Ölkəmizdə ipəkçiliyin inkişafı təbii ki, ipəkqurdunun yem bazası olan tut bağlarının bərpa olunmasından asılıdır. Belə ki, son illərdə respublikanın müxtəlif bölgələrində yeni tut bağlarının salınmsı istiqamətində mühüm addımlar atılmışdır. İpəkçiliyin inkişafı üçün yüksək yarpaq məhsuldarlığına malik tut bitkilərinin yetişdirilməsi və onların xəstəlik və zərərvericilərdən mühafizə edilməsi çox əhəmiyyətlidir. Bu bitkinin əsas zərərvericisi olan kiçik tut odlucasına qarşı mübarizəni müvafiq vaxtlarda və spesifik tədbirlər sxemi ilə həyata keçirmək tövsiyə olunur.
Tut odlucasının kəpənəkləri orta ölçülü (20-23 mm) olub, qızılı-sarı rənglidir Kəpənəklərin pupdan uçması və cütləşməsi gecə saatlarında (əsasən 21°°-24°° radələrində) baş verir. Pupdan çıxdıqdan 1 gün sonra kəpənəklər cütləşir və yumurta qoymağa başlayırlar. Yumurtalar tək-tək (bezən topa şəklində) tut yarpaqlarının alt səthinə və ya yaşıl zoğlara düzülür. Yalnız gecələr aktiv olduqlarından, kəpənəkləri nadir hallarda görmək mümkündür. Qidalanmasından asılı olaraq kəpənəklərin ömrünün uzunluğu 3-20 gün, dişi fərdlərin məhsuldarlığı isə 40-200 ədəd yumurta/fərd təşkil edir. Zərərverici monofaq olub, tırtılları ilk günlər tut yarpaqlarının alt tərəfində damarlar yaxınlığında qidalanırlar. Bu zaman tırtılları adi gözlə görmək çətin olur. Yarpaqlar, əsasən skeletləşdirilməklə yeyilir. Lakin bəzən nazik yarpaqları tam yeyirlər. Üçüncü yaşdan başlayaraq yarpaqları bükməklə və yaxud da yanaşı yerləşən iki yarpağı biri-birinə birləşdirməklə qapalı yuvalar hazırlayırlar. Yetkin tırtılların bədəninin üst tərəfində qara xallar olur. Tırtıllar üç dəfə qabıq dəyişməklə dörd yaş keçirirlər. Temperatur və qidalanmadan asılı olaraq tırtıl mərhələsi 12-18 gün davam edir. Qidalanmanı başa vurmuş tırtılların bədənlərinin üst tərəfində qızarma (çəhrayı rəng) yaranır və bundan sonra dolaşma (pupqabağı) mərhələsi başlayır. Bu dövrdə tırtıllar yarpaqlardan aşağı enərək puplaşma üçün uyğun yer axtarırlar. Ağac qabığı çatlarında və ya torpaqda uyğun yer tapdıqdan sonra qapalı yuva hazırlayır, içərisini ipək liflərlə döşəyir və burada puplaşırlar. Pupqabağı mərhələ 3 gün davam edir.
Azərbaycanda zərərvericinin dörd-beş nəsli inkişaf edir. Temperatur şəraitindən asılı olaraq bir nəslin inkişafı 25-35 gün davam edir. Qışlamanı tırtıl mərhələsində (pup öncəsi) torpaqda (3-6 sm dərinlikdə), ağac çatlarında, qabıq altında və s. yerlərdə keçirirlər. Növbəti ilin aprel ayının sonlarından etibarən, havanın temperaturu +13°C-dən yüksək olduqda, tırtılların inkişafı başlayır və onlar puplaşırlar. Kəpənəklərin uçuşu may ayının 2-ci dekadasından başlayıb, iyunun əvvəllərinə qədər davam edir. Bir nəslin inkişafı qısa zamanda başa çatsa da nəsillər biri-birinə qarışır və eləcə də bir bitki üzərində zərərvericinin bütün mərhələlərinə rast gəlmək olur. Avqust-sentyabr aylarında 3-cü və 4-cü nəsilləri bitkilərə daha çox zərər vururlar.
Mübarizə tədbirləri: Aqrotexniki mübarizə. Payızda çəkil və tut ağaclarının ətrafına tökülmüş yarpaqları (xəzəli) toplayıb yandırmaq qış ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yazda və eləcə də odlucanın hər nəslinin kütləvi puplaşması dövründə ağacların gövdə ətrafının 15-20 sm dərinliyində bellənməsi və qurumuş budaqların kəsilib, sahədən kənar yerdə yandırılması yaxşı nəticə verir.
