Üzümün məhsuldarlığının və bar elemetlərinin formalaşmasına təsir edən amillər çoxdur və məhsuldarlığın formalaşmasında çiçəklərin morfofiziologiyası mühüm rol oynayır. Çiçəklərin tökülmə dərəcəsi, gilələrin noxudlaşma xüsusiyyətləri üzümdə məhsulun kəmiyyət və keyfiyyətinə ən böyük təsir edən göstəricilərdən biridir.
Üzümün növ, sort, formasından və mədəni halda yetişdirilən tənəyin becərilmə sistem və formasından asılı olaraq 10-300-ə qədər, hətta daha çox “çiçək topası”, yaxud “çiçək salxımı”, çiçək salxımlarında isə 50-2000-ə qədər çiçək qönçələri olur. Üzümdə çiçəklər iki şəkildə tökülür: birincisi, nadir hallarda rast gəlinən “çiçək salxımlarının” tökülməsidir ki, bu da adətən vegetasiya ilinin əvvəllərində havaların əlverişsiz, qeyri-sabit keçməsi və uzun müddət davam etməsi nəticəsində baş verir. Bu zaman üzümdə çiçək topaları əmələ gəlsə də çiçəkləmə dövründə müşahidə edilən əlverişsiz hava şəraiti (soyuq hava, güclü küləklər və s.) nəticəsində onlar quruyaraq tökülür və tənək üzərində çiçək salxımı qalmır.
Bu ildə vegetasiyanın əvvəlində qeyri-sabit hava şəraitininin müşahidə olunması bir çox sortların (Ağadayı, Ağ şanı, Qara şanı, Kəhraba, Növrəst, Abşeron kişmişi və s.) çiçək salxımlarının tökülməsinə səbəb olub, məhsuldarlığın 90-95% itirilməsinə gətirib çıxarıb. Bu hadisəyə el arasında “çiçək atma, yaxud çiçək tullama” da deyilir. İkincisi, “çiçək qönçələrinin və xırda gilələrin” tökülməsidir ki, bu da üzümdə hər il baş verir. Bu zaman çiçəklərin hamısında gilələr inkişaf etmir, onların bir qismi çiçəkləmə və çiçəkləmədən sonrakı dövrlərdə tökülür. Bunlar çiçəklərin tökülməsinin birinci və ikinci dalğası hesab olunur. Hər bir dövrdə çiçəklərin tökülmə miqdarının səbəbləri müxtəlifdir. Belə ki, pis hava şəraiti və fizioloji səbəblərdən asılı olaraq çiçəklər mayalanmadıqda gilələr formalaşmır və çiçəkləmə prosesi dövründə tökülür. İkinci halda isə gilələr 1-3 mm ölçüyə çatdıqda böyüməsi dayanır, gilənin saplağı açıq rəng alaraq sonra gilə ilə birilikdə quruyur və tökülür. Bu tip çiçək tökülməsində 30-50% tökülmə tənəyin genetik təbiətinə uyğun olaraq baş verir və normal hesab edilir. Lakin, müxtəlif səbəblərdən asılı olaraq çiçəklərin tökülmə dərəcəsi həddən çox olaraq 60% və daha çox, hətta 90%-ə çata bilir. Bu isə salxımlarda güclü seyrəkliyin əmələ gəlməsinə səbəb olur, məhsuldarlığı kəskin aşağı salır.
Ümuiyyətlə, üzümdə çiçəklərin tökülməsinə səbəb olan amillər müəyyən edilərək qruplaşdırılıb:
Fizioloji səbəb - calaqaltı və calaqüstünün inkişaf, böyümə xüsusiyyətindən asılı olaraq tənəyin çox güclü boy atması, qüsurlu çiçək quruluşu, tozlanma və mayalanmanın normal getməməsi;
İqlim və hava şəraiti - uzun sürən yağıntılar, aşağı və yüksək temperatur, güclü və isti küləklər;
Xəstəlik və zərərvericilərin təsiri - mildium, oidium, antrokmoz, ölü kol, bəzi virus xəstəlikləri (qısabuğumluluq, flavescense və s.) və bu zaman istifadə edilən funqisidlərin dozasının artıq olması səbəbilə yanıqların əmələ gəlməsi və bunun yarpaqda fotosintez prosesinə mane yaranması;
Düzgün tətbiq olunmayan aqrotexniki qulluq - müxtəlif budama, yaşıl əməliyyat, suvarma işlərində, gübrələmələrdə və hormonların istifadəsinə qüsurlar və s;
Genetik səbəblər - uyğun gəlməyən, mənfi xüsusiyyətli anac yaxud klon tənəklər, sort xüsusiyyəti, çiçək tipi və s;
Torpaq mənşəli səbəblər - yüksək münbitli topraqlar, o cümlədən həddən çox düşən yağıntılar səbəbilə torpağın su rejiminin pozulması və s.
Çiçəkləmə dövründə müşahidə edilən güclü və isti küləklər, intensiv davam edən yağışlar, aşağı (15ºC-dən aşağı) və yüksək temperatur (30ºC-dən yuxarı), həddən artıq günəş işığı ilə işıqlanma çiçəkləmə və mayalanmanın normal getməsinə mənfi təsir edir, göbələk xəstəliklərinin güclü inkişafına münbit şərait yaradır, sonda məhsuldarlıq kəskin aşağı düşür. Buna görə də çiçəkləmə dövrü diqqətlə izlənilməli, bu dövrün davametmə müddətini qısaltmaq, mayalanmanı sürətləndirmək üçün yaşıl əməliyyat vaxtında və qaydasında aparılmalıdır. Çiçəkləmə dönəmində tozcuqların inkişafı və tozlanmanın sürətli getməsi üçün toz kükürddən istifadə edilməsi məqsədəuyğundur. Çiçəkləmədən əvvəl bir sıra preparatlardan (Buton-2, Novosil, Tur, Elfer Kobmi, Razormin və s.) istifadə olunması çiçəkləməni sürətləndirir, meyvətutumunu artırır, stres amillərini aradan qaldırır.
Çiçəkləməyə bir-üç həftə qalmış üzümlüyə tərkibində sink və bor mikroelementləri olan (məsələn, Sink sulfat, xelatlı sink, Mebor-5 və s.) gübrələrlə çiləmələr aparmaq məsləhətdir. Çiçəklərin həddən çox tökülməsi sortun irsi xüsusuiyyətlərinin pisləşməsi nəticəsində də baş verdiyindən, belə sortlar yaxşılaşdırılma proqramlarına cəlb edilərək onlar üzərində fərdi, yaxud klon seleksiyası işləri aparılmalıdır.
Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru, aqrar elmlər doktoru
Afət Hüseynova
“Ampeloqrafiya, seleksiya və tinglik şöbəsinin” müdiri
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024