Oktyabrda sahələrdən məhsul yığımı başa çatdırılır, saxlanılacaq üzüm xüsusi saxlama anbarlarına yığılır. Torpağı qida maddələri ilə zənginləşdirmək, qida və su rejimini yaxşılaşdırmaq üçün üzümlüyə üzvi gübrələr daşınır. Münbit torpaqlara hər hektara 3 ildən bir 30-40 ton, qeyri-münbit torpaqlara isə 50-60 ton üzvi gübrə verilməlidir. Cərgəaralarına üzvi gübrə ilə mineral gübrə qarışığı verilərək dərin payız şumu aparılmalı və bitki araları bellənməlidir.
Üzümlükləri qışda örtülən rayonlarda məhsul yığımından sonra şaxtalar düşməmiş quru budama aparılaraq tənəklər torpağa basdırılır. Bu zonalarda olan cavan üzümlüklərdə isə quru budama tənəklərin üstü açıldıqdan sonra həyata keçirilir.
Tinglik təsərrüfatlarında standartlar çərçivəsində (standart tingin, uzunluğu 18-20 sm, diametri 1,5 mm-dən çox ən azı 4-5 zoğu olmalıdır) becərilən tinglər 25; 50; 100 ədəd olmaqla qomlara bağlanılır. Hər bir qomun üzərinə etiket bağlanılır. Etiketin üzərində sortun adı və digər parametrləri, calaqaltının adı və miqdarı göstərilməlidir. Payızda əkiləcək və ya başqa təsərrüfatlara veriləcək tinglər müvəqqəti saxlama yerində nəm torpağa basdırılmalıdır.
Bu ayda yeni üzümlüklərin salınması işinə hazırlıq bütün ay ərzində davam etdirilir. Yeni salınacaq üzüm sahələrinin daş-kəsəkdən və koldan təmizlənməsi, şum altına 30-40 ton üzvi gübrə, hektara 500-600 kq fosfor, 500 kq azot və 400-450 kq kalium gübrəsi verilməklə 50-60 sm dərinlikdə plantaj şumu edilir. Plantaj şumu edilmiş sahədə tənəyin normal inkişafını təmin etmək üçün hamarlama işi aparılır, sahələr sərnə və qurşaqlara bölünür, üzüm əkini üçün tam əlverişli hala gətirilir.
Torpağın payız becərmələrinin vaxtı, üsulları və əhəmiyyəti böyükdür. Üzümçülükdə aqrotexniki tədbirlər əsasən üzümün biologiyasına, aqroekologiyasına və fenoloji fazalarının inkişaf və davametmə xüsusiyyətlərinə görə aparılır. Bu xüsusiyyətlər isə ilin hava şəraitindən, bölgənin torpaq-iqlim şəraitindən və s. asılı olaraq dəyişir. Ona görə də, topraq-iqlim və coğrafi xüsusiyyətlərində nəzərəçarpacaq müxtəlifliklər olan bölgələrdə aqronomik tədbirlərin həyata keçirilməsi aylar üzrə müxtəlifliyi ilə səciyyələnir. Aqronomik tədbirlər içərisində torpaq becərmələri mühüm yer tutur. Suvarılan rayonlarda torpaq payız-qış, yaz, yay becərmələrindən və cərgəaralarında dərin yumşaldılmasından ibarətdir.
Torpağın becərilməsi zamanı tənəyin qidalanması üçün əlverişli şərait yaradılır, alaq otları məhv edilir, torpaqda rütubət toplanır və qorunub saxlanır, havalanma yaxşılaşır, torpaqdan karbon qazının ayrılması təmin edilir, faydalı mikroorqanizmlərin həyat fəaliyyəti üçün əlverişli şərait yaradılır, bəzi zərərvericilər məhv edilir, mineral, üzvi və yaşıl gübrələr torpağa qarışdırılır. Bar verən üzümlüklərdə hər il vaxtı-vaxtında becərmə aparmadan tənəyin normal böyümə və inkişafını, yüksək və sabit məhsuldarlığı təmin etmək mümkün deyildir.
