Toxum saxlama anbarlarında anbar zərərvericiləri və onlara qarşı mübarizə tədbirlərinin vaxtında aparılması vacib şərtdir.
Buğda arpa və qarğıdalı məhsulları saxlanıldığı yerlərdə, istehsal və emal müəssisələrində, anbarlarda bir sıra həşəratlar və gəmiricilər tərəfindən zədələnir və keyfiyyətini itirir. Həşəratlardan daha geniş yayılanları anbar uzunburunu, düyü uzunburunu, taxıl güvəsi, və anbar güvəsidir.
Anbar uzunburunu (Calandra qranaria L). Azərbaycan ərazisindəki bütün taxıl anbarlarında rast gəlinir. Buğda arpa və qarğıdalı toxumlarının ən qorxulu zərərvericisidir. 1,5-2,5 mm ölçüdə, qara-qonur rəngli böcəkdir. Qışı arpa, buğda və ya qarğıdalı dənlərinin arasında yetkin böcək, sürfə v ə ya pup mərhələsində keçirir, havanın temperaturu 10°C olduqda zərər vurmağa başlayır. Dişi fərdlər havanın temperaturu 17-20°C olduqda dənin içərisini oyaraq hər dənə bir ədəd olmaqla 300-ə qədər yumurta qoyurlar. 9-12 gündən sonra yumurtadan çıxan sürfələr həmin dənin içərisində 3-5 həftə qidalanır. Anbar uzunburununun inkişafı üçün optimal temperatur 26-28°C-dir. Bu istilikdə zərərvericinin bir nəslinin bütün inkişaf dövrü (yumurta fazasından yetkin hala qədər) 35 günə başa çatır. Zərərverici 21°C temperaturda 41 günə, 14,5°C-də isə 104 günə inkişafını başa çatdırır. Anbar uzunburunu isti yerdə ildə 5, soyuq və sərin anbarlarda isə 1-3 nəsil verir. Anbar uzunburununun sürfələri yalnız dənlərlə qidalanır. Zədələnmiş dənlər öz keyfiyyətini itirir. Belə dənlər zərərvericinin ifrazatı, tələf olmuş böcək və sürfə qalıqları ilə zibillənir və yeyinti üçün yararlılığını itirir. Anbar uzunburunu dənlərdə nəmlik 17-18% olduğu hallarda fəallaşıb daha çox dənə zərər vururlar.
Düyü uzunburunu (Calandra oryzae L.) Zərər vurma xüsusiyyətinə görə anbar uzunburunundan üstündür. Düyü uzunburunu anbarlarda düyü, buğda, arpa, qarğıdalı və onlardan hazırlanan məhsullara zərər vurur (Şəkil 29). Azərbaycandakı əksər taxıl anbarlarında yayılıb. Yetkin böcək 1,5-2,0 mm ölçüdə, qonur və ya qonurumtul-şabalıdı rəngdədir. Qışı dənin daxilində yetkin halda, sürfə və yaxud pup şəklində keçirir. Zərərverici havanın temperaturu 15°C-yə çatdıqda dəni xortumu ilə eşərək yuva düzəldir və yumurtasını ora qoyur. Yuvanın ağzını öz ifrazatı ilə örtür. Dənin içərisində qidalanan sürfələr öz inkişafını temperatur həddindən asılı olaraq 25-35 günə başa çatdırırlar. Düyü uzunburunu yetkin halda 6-8 ay yaşayır. Cücülər müsbət 7°C temperaturda hərəkətsiz qalır. 0°C-də 3 gündən, mənfi 812°C-də isə 24 saatdan sonra tam məhv olur. Düyü uzunburunu nəmsizliyə davamlıdır, hətta rütubətliliyi 7%-dən az olan dənin içərisində qidalanaraq yaşayır. Əlverişli şərait olduqda düyü uzunburunun 1 nəsli 38-45 gün müddətinə inkişaf dövrünü başa çatdırır. Zərərverici il ərzində şəraitdən asılı olaraq 4-5 nəsil verir.
