Havaların istiləşməsi ilə əlaqədar olaraq üzüm bağlarında “oidium” xəstəliyinə sirayətlənmə ehtimalı hazırda çox yüksəkdir. Bunun qarşısını almaq üçün üzümlüklərdə profilaktik tədbirlər - kükürd tərkibli funqisidlərlə mübarizə tədbirləri aparılmalı və xəstəliyin yayılması nəzarətdə saxlanılmalıdır.
Üzümün çürüməsinin bir sıra səbəbləri var. Bunlardan ən başlıca səbəb oidium xəstəliyidir. Belə ki, üzüm giləsi xəstəliyə sirayətlənəndə qabıq inkişafdan qalır. Yəni, gilələr böyümür. Gilənin içərisində isə olan toxumlar normal inkişaf edir. Bu da gilələrin daxildən sıxılıb partlamasına gətirib çıxarır. Nəticədə partlamış, çat hissəyə su daxil olur ki, bu da ağ, boz və qara çürümə xəstəliklərinə şərait yaradır.
“Oidium” “mildiu” xəstəliyi qədər üzümlüklərin təhlükəli xəstəliklərindən biri sayılır. Bu xəstəliyin törədicisi olan “Uncinula necator Burill” göbələyinin sporları tumurcuğun içərisində qışlayır. Yazda tumurcuqlar açanda göbələk üzümün bütün yerüstü hissələrinə keçir və onları yoluxdurur. “Mildiu” xəstəliyindən fərqli olaraq “oidium” üçün rütubət əsas rol oynamır. “Oidium”un inkişafı temperatur +5ºC olduqda başlayır və çox yavaş gedir. Temperatur 28-29ºC olduqda xəstəliyin inkişafı intensivləşir, daha yüksək temperaturda konidilər məhv olurlar. Havanın temperaturu 30-33ºC-dən yuxarı olduqda xəstəliyin inkişafı demək olar ki, dayanır. Ona görə də quru, isti yayı olan zonalarda, eləcə də Abşeronda bu xəstəlik geniş yayılıb.
Əlamətləri: Yoluxmuş yarpaqların üst hissəsində əvvəlcə açıq rəngli ləkələr, sonra ağ unlu örtük, daha sonra boz kül rəngli ləkələr əmələ gəlir. Sonradan yarpağın aşağı hissəsi, saplaq, zoğlar və gilələr də bu rəngə boyanır.
“Oidium” xəstəliyinin ləkələri əl ilə silinir və xarakterik balıq iyi verir. Yoluxmuş yarpaqların kənarları içəriyə doğru qıvrılır, səthinin hamarlılığı və parlaqlılığı itir. Ümumiyyətlə, “oidium”a yoxulmuş gilələr inkişafdan qalır, tamamilə quruyur. Amma, “mildiu” xəstəliyinə yoluxmadan fərqli olaraq “oidium”a yoluxmuş gilələr tökülmür, ancaq partlayır, toxumların üzəri açılır. Belə partlamış gilələr əlavə boz çürüməyə yoluxa bilir. Bu əlamətləri bilməklə, xəstəliyi düzgün təyin edib, ona qarşı mübarizəyə başlamaq olur.
Mübarizə tədbirləri: “Oidium”a qarşı mübarizə aparılmasa, məhsulun çox hissəsi, hətta 80%-i itkiyə gedir. Hazırda “oidium” üzüm yetişdirilən bütün rayonlarda, xüsusilə quru isti yayı olan zonalarda yayılıb. “Oidium”un kütləvi inkişaf illərində üzüm məhsulunun 80%-i bu xəstəlikdən məhv olur. “Oidium”la mübarizəyə yaşıl zoğlar 25-30 sm olduqda başlamaq lazımdır. Üzümlüklərdə xəstəliyin ilkin əlamətləri göründükdə və ya tumurcuqlar açdıqda kükürdlə və digər müvafiq fungisidlərlə çiləməni başlayıb çiçəkləməyə qədər davam etdirirlər. Sonrakı çiləmələr hər 10-15 gündən bir davam etdirilir. Gilələrin yetişməsinə 25 gün qalmış çiləməni bitirmək lazımdır. İlin hava şəraitindən və xəstəliyin inkişaf vəziyyətindən asılı olaraq çiləmə 4-6 dəfə aparıla bilər.
“Oidium”a qarşı mübarizədə, adətən, kükürd tozu və 1%-li kolloid kükürd tətbiq olunur. Toz kükürd 25-30 kq/ha, kolloid kükürd 10 kq/ha norması ilə istifadə olunur.
