarşıya qoyur.
Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki idarələri inşa olunan zaman aqrokimyəvi laboratoriyalar, baytarlıq və toxumçuluq üzrə qoyulan tələblər və standartlar nəzərə alınıb və 11 rayonda ( Abşeron, Quba, Bərdə, Göygöl, Sabirabad, Göygöl, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran və Azərbaycan Dövlət Aqrar Universitetində) belə binalar tikilib.
Laboratoriyalar müasir cihaz və avadanlıqlarla təchiz olunub, müasir tələblərə cavab verən yeni tikilmiş binalarda yerləşdirilib. Laboratoriyalar qaz və maye xromatoqrafları, Atomik spektrometr, PH-metr, Spektrofotometr, Kondiktometr, Distillə aparatıları, Keldal, stereoskopik (binokulyar) və bioloji mikroskoplar, təzyiqli süzmə dəzgahı kimi müasir cihaz və avadanlıqlarla təchiz edilib, laboratoriyalarda cihaz və avadanlıqların quraşdırılması işləri tamamlanıb.
- Aqrokimya laboratoriyalarında hansı analizlər aparılır?
- Bu laboratoriyalarda aqrokimyəvi analizlərin 14 parametr üzrə aparılması nəzərdə tutulub. Hələlik pH-ın təyini, karbonatlıq, azot, fosfor, kalium, duzluluq, mikro ( B, Cu, Co, Fe, Mn, Mo, Ni, Zn) və makro ( N, P, K ) elemetlərin təyini üzrə analizlər aparılır. Ötən dövr ərzində regional aqrokimya laboratoriyalarında çalışacaq mütəxəssislərə beynəlxalq ekspertlər tərəfindən aqrokimyəvi analizlərin aparılmasına dair təlimlər keçirilib.
Qısa müddət ərzində Abşeron, Yevlax və Göygöl regional aqrokimya laboratoriyalarında xeyli iş görülüb. Məsələn, təkcə 2017-ci ildə Abşeron regional laboratoriyasında mikroelementlərin təyini üzrə 3600-ə qədər analiz aparılıb, torpaq sahələri üzrə qida maddələri kartoqramları hazırlanıb fermerlərə təqdim edilib, əkiləcək bitki növlərinə uyğun olaraq müvafiq tövsiyələr işlənərək, Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sisteminə yerləşdirilib. Gələcəkdə aqokimyəvi laboratoriyalarda aparılacaq torpaq analizləri prosesinin avtomatlaşdırılması, o cümlədən torpaq istifadəçilərinin elektron müraciəti, torpaq nümunələrinin qeydiyyatı, fermerlərin reyestr məlumat bazasına inteqrasiyası və ölkə üzrə vahid məlumat bazasının yaradılması üçün elektron informasiya sisteminin tərkib hissəsi olaraq xüsusi torpaq analizi modulunun yaradılması məqsədi ilə müvafiq işlərin icrasına başlanılıb. Bu informasiya sistemində toplanacaq məlumatlar Nazirliyin Coğrafi Məlumat Bazasına inteqrasiya edəcək və bununla da aqrokimyəvi torpaq xəritəsinin yenilənməsinə zəmin yaranacaq. Həmin kartoqramlarda torpaqların qida maddələri ilə təmin olunması (humus, azot, kalium, və fosfor) maqnezium, mikro və makro elementlər, karbonatlıq (mis, dəmir, manqan, sink, bor) duzluluq analiz olunub.
- Aqrokimyəvi analizin keyfiyyətin həm də torpaq nümunəsinin düzgün götürülməsindən asılıdır...
