Yaz fəsili havalar əksər bölgələrdə əsasən yağışlı, havanın temperaturu isə tərəddüdlü keçir. Belə rütubətli hava şəraitində bir sıra göbələk xəstəlikləri, o cümlədən mildiu xəstəliyi inkişaf etməyə başlayır. Bu xəstəlik üzümlüklər üçün böyük təhlükədir. Mildiu xəstəliyi tənəyin bütün yaşıl orqanlarını zədələyir, məhsuldarlığı kəskin aşağı salır, hətta tənəyi məhv edə bilir. Bu xəstəliyin inkişafı digər canlılar kimi ətraf mühit amillərindən asılıdır və müəyyən, qanunauyğun inkişaf dinamikasına malikdir. Lakin son dövrlərdə ilin hava şəraitində, o cümlədən yaz aylarında havaların qeyri-sabit keçməsi, temperatur və nəmliyin dəyişməsi, tərəddüdü və s. amillər vaxtında mildiu xəstəliyinin diaqnostikasını təyin etməkdə çətinliklər yaradır. Ona görə də fermerlər bu təhlükəli xəstəliyin bioekologiyasını bilməlidirlər.
Yazda cavan yarpaqların üzərində açıq-yaşıl rəngli və ya sarı ləkələr əmələ gəlir. Sonra bu ləkələr yağlı ləkələrə çevrilir və qonurlaşır. Yarpağın aşağı hissəsində ləkə yerlərində yağışlı havalarda çoxlu ağ tüklü örtük – xəstəliyin törədicisinin sporları əmələ gəlir. Xəstəliyə yoluxmadan 2-3 həftə sonra yarpaqların toxumaları quruyur və onlar tökülür. Cavan zoğların üzərində qonur, azca batıq ləkələr meydana çıxır. Xəstəliyin güclü inkişafı zamanı zoğlar quruyur, bığcıqlar kövrək olur və rütubət çox olduqda çürüyür. Çiçək və qönçələr qonurlaşır və məhv olur. Çox vaxt mildiu salxımların darağını zədələyir. Daraq məhv olaraq yuxarıda olan digər hissələrin – çiçəklərin, buğumların məhvinə səbəb olur. Tənəyin orqanlarının xəstəliyə yoluxması yazda və yayın birinci ongünlüyündə daha təhlükəli olur.
Mildiu xəstəliyinin törədicisi olan sporlar qalın qılafla örtülmüş şəklində qışlayır. Sporlar yarpaq toxumalarında əmələ gəlir və yarpaq tökümündən sonra torpağa düşür.
Yazda və yayın birinci yarısında torpağın üst qatında temperatur 10ºC-dən yuxarı olduqda və rütubətli havada onlar cücərərək, zoosporangilər əmələ gətirir. Bunlar küləyin və yağış damcılarının köməyi ilə hərəkət edərək yarpaqdakı ağızcıqlara çatır, orada cücərir və ağızcığa daxil olur ki, buna ilkin (birincili) sirayətlənmə deyilir. Bir müddətdən sonra aktiv çoxalmağa başlayaraq göbələklikdən ağ tüklü örtük şəklindəki zoosporlarla birgə konidiyadaşıyıcılar çıxmağa başlayırlar. Parazitin yarpağın daxilinə keçib konidiyadaşıyıcıların əmələ gəlməsinə qədər keçən vaxtı inkubasiya dövrü adlanır. Bu dövrün müddəti 5-7 gündən 10-12 günə qədərdir və əsasən havanın temperaturundan asılıdır. Tempuraturun artması, yaxud azalması inkubasiya dövrünün uzanmasına səbəb olur. Göbələyin mitseliləri inkişaf edərək hüceyrəaralarında yerləşir. İnkubasiya dövrü başa çatdıqdan sonra göbələk spordaşıyanları konidilərə çevrilirlər. Konidiyadaşıyıcıların ağ örtüyünün əmələ gəlməsi üçün havanın temperaturu 12-13ºC-dən aşağı olmamalıdır. Havanın rütubətliliyinin 95-100% olması da əsas şərtdir. Nəzərə almaq lazımdır ki, axşam və gecə yağıntıları, həmçinin səhər şehi xəstəliyin inkişafı və tənəyin yoluxması üçün əlverişli şərait yaradır. Gündüz yağıntıları tez quruduğundan, adətən ciddi təhlükə yaratmır. Beləliklə, göbələyin və ətraf mühitin biologiyasını bilməklə konidiyadaşıyıcıların əmələ gəlməsini qabaqcadan bilmək və vaxtında müvafiq tədbirlər görmək olar.
