Elmi axtarışlarının 89-cu ilini arxada qoymuş Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu hazırkı fəaliyyətini müasir dövrün çağırışları fonunda quraraq ölkəmizin qida təhlükəsizliyi prioritetlərinin reallaşdırılması istiqamətində işlər aparır. Bu gün institut əməkdaşlarının əsas tədqiqatları heyvandarlıqdakı cins tərkibinin dəyişdirilməsi sahəsində tədbirlərin müəyyən olunması, iri və xırdabuynuzlu heyvandarlıqda, quşçuluqda cins göstəricilərinin yüksəldilməsi, yeni cinslərin rayonlaşdırmaya qəbulu, seçimi, zoobaytar-zootexniki tələblərin elmi baxımdan əsaslandırılmasına yönəlib. Müəssisənin 2016-2020-ci illər üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən institutun əməkdaşları tərəfindən respublikamızın müxtəlif bölgələrində - Gəncə-Qazax, Şəki-Zaqatala, Mərkəzi Aran və Abşeronda müxtəlif mövzuda elmi-tədqiqat işləri həyata keçirilir.
Bu elmi istiqamətlərdən biri də heyvandarlıqda qapalı rejimdə intensivliyin təmin olunması üçün alternativ yem bazasının tapılması və elmi əsaslandırmasını hazırlamaqdır. Yaxın günlərdə institut dünya təcrübəsində geniş yayılmış yaşıl yem texnologiyasının laboratoriya şəraitində tətbiqinə başlayıb. “Yemləmə, yem istehsalı və məhsulların emalı texnologiyası” laboratoriyasında lazımi avadanlıqlar qurularaq arpa, buğda, qarşıdalı, tritikale və digər dənli bitkilərdən yem məqsədi ilə yaşıl kütlə əldə olunur. Laboratoriyanın müdiri Namiq Həsənov bildirdi ki, dünya miqyasında otlaq-örüş sahələrinin ekoloji vəziyyətinin pozulması ilə bağlı olaraq otarılma şəraitinin pisləşməsi, nəticədə heyvanların qida təlabatının təmin edilməməsi yaşıl yem texnologiyasının kəşf olunmasına gətirib çıxarıb. Hazırda alternativ yem mənbələrinin tapılması, əkin dövriyyəsindən istifadə etmədən yem istehsalı bütün dünya ölkələrinin diqqətindədir: “Sənaye üsulu ilə yaşıl yem istehsalı ilin bütün mövsümlərində mümkündür. Bu, fasiləsiz prosesdir. Bu texnologiya, xüsusən sağmal heyvanları tələb olunan rasionda ilboyu qüvvəli yemləndirməyə imkan verir. Qısamüddətli təcrübələrimiz deməyə əsas verir ki, bu yem sağmal heyvanlarda süd məhsuldarlığını 12-15 faiz artırır, dölvermə qabliyyətini daha da yüksəldir. Hazırda arpa, buğda, qarğıdalı, tritikale və digər dənlərdən istifadə etməklə qarışıq yaşıl yem istehsalını qurmuşuq, bunun da məhsuldarlığa təsirlərini öyrənirik”.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev isə bu texnologiyanı iqtisadi səmərəlilik baxımdan yüksək qiymətləndirir: “Fermerlərimiz artıq indidən bu texnologiyaya böyük maraq göstərməyə başlayıblar. Onlar texnologiyanı tətbiq etmək, torpaq və digər resurslara qənaət etmək istədiklərini bildirirlər. Fermerlərə izah edirik ki, burada çox sadə texnologiyadan söhbət gedir. Dən müsbət 18 dərəcədə cücərdilir, mikro-makro vitaminlər su vasitəsi ilə bitkiyə ötürülür. Yaşıl yem E vitamini ilə zəngin olduğuna görə heyvanlarda məhsuldarlıq göstəricilərinin yüksəlməsinə səbəb olur. 130 kvadratlıq bir ərazidə yaşıl yem istehsalını qurmaq 1 hektarda əkilən məhsulu əldə etməyə imkan verir, üstəlik maya dəyəri ucuzdur və heç bir aqrotexniki qulluq işlərinə ehtiyac olmur. Açıq torpaq sahəsində əkinlə müqayisədə dəfələrlə səmərəlidir. Torpaqla yanaşı, su resurslarına qənaət etməyə imkan verir. Biz təcrübəmizdə gördük ki, 1 ton 300 kq yaşıl yemin istehsalı üçün cəmi 700 litr su tələb olunur ki, bu su təkrar istifadə olunur. Eyni zamanda, müxtəlif dən materillarından istifadə etməklə qarışıq yem vahidi əldə etmək olar. Bu texnologiya ev heyvanları üçün yemlərin qiymətinin aşağı düşməsinə təsir göstərəcək. Bu üsulla alınan yem heyvanlarda həzmi yaxşılaşdırır, çəkinin artmasını stimullaşdırır. Qarğıdalı, arpa, vələmir, tritikaledən ibarət qarışıq yem heyvanın məhsuldarlığına kəskin təsir göstərir. 8 kq dən cücərtməklə 40 kq yaşıl yem əldə edirik . Bu yemi heyvan çox iştahla yeyir, həzmə rahat gedir”.