Üzümlükdə torpağın becərilməsi vaxtı və üsulları düzgün müəyyənləşdirilərək, üzüm bitkisinin fazaları, eləcə də üzümlüyə qulluq üzrə digər işlərlə uzlaşdırılmalıdır. Torpağın becərilməsi məsələləri həll edilərkən üzümlüyün aqrotexniki vəziyyəti nəzərə alınmalıdır. Traktor və aqreqatların hərəkətindən və üzvi qalıqların torpaqda çatışmazlığı üzündən daimi olaraq torpaqda bərkimə gedir. Bu bərkiməni tez-tez aradan qaldırmaq mümkün olmur. Üzüm bitkisi üçün torpağın yuxarı qatının becərilməsi vacibdir. Yuxarıdakı müdafiə qatı daim yumşaq və dənəvər olmalıdır ki, rütubəti asanlıqla qəbul edib aşağı qatlara ötürə bilsin.
Üzümaltı torpaqların becərilməsində payız becərilməsi əsas yer tutur. Vegetasiyanın sonuna yaxın payızda üzümlükdə torpağın üst qatı bərkiyir və ehtiyat nəmlik tükənməyə başlayır. Bu vəziyyətdə torpaq suyu pis keçirir, çox vaxt torpağın səthi ilə su axmağa başlayır. Respublikamızın əsas üzümçülük rayonlarında payız-qış ayları çox vaxt yağmurlu keçir. Buna görə də payız-qış yağmurları torpaqda ehtiyat nəmlik toplanmasının əsas mənbəyidir. Yağış sularının torpağa hopdurularaq, nəmlik ehtiyatının yaradılması üçün payız-qış aylarında torpaq dərindən becərilməlidir.
Payızda üzüm məhsulu yığılıb qurtaran kimi torpağın becərilməsinə başlamaq lazımdır. Payızda torpağın becərilməsinə nə qədər tez başlanarsa, torpağın münbitliyini artıran mikroorqanizmlərin fəaliyyəti bir o qədər səmərəli olar və payız-qış aylarında yağan bol yağışların, qar sularının çox hissəsinin torpağa hopmasına və bol nəmişlik ehtiyatının toplanmasına səbəb olar. Bu dəmyə şəraitində becərilən üzümlüklər üçün daha əhəmiyyətli bir tədbirdir.
Xüsusilə dağ yamaclarında salınmış üzümlüklərdə torpağı eroziyadan (yuyulmaqdan) qorumaq və suyun torpağa hopmasını təmin etmək üçün payız şumu vaxtında aparılmalıdır. Əsas yağışlar başlayana kimi torpaq şumlanmış olduqda yağış və qar suları asanlıqla torpağa hopur. Bu halda torpaq yaxşı nəmləndiyindən bitki qalıqları, üzvi gübrə, tökülən xəzəl və s. çürüməsi sürətlənir, mikroorqanizmlərin həyat fəaliyyəti artır və torpaq münbitləşir. Artıq qalan sular da torpağın alt qatlarına toplanıb ehtiyat nəmlik əmələ gətirir.
Üzümlüklərdə torpağın payız dövrü becərilməsində cərgəaralarının 20-25 sm dərinliyində şumlanması (altını üstə çevirmək) ən mühüm tədbirlərdən biridir. Tənəklərin dibləri də bellənərək (20-25 sm dərinliyində) torpaq çevrilir. Bu zaman torpağın nisbətən münbit olan üst qatı alta çevrildikdə tənəklərin sorucu köklərinin əsas kütləsinə yaxınlaşır və yazda vegetasiya başlayarkən köklərin qidalı maddələri bol qəbul etməsinə imkan verir. Buna görə də tənəklər yaxşı inkişaf edirlər. Hazırda üzümlüklərin şumlanması və tənəklərin cərgələri altında qalan zolaqların torpaqlarını becərmək üçün bütün relyeflərdə işləyə bilən traktorlar geniş istifadə edilir. Ümumiyyətlə, payız şumunun dərinliyi 22-25 sm, quraqlıq rayonlarda isə 25-28 sm, bitki aralarının dibinin bellənmə dərinliyi isə 20-22 sm olmalıdır.