Kükürdlə tozlamanı səhər vaxtı küləksiz havada aparmaq daha yaxşıdır. Hava çox isti olduqda kükürdlə tozlama aparmaq olmaz. Kükürdün toksiki təsir müddəti 8-10 gündür. Ona görə də hər 10 gündən bir növbəti çiləmə aparılır. Kükürdü birbaşa göbələyin üzərinə və ya ondan 1 sm-dən uzaq olmayan məsafəyə tökdükdə səmərə verir. Kükürd təkcə sporları deyil, həm də mitseliləri öldürür. Kükürdlə dərmanlamanın ən optimal hava temperaturu 25-30°C-dir. Temperatur 18°C-dən aşağı olarsa, kükürdün təsiri zəif, 30°C-dən yuxarı olarsa, üzümə mənfi təsir edə bilər. Dağ rayonlarında “oidium”a qarşı mübarizədə 1%-li kolloid kükürddən istifadə etmək yaxşı nəticə verir. Bu rayonlarda kükürd tozundan istifadə üçün lazımi temperatur yoxdur.
“Oidium”a güclü yoluxmuş üzümlüklərdə birinci çiləməni çiçəkləməyə qədər 1%-li kolloid kükürdlə aparmaq lazımdır. Kolloid kükürdün səmərəli təsiri üçün havanın temperaturunun yüksək olması tələb olunmur. Çiçəkləmədən sonra ikinci çiləməni kükürd tozunun 25-30 kq/ha istifadə norması ilə üçüncü və sonrakı çiləmələri (lazım gələrsə) hər 15 gündən bir aparmaq olar. Xəstəliyin ilkin əlamətləri göründükdə və ya tumurcuqlar açdıqda kükürdlə çiləməni başlayıb, çiçəkləməyə qədər davam etdirmək lazımdır. Birinci çiləməni 1%-li kolloid kükürdlə, çiçəkləmədən sonra ikinci çiləməni toz kükürdlə (25-30 kq/ha), üçüncü və sonraki çiləmələri hər 15 gündən bir (əgər lazım gəlsə) aparmaq olar.
“Oidium”a qarşı mübarizədə Tilt (150-200 ml/ha), Kumulus (6 kq/ha), Kabrio-top (4 kq/ha), Tolendo ( 0,3 q/l), Kollis ( 0,4 q/ha) və s. fungisidləri sınaqdan keçirilib və bu funqisidləri göstərilən dozada istifadəsi məqsədəuyğundur. Mütəxəssislər kompleks şəkildə mübarizənin tətbiqini məqsədəuyğun sayır. Fermerlərə oidium, mildiu və salxım yarpaqbükəninə qarşı mübarizədə Ridomil 25% (2.5kq/ha)+ Kumulus (6 kq/ha)+ Super takimetrin (250 q/ha) qarışığından istifadə etmək tövsiyə olunur.
“Oidium”a qarşı mübarizədə aqrotexniki tədbirlərin böyük rolu var. Tənəklərin havalandırılmasına da xüsusi diqqət yetirmək lazımdır. Yaşıl əməliyyatlar - artıq zoğların qoparılması, yaşıl zoğların bağlanması, yaşıl zoğların ucunun vurulması (avqust ayında) aparılmalıdır.
Son dövrlərdə iqlim dəyişikliyi ilə əlaqadar olaraq payızda uzun müddət havaların mülayim keçməsi bir çox göbələk xəstəliklərinin inkişafına gətirib çıxarır və budaqlara mənfi təsir edir. Avqust ayında üzümlüklərdə “oidium”a qarşı funqisidlə çiləmələr faktiki olaraq dayandırılır. Ona görə də məhsul yığıldıqdan sonra yarpaq və zoğlarda xəstəliyin inkişafı müşahidə olunur. Bu müddət ərzində həm konidiya, həm də cinsi formada infeksiya toplanır. Bu zaman xəstəlik törədicisinin gözcüklərdə və yetişmiş zoğlarda qalın divarlı mitseli şəklində saxlanma və qışlama riski artır. Əvvəllər tədqiqatçılar patogenin inkişafının mümkünlüyünü – “ulduzcuqların” meydana gəlməsini ancaq yaşıl zoğlarda qeyd edirdilər. “Oidium”un törədicisinin qışlayan qalın divarlı mitselisinin birillik zoğların 1-3-cü buğumlarında qışlaması daha təhlükəlidir. Belə ki, əsasdan uzaqda yerləşən buğumlardakı infeksiyanı budama zamanı kəsib atmaq olur. Aşağıda, yəni zoğun əsas hissəsi əsasən saxlanılır. Bununla əlaqədar “oidium”a qarşı mübarizə sisteminin təkmilləşdirilməsinə, xəstəlik törədicisinin infeksiya ehtiyatının azalmasına yönəldilmiş tədqiqatlar aktual sayılır. Çünki, son vaxtlar xəstəliyin vurduğu ziyan çox artıb. Bunları əsas tutaraq məhsul yığılıb qurtardıqdan sonra “oidium” xəstəliyinə qarşı bir neçə dəfə funqisidlərlə çiləmələrin aparılması məqsədəuyğundur.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Qubada vətəndaşları qəbul edəcək
04 Dekabr 2024