Qeyd edək ki, dən əvvəlcə xüsusi qablarda yuyulur, bununla toxumlar göbələk sporlarından, toz-zibildən təmizlənir, sonra hər qabda 1-1,2 kq hesabı ilə sərilir. İkinci gündən etibarən cücərti alınır. Üçüncü gün dənin kök sistemi şaxələnərək vegetativ inkişaf başlayır, dördüncü gün həm köklər, həm də yaşıl kütlə sürətlə inkişaf edir. Beşinci gün boy inkişafı daha da sürətlənir, altıncı və yeddinci gündə isə kök qalınlığı ilə birgə bitkinin hündürlüyü 20 sm-ə çatır. Cəmi yeddi günə heyvanlar üçün ekoloji baxımdan təmiz, qidalı bir yem vahidi hazırdır. Mütəxəssislər deyir ki, açıq hava şəraitində bu inkişafı yalnız dörd aya əldə etmək mümkündür. Heyvan yemi toxumları ilə birgə yeyir, əsas qidalılıq onun kök sistemindədir. Davamlı yaşıl yemin verilməsi heyvanlarda sağlamlığı, süd məhsuldarlığını, döl, bala çəkisi, südün yağlılığını artırır. Bu yemi bütün növ ev heyvanlarına verirlər. Bir çox ölkələrdə 1 kq arpadan 10 kq yaşıl yem kütləsi əldə olunur, ilin bütün aylarında əldə olunan proteinlə zəngin qida fermerlərin gəlirlərinə ciddi təsir göstərir. Mövcud təcrübələrə əsasən, yaşıl yem istehsalı texnologiyasından torpaq resursları məhdud olan ölkələr daha çox istifadə edirlər. Təsərrüfatlarda aparılan müşahidələr deməyə əsas verir ki, yaşıl yemlə yanaşı, qüvvəli yemlərin də tətbiqi sayəsində heyvanların fizioloji inkişafında müsbət irəliləyişlər əldə olunmaqdadır. Bu texnologiya bir sıra baxımdan Azərbaycan üçün cəlbedicidir. İyun ayından sonra aran rayonlarımızda kəskin quraqlıq başladığına görə örüşlərin ot ehtiyatı kəskin azalır, heyvanların bəslənməsində əlavə yemlərin verilməsi zərurəti meydana çıxır. Bu baxımdan iyun-aprel ayları ərzində yaşıl yemin hazırlanaraq heyvanlara verilməsi fermerlərin həm xərclərini azalda, həm də gəlir göstəricilərini artıra bilər.
Xatırladaq ki, yaşıl yem qidalılıq dəyərinə görə keyfiyyətli yem vahidi sayılır. Tərkibində olan bioloji cəhətdən yüksək qidalılıq və vitamin zənginliyi onun digər qüvvəli yemlərdən geri qalmadığını deməyə əsas verir. Yaşıl yemin tərkibində 20-25% xam protein (zülal), 4-5% yağ, 35-50% azotsuz ekstaktiv maddələr, 9-11% mineral düzlar və 10-15% sellüloza var. Üstəgəl, 1 kq yaşıl otun tərkibində 40-70 mq karotin var ki, bu da heyvanın məhsuldarlığına birbaşa təsir göstərir. Qoyunlar yaşıl otun tərkibində olan üzvi maddələrin 75-85%-ni mənimsəyir. Bir gün ərzində 1 baş heyvana tələb olunan yaşıl kütlə hesabı ilə yem vahidi xırdabuynuzlular üçün 4-6 kq, iribuynuzlu heyvanlar üçün isə 7-8 kq-dır. Mütəxəsislər tövsiyə edirlər ki, yaşıl yem rasionda qüvvəli yemlərlə bərabər verilməlidir, gündəlik rasionun yalnız 20-25 %-i yaşıl yem vahidi ola bilər.
Qeyd edək ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu artıq bu müsbət təcrübənin fermer təsərrüfatlarında yayılması ilə bağlı maarifçilik işlərinə başlayıb. Yaxın günlərdə iri və xırda təsərrüfatlarda texnologiyanın tətbiqi ilə bağlı təlimlər keçiriləcək.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Dekabr 2024
Aqrar İnkişaf Könüllüləri “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nda təltif ediliblər
06 Dekabr 2024
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024