Şumlama zamanı yerin üst təbəqəsinə çıxan nisbətən az münbit alt təbəqə də, mövsüm ərzində havanın, günəşin, nəmişliyin təsirindən və mikroorqanizmlərin daha fəal iştirakı nəticəsində münbitləşir. Bu zaman həmin təbəqə torpağın gübrələnməsi və alaq qalıqlarının çürüməsi nəticəsində qiymətli qidalarla da zənginləşir. Həmin təbəqə bir mövsüm üstdə qalıb münbitləşdikdən sonra, gələn payız şumlanma zamanı yenə alt təbəqəyə, yəni köklərin əsas qidalandıqları zonaya qayıdır.
Şumlanma zamanı qışlamaqda olan zərərvericilərin yuvaları da dağılır, onların süfrələri, pupları torpağın səthinə çıxarılaraq, burada onların çoxu qışda qarın və şaxtanın təsirindən tələf olur. Payız şumu faraş aparıldıqda mərmər böcək sürfələri hələ dərin qatlara getmədiklərindən, onların çox hissəsi kotan və ya bel vasitəsi ilə yerin səthinə çıxarılır. Payız dövrü belləmə və ya şumlama zamanı əmələ gələn kəltənləri əzməyə ehtiyac yoxdur. Qışda bu kəltənlər parçalanır və torpağın üst qatı dənəvərləşir. Bu cür dənəvər strukturlu qatın əmələ gəlməsi isə çox əlverişlidir. Belə torpağa havanın keçməsi asanlaşır və bu cür dənəvər səth torpaqdan suyun buxarlanmasına, axıb kənara getməsinə mane olur.
Üzümlüklərdə torpağın payız şumu Azərbaycanın bütün rayonlarında oktyabr və noyabr aylarında başa çatdırılmalıdır. Ümumiyyətlə, payız şumu ən geci dekabr ayının ortalarına qədər yekunlaşdırılmalıdır. Hazırda adətən enlicərgəli (2,5 m; 3 m; 3,5 m və s.) üzüm bağları salınır. Bu tip üzümlüklərdə torpağın şumlanması üçün texnikalardan geniş istifadə etmək mümkün olduğundan, şumlanmanı oktyabr-noyabr aylarında başa çatdırmaq çətin deyildir.
Payız şumu dövründə üzümlükdə əsas gübrələmə işləri də aparılır. Peyinin, fosforlu və kaliumlu gübrələrin bağa payızda (erkən) verilməsi mütləq təmin edilməlidir. Belə olduqda torpağa verilən fosfor və kaliumlu gübrələr, peyin və ya kompost yazda tənəklərin vegetasiya dövrü başlayana qədər mənimsənilə bilən şəkilə keçir və suların köməyi ilə torpağın dərin qatlarında toplanır.
Gübrələrin torpağa verilmə miqdarını düzgün təyin etmək üçün torpağın kimyəvi və fiziki tərkibini, aqrokimyəvi xüsusiyyətlərini və laboratoriyalarda torpağın analizinin nəticəsini əldə rəhbər tutmaq lazımdır. Odur ki, təsərrüfatlar mütəmadi olaraq öz üzümlüklərinin torpaqlarının tərkibini analiz etdirib, onun tərkibi haqqında informasiya əldə etməlidirlər. Analizlərin nəticələrinə əsasən aqrokimya xəritələri düzəldilməlidir. Belə xəritələrdə konkret sahəyə veriləcək gübrələrin növləri və miqdarı təyin edilməlidir.
Payızda havalar quraq keçərsə və torpaq qurudursa, yarpaqlar töküləndən sonra üzümlüklərin suvarılması məsləhət görülür. Xüsusilə qış dövründə üzümlüyə dondurma suyu verilməsi çox faydalıdır: dondurma suyu verildikdə isə torpaqda nəmişlik ehtiyatı yaradılır və torpaqda qışlayan zərərli zərərvericilərin bir qismi tələf edilir. Dəmyə üzümlüklərdə tənəklərin cərgələrində mümkün qədər çox qar toplanması məqsədəuyğundur. Eyni zamanda sel sularını üzümlüklərə axıtmaqla onların torpağa hopmasına çalışmaq lazımdır.