- Torpaq nümunələrinin elmi metodlara uyğun düzgün götürülməsi əsas qida maddələrinin təyinində vacib şərtlərdəndir. Çox vaxt əsas diqqət laboratoriyada torpaq analizlərinin düzgün aparılmasına yönəlir, ancaq torpaq nümunələrinin götürülməsinə diqqət yetirilmir və yaxud az əhəmiyyət verilir. Götürülən torpaq nümunələri sahənin orta münbitliyini tam səciyyələndirilməli və onun dəyişkənliyini müəyyənləşdirmək üçün imkan verməlidir. Əgər torpaq nümunəsi düzgün götürülməyibsə və yaxud sahəni tam səciyyələndirmirsə, aparılacaq analizlərin əhəmiyyəti azalır, ən yaxşı halda isə düzgün nəticə çıxarmaq mümkün olmur. Bu səbəbə görə sahədən torpaq nümunələrinin qəbul olunmuş elmi-metodikalar çərçivəsində götürülməsi, düzgün analiz nəticələrinin alınması üçün ən başlıca və vacib şərtdir. Aqrokimya laboratoriyaları tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi, kartoqramların hazırlanması, torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsinin müəyyənləşdirilməsi, gübrə normalarını müəyyən edilməsi fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm əhəmiyyətə malik olacaq.
- Əkin strukturunun formalaşdırlmasında aqrokimyəvi analizlər hansı rolu oynayır?
- Hər bir torpaq tipində əkiləcək bitkinin əkin strukturunun planlaşdırılması və gübrə normalarına olan tələbatı müəyyən edilir. Dənli bitkilərin məhsuldarlığı, məhsulun keyfiyyəti torpaq-iqlim şəraitindən, torpaqların qida maddələri ilə təmin olunma dərəcəsindən, sələf bitkilərindən, üzvi və mineral gübrələrin norma nisbətindən və bitkinin potensial məhsuldarlığından asılıdır. Ona görə də dənli bitkilər becərilərkən qeyd olunan göstəricilər nəzərə alınmalı, sələf düzgün seçilməlidir.
Nəmliklə təmin olunmamış dəmyə torpaqlarda dənli bitkilər üçün (buğda, arpa, vələmir, çovdar və s.) ən yaxşı sələf qara herikdir.
Suvarılan torpaqlarda isə payızlıq dənli bitkilər cərgəarası becərilən bitkilərdən (pambıq, günəbaxan, qarğıdalı, yem çuğunduru, şəkər çuğunduru, tərəvəz bitkiləri və sairə) sonra əkilməlidir, çünki bu vaxt torpaqda asan mənimsənilən əsas qida maddələrinin miqdarı nisbətən yaxşı olur, alaq bitkiləri az olur və payızlıq dənli bitkilərin inkişafı üçün münbit şərait yaranır. Suvarma şəraitində payızlıq dənli bitkilər üçün yonca, xaşa, soya da yaxşı sələf hesab olunur. Ancaq yonca və xaşa sələflərindən sonra payızlıq dənli bitkilər becəriləcəksə bu sələflər avqust ayında şumlanmalıdır, əks halda onların kök qalıqları cücərir və bitkilərin məhsuldarlığının azalmasına səbəb olur.
Payızlıq dənli bitkilər üçün (buğda, arpa) gübrə normaları müəyyənləşdirilərkən torpağın tipi, sələf bitkisi və payızlıq dənli bitkinin potensəal məhsuldarlığı və torpağın əsas qida maddələri ilə (azot, fosfor və kalium) təmin olunma dərəcələri nəzərə alınmalıdır, yəni torpağın əsas qida maddələri ilə təmin olunma dərəcəsinə əsasən azot, fosfor və kalium gübrələrinin norması müəyyənləşdirilməlidir.
Payızlıq dənli bitkilərin gübrə normaları müəyyənləşirilərkən dəqiq nəticə və iqtisadi cəhətdən səmərəli, rentabelli məhsul torpaqda əsas qida maddələrinin miqdarı, bitkinin torpaqdan, gübrədən qida maddələrini mənimsəmə əmsalı nəzərə alınmaqla hesablama aparıldıqda alınır. Lakin bu hesablamanı aparmaq üçün hal-hazırda fermer təsərrüfatlarında kifayət qədər ixtisaslı mütəxəssislər yoxdur. Ona görə də sələf bitkisindən istifadə və gübrə normalarının hesablanması hazırki vaxtda daha münasibdir.
Fosfor-kalium gübrələri səpinqabağı becərmədən əvvəl verilib becərmə aparılmalıdır. Azot gübrəsinin illik normasının 30 faizi səpinqabağı, qalan 70 faizi isə 70 faizi isə erkən yazda sahəyə çıxmaq mümkün olan vaxtı (təxminən mart ayının əvvəli) verilməlidir.