Mildiuya qarşı vaxtında mübarizə aparılmasa, məhsulun çox hissəsi itirilmış olacaq. Artıq aprelin sonundan Abşeronda Qara şanı sortunda mildiu xəstəliyinin ilk əlaməti müşahidə olunur . Odur ki, fermerlərə tövsiyə edirik ki, müşahidə aparıb xəstəliyi vaxtında aşkarlasınlar və ona qarşı mübarizə tədbirlərinə başlasınlar.
Mübarizə üsulları: Xəstəliyin əlamətləri əlverişli şərait olduqda və zoğlar 20-30 sm olduqda büruzə verir. Bu respublikanın aran rayonlarında aprel ayının üçüncü ongünlüyünə, dağlıq və dağətəyi rayonlarda isə may ayının birinci ongünlüyünə və ortalarına təsadüf edir. Məsləhətdir ki, üzüm bitkisini mildiu xəstəliyindən yaxşı mühafizə etmək üçün xəstəlik əlamətləri meydana çıxmamış, profilaktiki olaraq cavan zoğlarda 4-5 yarpaq əmələ gələn vaxt birinci çiləmə aparılsın. İkinci çiləməni çiçəkləmədən qabaq, üçüncü çiləməni çiçəkləmədən sonra meyvə əmələ gələn vaxt aparmaq lazımdır. Çiləmənin təkrarlığı rütubətli havada 4-5 yeni yarpaq əmələ gələndən sonra, quru havada 6-10 yeni yarpaq əmələ gələndən sonra təyin olunur. Mildiuya qarşı mübarizəni gilələr yetişənə qədər davam etdirmək lazımdır. Məhsul yığılıb qurtardıqdan sonra, yarpaqların 80-90 faizi töküldükdən sonra Bordo mayesinin qatı məhlulu ilə (3-5%-li) proflaktiki olaraq çiləmə aparılmalıdır.
Respublikada üzümlükləri mildiu xəstəliyindən qorumaq üçün kompleks mübarizə tədbirləri işlənib hazırlanmışdır. Onların içərisində əsas yeri kimyəvi mübarizə üsulu tutur. Mildiu ilə mübarizədə istifadə olunan fungisidlərdən biri ən çox tətbiq olunan bordo mayesidir. Bordo mayesini müvəffəqiyyətlə əvəz edən üzvi fungisidlər aşağıdakılardır: Sineb 50% (0.5 -0.7 %-li suspenziya), Kaptan- 3 kq/ha, Kuprozan - 4 kq/ ha, Ridomil QOLD- 3-4 kq/ha, Coside- 4-5 kq/ha, Bordo mayesi 3,5-5,0 kq/ha, Bordo bulamacı 8-10 kq/ha, Kauratil 4-5 kq/ha, Kabrio Top- 3,5-4,5 kq/ha, Monika Bordo- 4,0-4,5 ka/ha və s. Kömpleks mübarizə üçün isə Mikal 4 kq/ha +Skor 0,2 l/ha + Strobi 0,25 kq/ha; Ridomil 2,5 kq/ha + Skor 0,2 l/ha + Topsin-M 1,0 kq/ha istifadə edərək çiləmələr aparılmalıdır.
Son illər respublikada sistem təsirli fungisidlərdən istifadə olunur. Məsələn, Ridomil - 25%-li ( 2.5 kq/ha), Arserid - 60%-li ( 3 kq/ha) və Mikal - 70%-li ( 3 kq/ha) suda həll olan tozlardır. Bu fungisidlər geniş istehsalat sınağından çıxmış və mildiuya qarşı yüksək səmərəlilik göstərmişlər.
Fermerlərə tövsiyə edirik ki, üzüm bağlarını mildiudan qorumaq üçün sistem fungisidlərdən istifadə etsinlər. Mildiuya qarşı vaxtında mübarizə aparılmasa , məhsulun çox hissəsi itirilmış olacaq.
Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru, aqrar elmlər doktoru
Hafizə Nurəddinova
Üzümçülük və Şərabçılıq ETİ-nin laboratoriya müdiri
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024