Taxıl güvəsi (Sitotroqa cereolella Oliv.). Azərbaycanın aran və dağətəyi bölgələrində yayılıb. Başlıca olaraq buğda, arpa, qarğıdalı bitkilərinin dənləri ilə qidalanır. Taxıl güvəsi il ərzində isti anbarlarda 6-8 nəsil verir. Apreldən başlayaraq, bütün mövsüm ərzində qidalanır və dekabr ayının əvvəllərində pup halında qışlayır. İsti anbarlarda güvələr bütün il boyu zərər vurur. Dişi kəpənəklər öz yumurtalarını tək-tək, yaxud topa şəklində dənlərin üzərinə qoyur. Bir həftəyə yumurtalardan qurdlar (tırtıllar) çıxır və dəni deşərək içərisinə daxil olur. Tırtıllar temperatur şəraitindən asılı olaraq 15-20 gün qidalanır. Bir buğda və ya arpa dəninin içində bir tırtıl olur. Bir kəpənək 150-180 yumurta qoyur. Mövsüm ərzində əlverişli şərait olarsa 8 nəsil verən güvələrin ziyanvurma həddi 150x8=1250 ədəddir, yəni uçan bir güvə kəpənəyi mövsüm ərzində 1250 ədəd dən korlaya bilər. Taxıl güvəsi həmçinin əkin sahələri, xırmanlar və sahələrdə döyülməmiş taxıllara da ziyan vurur. Taxıl güvəsinin tırtılları ilə sirayətlənmiş dənlər mexaniki təsirdən ovxalanır və quru qabığı qalır. Nəticədə məhsuldarlıq kəskin azalır, dənin zibilliliyi artır və unun keyfiyyəti pisləşir.
Anbar güvəsi (Tinea qranella L.) Azərbaycandakı taxıl saxlanan əksər anbarlarda yayılıb. Buğda, arpa, qarğıdalı, yulaf, bostan və tərəvəz bitkilərinin dən və toxumlarını anbarlarda zədələyir. Anbar güvəsi taxıl güvəsinə oxşar həyat tərzi keçirir. Onun zədəsinin özünəməxsusluğu ondadır ki, tırtıllar bir dəndən digərinə keçən zaman buraxdıqları ipək sap vasitəsilə toxumları yumaq kimi bir yerə toplayır. Zərərverici bütün mövsüm qıdalanır, axırıncı n əslin yetkin tırtılları payızın axırı, soyuqlar düşəndə barama hörür və onun içində qışlayır. Mübarizə tədbirləri - iki istiqamətdə aparılır:
Anbarlarda zərərvericilərlə yoluxmanın qarşılayıcı tədbirləri; Zərərvericilərlə bilavasitə mübarizə tədbirləri.Əvvəl taxıl məhsulları saxlanılmış anbarların ətrafı 3 m məsafədə zibillərdən təmizlənməli və əhəng məhlulu ilə çilənməlidir. Anbarın içərisi təmizlənməli, əhəng məhlulu ilə ikiqat çilənməli, bütün çatlar, yarıqlar tutulmalıdır. Döşəmə altında 1-2 sm qalınlığında bişmiş əhəng tökülməlidir. Pəncərələr, qapılar və döşəmə qaynar su ilə yuyulmalıdır. Sonra qapılar və pəncərələr açılaraq anbar tamamilə qurudulmalıdır. Xırman yerləri asfalt və ya beton olmalıdır. Taxıl tökülməzdən qabaq dən altına sərilən brezent sterilləşdirilməlidir. Toxumluq dən yığılan kisələr təmiz və steril olmalıdır.
Anbara verilən bütün buğda, arpa və qarğıdalının nəmliyi normal həddə olmalıdır. Fiziki-mexaniki mübarizə. Zərərvericilərin tavanda, divarlarda, həmçinin anbarın içərisində olan kisələrin üzərindən təmizlənməsi güclü tozsovuranla yerinə yetirilə bilər. Zərərverici ilə artıq yoluxmuş dənlər 1-2 dəfə dən təmizləyən maşınlardan keçirilməlidir. Anbar zərərvericilərini məhv etmək üçün, isitmək imkanı olan binaları 50-60°C temperaturda, soyudulmaq imkanları olanları isə mənfi 10°C temperaturda 10-12 saat saxlamaq lazımdır. Ultraqısa dalğalı elektrik sahəsinin tətbiqi ilə işləyən xüsusi qurğularla da dənlərin daxilində olan zərərvericilərə qarşı mübarizə aparmaq olar. Kimyəvi mübarizə tədbirlərinə aşağıdakı üsullar daxildir:
Anbar binalarının aerozol üsulu ilə zəhərli kimyəvi maddələrlə dezinfeksiyası; Məhsul saxlanılan binalarda sulu dezinfeksiya aparılması; Anbar binalarına, dən və ya digər məhsullar olduğu zaman zəhərli kimyəvi maddələrlə (fumiqantlarla) qaz verilməsi; Toxumluq məhsulun dezinfeksiyası.Anbarların kimyəvi maddələrlə dezinfeksiya edilməsi işlərini yerinə yetirərkən bu sahə üzrə ixtisaslaşmış xüsusi fiziki və hüquqi şəxslərin xidmətindən istifadə edilə bilər.
Göygöl rayonunda “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib
11 Oktyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Gürcüstanda beynəlxalq seminarda iştirak edib
11 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bərdədə vətəndaşları qəbul edəcək
10 Oktyabr 2024
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi–satış yarmarkası keçirilib
09 Oktyabr 2024
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
09 Oktyabr 2024