Dağ yamaclarında torpağın becərilməsinə erkən başlanmalıdır ki, orada tez başlayan yağış sularından səmərəli istifadə olunsun. Torpağın payız-qış becərilməsi üzümlükdə cərgə aralarının şumlanmasından, cərgələrdə isə bitki aralarının becərilməsindən ibarət olmaqla əsas məqsəd yay ərzində bərkimiş müdafiə təbəqəsini yumşaltmaqdan və gübrələri torpağa basdırmaqdan ibarətdir. Torpağın payız şumlanması onun münbitliyini artıran ən vacib işlərdən biridir. Yay ərzində cərgəaraları ilə traktor və aqreqatların çoxsaylı gedişi nəticəsində bərkimiş və strukturunu itirmiş üst qat çevrilməlidir. Torpaq çevrilməklə alt strukturlu hissə üstə çevrilir, bu isə rütubətin toplanmasını və saxlanmasını, torpağa havanın keçməsini yaxşılaşdırır. Bu baxımdan torpağın payız becərilməsi gələn il yüksək məhsul alınmasını təmin edir. Vegetasiya dövrü ərzində üzümlük torpağında əmələ gələn alaq otları vaxtında məhv edilir. Ancaq məhsul yetişməyə başlayıb yığılıb qurtarana qədər müəyyən miqdar alaq otları və yaxud onların cücərtiləri payız şumu ilə çevrilir. Payız şumunun müsbət tərəflərindən biri də yaşıl gübrənin torpağa qarışdırılmasıdır.
Üzümlükdə, xüsusilə dəmyə üzümlüklərində aparılan şumun arxasınca malalama aparmaq məsləhət görülmür. Şumun kələkötür olması yağış suyunu yaxşı hopdurur. Hamar şumda isə yağış suyu tezliklə şumun səthində sel əmələ gətirir, torpağın münbit qatı yuyulur, eroziya baş verir.
Son dövrlərdə üzümlüklərdə torpaq becərmələrinə yanaşmanın dəyişməsi müşahidə edilir və üzümçülükdə torpağın becərilməsinə yönəldilmiş tədbirlərin ixtisara salınması və diferensasiyası istiqamətində dünyada və ölkəmizdə tədqiqat işləri həyata keçirilir. Bu həm də istehsal olunan məhsulun fitosanitar vəziyyətinin, keyfiyyətinin yaxşılaşdırılması və texnikaya çəkilən xərclərin azaldılması ilə bağlıdır. Bundan başqa, respublikamıza dünya üzümçülüyündən inteqrasiya olunmuş innovativ texnologiyalar, üzümün müasir becərilmə sistemində və şəraitindəki müxtəliflik, üzümçülüyün ixtisaslaşma istiqaməti, o cümlədən məhsulun texnoloji istifadə istiqamətindən asılı olaraq torpaq becərmələrinə yanaşmalar müxtəlifdir.
Üzümlükdə torpağın becərilməsi müddətləri ümumi aqrotexniki tədbirlərlə meteoroloji şəraitlə və torpağın nəmliyi ilə əlaqələndirilməlidir. Plantajların təzələnməsi, torpağın dərin yumşaldılması, gübrələrin verilməsi və s. kimi işləri birləşdirmək mümkündür. Cərgə aralarında becərmələrin sayını azaltmaq məqsədi ilə üzümlüyə sideratlar və yaxud herbisidlər verilə bilər.
Son dövrlərdə dəmyə şəraitində meyilli yamaclarda salınan üzümlüklərdə bitkiaraları becərilsə də, cərgəaraları becərilmir. Bu zaman əmələ gələn alaq otları bir neçə dəfə aqreqatlarla biçilərək cərgəaralarına səpilir. Bu isə özlüyündə torpağı xeyli münbitləşdirir. Bu becərmənin üstün cəhətlərindən biri də torpaq yuyulmalarının qarşısının alınmasıdır.
Məhsulu uzun müddət tənək üzərində saxlanılan təsərrüfatlarda torpaq becərmələrini dekabr ayının axırlarına qədər təxirə salmaq olar.
Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru
Azər Şükürov
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru
Mövlud Hüseynov
Texnika üzrə fəlsəfə doktoru
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024