Azərbaycanda yeni tətbiq edilən aqrar sığoğrta mexanizmi ilə bağlı əhalinin və iş adamlarının məlumatlandırılması məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi regionlarda fermer və iş adamları ilə görüşləri davam etdirir.
Aprelin 2-də Tovuz, Qazax və Ağstafa rayonlarında fermer və aqrar sahədə çalışan sahibkarlarla görüşlər keçirilib.
Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) və yerli icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən görüşlərdə aqrar sığorta mexanizminin əhatə etdiyi risklər, aqrar sığorta vasitəsilə sığortalanan bitki və məhsullar, eləcə də sığorta tarifləri barədə geniş məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 19 avqust tarixli fərmanı ilə yaradılan Aqrar Sığorta Fondunun məqsədi fermerlərin risklərini sığortalamaq, onların məhsullarını və qazanclarını qorumaq, kənd təsərrüfatının etibarlı biznes sahəsinə çevrilməsinə dəstək verməkdir.
2020-ci ilin noyabrından işə düşən aqrar sığorta mexanizmi vasitəsilə südlük inək və camışları (1-7 yaş), 14 növ bitki növünü (buğda, arpa, qarğıdalı, kartof, çəltik, üzüm, limon, naringi, portağal, fındıq, şəkər çuğunduru, tütün, pambıq), eləcə də balıqları sığortalamaq mümkündür.
Fermerlər əkin sahələri və heyvanlarını sığorta edərkən aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər kiçik məbləğ ödəməklə öz təsərrüfatlarını ən vacib risklərdən qoruya bilirlər.
Görüşdə fermerlərə məlumat verilib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş əkin sahələri və kənd təsərrüfatı heyvanları sığortalanır.
Fermerlərin və iş adamlarının böyük marağına səbəb olan görüşlərdə onların çoxsaylı sualları cavablandırılıb. Xüsusilə Tovuz, Qazax və Ağstafa bölgəsində geniş becərilən taxıl, kartof, üzüm bitkilərinin, eləcə də heyvanların sığortalanması şərtləri və detalları, sığorta haqları barədə ətraflı məlumat verilib.
Fermerlər sığorta müqaviləsinin müddətləri, ilin müxtəlif dövrlərində hadisə baş verəcəyi təqdirdə ödəniş prosesinin hansı formada həyata keçiriləcəyi, ödənişin hansı müddətdə veriləcəyi ilə maraqlanıblar. Onlara bildirilib ki, sığorta hadisəsi zamanı lazımi prosedurlar həyata keçirildikdən və sənədlərin təqdim edilməsindən sonra 7 gün ərzində sığorta ödənişi zərərçkənin hesabına köçürülür.
Bəzi fermerlər və iş adamları görüşdə öz təsərrüfatlarını sığorta etmək üçün müraciət etmək istədiklərini bildiriblər, onlar aidiyyatı üzrə yönəldiliblər.
Görüşlərdə fermerlər və iş adamları aqrar sığortanın əhatə dairəsinin daha da genişləndirilməsini, buraya meyvə bağlarının, xırda buynuzlu heyvanların da daxil edilməsini təklif ediblər.
Aqrar Sığorta Fondunun rəhbərliyi bildirib ki, hazırda aqrar sığorta mexanizmi bitkiləri və heyvanları ən vacib risklərdən və təbiət hadisələrindən qoruyur. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85%-ni əhatə edir.
Qarşıdakı aylarda isə həm sığortalanan məhsulların, həm də əhatə edilən risklərin siyahısının genişlənməsi nəzərdə tutulur. Belə ki, artıq bir sıra meyvə-tərəvəz bitkiləri, eləcə də xırda buynuzlu heyvanların da aqrar sığorta vasitəsilə sığortalanması barədə qanunvericiliyə dəyişikliklər hazırlanır.
Fermerlərə bildirilib ki, əkinlərini və təsərrüfatını sığorta etmək istəyənlər birbaşa Aqrar Sığorta Fonduna və ya bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sistemi ilə əməkdaşlıq edən özəl sığorta şirkətlərinin filiallarına müraciət edə bilərlər.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024