Bioloji mübarizə. Tut odlucasının təbii düşmənləri populyasiyanın miqdarca tənzimlənməsində əhəmiyyətli rola malikdirlər. Qeyd etmək lazımdır ki, tut odlucasının birinci nəsli yırtıcı və parazitlərin hücumuna nisbətən az məruz qalır. Bu nəslin tırtılları, əsasən qarışqalar tərəfindən məhv edilir.
İyun ayından başlayaraq (2-ci nəsildən) tut odlucası tırtılları qidalanan yarpaqlarda (yuvaların daxili və üzərində) hörümçəklər, adi qızılgöz, parabizən və himar arılarına sıx rast gəlinir.
Tut odlucasının ən səmərəli entomofaqlarından biri Bracon (H) hebetor Say minicisidir. Lakin ektoparazit brakonidlərin sahibləri növ etibarilə olduqca çoxdur və onlar bir-neçə dəstəni əhatə edir B. hebetor zərərvericinin, yalnız böyük yaşlı tırtıllarını sirayətləndirir.
Laboratoriyada artırılmış habrobrakon tüfeylisi mübarizə məqsədilə zərərvericinin böyük yaşlı tırtılları kütləvi göründükdə tətbiq olunmalıdır. Ektoparazitin sahəyə buraxılması zamanı bu tırtıllar çoxsaylı olduqda, bioloji səmərəlilik də yüksək olur.
Kimyəvi mübarizə. Çəkil yarpaqları ilə ipək qurdunun yemləndirilməsi və iri tut ağaclarında meyvələrin fizioloji yetişkənlik dövrü zərərvericinin birinci nəslinin inkişafı ilə üst-üstə düşür. Birinci nəslin inkişafı zamanı kimyəvi preparatlardan istifadə olunması ipək qurdlarının məhvinə və tut meyvələrində pestisidlərin toplanmasına səbəb ola bilər. İyul ayının əvvəlindən başlayaraq, zərərvericinin ikinci və sonrakı nəsillərinə qarşı radikal mübarizə tədbirlərini tətbiq etmək olar. İyul-oktyabr aylarında aparılan səmərəli mübarizə tədbirləri tut odlucasının populyasiya sıxlığının azalmasına, növbəti ilin çəkil yarpağı və meyvə toplanan may-iyun aylarında zərərin minimuma salınmasına gətirib çıxaracaqdır.
Kimyəvi mübarizənin tırtılların kiçik və orta yaş dövrlərində aparılması daha məqsədəuyğundur. Kiçik tırtılların pestisidlərə təbii davamlılıqları aşağı olur.
Kəpənəklərin kütləvi uçuşa başlamasından 10 gün sonra kimyəvi sinfi piretroid olan insektisidlərlə dərmanlama kiçik tut odlucası əleyhinə səmərəli tədbirdir. Odluca əleyhinə piretroidlərdən sipermetrin tərkibli 25%-li e.k. Arrivo (1,21/ha), alfa-sıpermetrin tərkibli 10%- li e.k. Alfa Sipı (0,4 l/ha) və 10%-li e.k. Fastak (1,2 l/ha), deltametrin tərkibli 10%-li e.k. Desis (0,1 l/ha), lyambda-siqalotrin tərkibli 5%-li m.k.s. Karate Zeon (0,4 l/ha) və 5%-li e.k. Kunq-Fu (0,4 l/ha) preparatları səmərəlidirlər
Yuvenoid (metamorfozu pozan) preparatlardan fenoksikarb tərkibli 25%-ii s.d.q. İnseqar (0,6 kq/ha), xitin sintezini ingibirləşdirən (XSİ) lufenuron tərkibli 5%-li e.k. Matç (1,0 !/ha), preparativ forması 3%-ii lufenuron və 7,5%-li fenoksikarb qarışığından ibarət olan e.k. Lufoks (1,2 l/ha) və bu kimyəvi siniflərdən olan digər preparatlar ekoloji cəhətdən təhlükəsiz olmaqla, onları kiçik tut odlucasının tırtıl və yumurta fenofazalarında çilədikdə yaxşı nəticə əldə olunur. XSİ və yuvenoidlər bağırsaq və kontakt yolu ilə daxil olmaqla, ovisid və larvisidlərdir. Təcrübələr zamanı bu preparatların tətbiqi tırtılların sonuncu qabıqdəyişməsi dövründə tırtılların 68,4% və pupqabağı dövrdə ümumi fərdlərın 59,5%-nin məhvinə səbəb olmuşdur.
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarlara təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal Aqrar Xidmətlər Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə məlumat verilməsini tövsiyə edir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024