Suvarma şəraitində payızlıq dənli bitkilərin sələflərin seçilməsi və yaradılması nisbətən asandır. Çünki respublikanın aran iqtisadi rayonlarında, həmçinin Şəki-Zaqatala iqtisadi bölgəsinin nəmliklə təmin olunmuş rayonlarında payızlıq dənli bitkilərindən sonra 2-ci məhsul kimi qarğıdalı bitkisinin dən və yaşıl yem kimi becərilməsi mümkündür, onda payızlıq dənli bitkilərin sələfləri dəyişir.
- Aqrokimyəvi analizlərin nəticələrinin vahid bazada toplanması istiqamətində hansı işlər görülür?
- Kənd Təsərrüfatı Nazirliyinin torpaq sahələrinin identifikasiyası sistemi üçün kənd təsərrüfatı təyinatlı torpaq səhələrinin rəqəmsallaşdırılması və ilkin coğrafi məlumatlar bazasının yaradılması üçün hazırlıq işlərinin görülməsi, ərazinin mövcud 2008-2010-cu illərin aero və peykə şəkilləri əsasında hazırlanmış ortofotoxəritələr və kartoqrafik mənbələr əsasında əldə olunması mümkün olan məlumatların hazırlanması, məlumatların toplanması və sistemləşdirilməsi üçün coğrafi məlumat bazasının yaradılması, sinifləndirmə və kodlaşmanın formalaşdırılması işləri həyata keçirilib.
Aqrokimyəvi analizlərin nəticələrinin daxil edilməsi üçün AgroGİS məlumat bazasının strukturunda məkan obyektlərinin verilənlər dəsti (MOVD) və müxtəlif cədvəllər yaradılıb. MOVD-nin tərkibində aqrokimyəvi analizlərin nəticələrini daxil edilməsi üçün məkan obyektləri sinfi (MOS) qurulub. Aqrokimyəvi analizlərin nəticələri üçün yaradılmış MOS-də hər bir elementin analizinin nəticələrini daxil edilməsi üçün integer (rəqəm) və strinq (mətn) tipli sahələr (sütunlar) əlavə edilib.
Aqrokimyəvi rəqəmsal torpaq xəritəsinin tərtib edilməsi üçün ilkin coğrafi məlumatlar bazasının yaradılması, torpaq nümunələrinin analizinin nəticələri, kartoqrafik materiallar, müxtəlif illərdə hazırlanmış ortofoto xəritələr, peyk təsvirləri əsasında həyata keçirilir.
Aparılan aqrokimyəvi analizlərinin nəticələri müəyyən olunmuş elektron cədvəllərdə yığılaraq sistemləşdirilir. Həmin cədvəllərin coğrafi məlumat bazasına inteqrasiyası təmin edilir. Coğrafi Məlumat Bazasına inteqrasiya edilmiş analizlərin nəticələrini əks etdirən elektron cədvəllər bazanın strukturuna uyğun olaraq atributuv verilənlərin yerləşdirilməsi və məkan bağlılığının təmin edilməsi avtomatik olaraq proqram təminatı tərəfindən həyata keçirilir. Coğrafi Məlumat Bazasında hər bir elementin analizi ayrı-ayrı sahələrdə (sütunlarda) yerləşdiyindən CİS proqram təminatlarının imkanlarından istifadə edib hər bir element üzrə interpolyasiya aparılır. İnterpolyasiyanın nəticələri xəritə və kartoqram formasında təqdim edilir. İnterpolyasiya əsasında hazırlanmış xəritələrdə analizin nəticələrinə və standartlara uyğun olaraq qradasiyalara ayrılır. Həmin xəritələr əsasında istənilən element üzrə zəif, orta, yaxşı və s. səviyyədə təmin olunmuş ərazilərin müəyyən edilməsi, sahəsinin hesablanması və s proseduraları həyata keçirmək mümkün olur.
CİS proqram təminatlarında müxtəlif xəritələrin tərtibatı üçün IDW, kriging, spline, natural neighbor və s. interpolyasiya qaydaları mümkündür. Beynəlxalq təcrübəyə əsaslanaraq natural neighbor interpolyasiya qaydalarından istifadə ediləcək.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024