Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da buğda bitkisi əhalinin əsas qida mənbəyi hesab olunur. Buğdadan hazırlanan geniş çeşidli məhsullar artıq neçə minilliklərdir ki, əhalinin ərzağa olan təlabatının ödənilməsində başlıca yer tutur. Taxılçılığın inkişafı əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, heyvandarlığın inkişafı üçün də möhkəm yem bazası yaradır. Elə bu səbəbdən də respublikamızda taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biri hesab olunur.
Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində olmalıdır. Bununla əlaqədar aqrar elmin qarşısında duran əsas məsələ əkin sahələrindən daha yüksək keyfiyyətli məhsul almaqdan ibarətdir. Əkin sahələrinə qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir. Respublikamızda mövcud olan təbii iqlim şəraiti payızlıq taxıllardan daha yüksək (70-80 sen/ha) dən məhsulu almağa imkan verir. Payızlıq taxılların böyüyüb inkişaf etməsinə və məhsuldarlığına təsir edən amillər əsasən 2 qrupa bölünür ki, buraya nizamlanmayan və nizamlanan amillər daxildir. Nizamlanmayan amillər (illik yağmurların miqdarı, günəş radiasiyası, illik fəal temperaturların cəmi və s.) əsasən təbii amilləri əhatə etməklə birbaşa idarə olunmağa və nəzarətə tabe olmurlar. Respublikamız şəraitində bu amillərin çoxu kifayət miqdarda və yaxud artıqlaması ilə mövcud olmaqla payızlıq taxılların məhsuldarlığını məhdudlaşdırmırlar.
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Faiq Xudayev fermerlərə aqrotexniki qulluq qaydalarına riayət etməyi məsləhət görür: “Yüksək dən məhsulunun formalaşmasına nizamlanan - suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çəkilməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s. - amilləri yüksək aqrotexniki səviyyədə idarə etməklə nail olmaq olar. Məlumdur ki, payızlıq taxıllar qış dövründə xarici mühütün əlverişsiz amillərinin təsiri nəticəsində inkişafdan qalır və bəzən də tamamilə məhv olur. Buna görə əkin sahələrinə qulluq işində əsas vəzifə qışda və erkən yazda bitkilərin qorunub saxlanmasıdır. Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Torpağin tipindən, sələf bitkidən, torpağın gübrələmə dərəcəsindən və sair amillərdən asılı olaraq əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır. Bütün gübrələr sahəyə bərabər surətdə səpilməlidir. Gübrələr əsasən şum qatının altına verilməlidir. Çünki bu qat üst qata nisbətən həmişə rütubətli olduğundan bitkilərin gübrəni mənimsəməsi üçün şərait yaradır. Bu baxımdan səpindən qabaq şum altına fiziki çəki hesabı ilə hektara 350-400 kq fosfor gübrəsinin verilməsi olduqca vacibdir. Sortların qida maddələrinə yüksək dərəcədə təlabkar olduğunu nəzərə alaraq gübrə normalarını nizamlamaq son dərəcədə vacibdir. Həmin sortlar əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq, hər hektara fiziki çəkidə 250-300 kq ammonium şorası, yaxud 200 kiloqrama qədər karbamid verilməsi məsləhətdir. Azot gübrəsinin 15-20 faizi səpindən qabaq, 60 faizi erkən yazda, 20-25 faizi isə bitkilərin boruya çıxma fazasında yemləmə şəklində verilməlidir. Əgər payızda səpindən qabaq azot gübrəsi verilməyibsə, onda erkən yazda bitkilərə əlavə gübrə şəklində mineral gübrələr verilənə qədər onların qidaya təlabatını qismən də olsa ödəmək üçün gübrə normasının müəyyən hissəsini qışda vermək məsləhətdir. Yaz yemləmə gübrəsi taxılların boruya çıxma mərhələsindən qabaq verilməlidir. Çünkü bu zaman daxildə sünbül hələ formalaşmayıb. Ona görə də qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla onun tam formalaşmasına şərait yaradır. Buna görə də gübrələrin verilmə müddətlərinə düzgün riayət etmək lazımdır. Erkən yazda torpaqda rütubətin buxarlanmasının qarşısını almaq və bitkilərin kök sisteminin yaxşı inkişaf etməsi üçün əsasən də quraq dəmyə şəraitində bitkilərə yemləmə gübrəsi verildikdən sonra əkinləri səpinin köndələninə yüngül dişli mala ilə malalamaq lazımdır. Bu zaman əmələ gəlmiş xırda qaysaqlar dağıdılır, torpaqdan rütubətin buxarlanmasının qarşısı alınır, xırda alaq cücərtiləri məhv olur və kök sisteminin havalanması yaxşılaşır. Yadda saxlamaq lazımdır ki, əkinlərə mala bitkilərin tam kollanma mərhələsində çəkilməlidir”.
Qeyd edək ki, payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də suvarmadır. Torpaq-iqlim şəraitindən asılı olaraq vegetasiya dövründə iki-dörd dəfə su verilməlidir. Qışı yağıntılı keçən illərdə torpaq-iqlim şəraitindən asılı olaraq fevralın üçüncü, yaxud martın birinci ongünlüyündə birinci vegetasiya suvarılmasına başlamaq məsləhət görülür.
Əgər səpindən sonra əkinlər suvarılmayıbsa və havalar quraq keçirsə, onda qış aylarında bitkilər mütləq suvarılmalıdır. Suvarma bölgələrində payızlıq taxıldan az məhsul götürülməsinin başlıca səbəblərindən biri də suvarmanın vaxtında aparılmamasıdır. Bilmək lazımdır ki, suvarmanın 8-10 gün gecikdirilməsi məhsulun 15-20 % azalmasına səbəb olur. Suvarma erkən səpin aparılmış sahələrdə başlanmalı və qısa müddətdə qurtarmalıdır.
Bəzi təsərrüfat rəhbərləri və mütəxəssisləri cüzi miqdarda yəni 15-20 mm yağıntı ilə kifayətlənərək suvarmanı dayandırırlar. Taxıl isə bundan xeyli artıq rütubət tələb edir. Deməli, yağıntılar az olanda suvarmanı davam etdirmək məhsuldarlığı artırmaq deməkdir.
Ümumiyyətlə, vegetasiya dövründə torpaqda olan nəmliyin miqdarına nəzarət etməklə onun tarla rütubət tutumunun 70-75 faizindən aşağı düşməsinə yol verilməməlidir.
Alaqlar mədəni bitkilərin, o cümlədən payızlıq buğdanın məhsuldarlığını aşağı salan amillərdən biridir. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı məhsulun keyfiyyətini də pisləşdirir. Yazda taxıla qulluq işlərindən biri də alaqlara qarşı kimyəvi mübarizədir. Bu məqsədlə dövlət qeydiyyatından keçmiş kimyəvi preparatlarından istifadə edilməsi tövsiyə edilir. Hazırda birləpəli alaqlara (yabanı vələmir, çoxillik qaramuq ,bülbülotu və s.) qarşı geniş istifadə olunan herbisidlərə əsasən “Tovap”, “Puma Super” və “Topik” aiddir. “Tovap” herbisidi hektara 0,13-0,15 litr hesabı ilə, “Puma Super” herbisidi hektara 0,8-1,0 litr, “Topik” herbisidi isə hektara 0,35-0,40 litr hesabı ilə verilir. Bu herbisidlərin göstərilən miqdarı yazda payızlıq buğdanın kollanma mərhələsində alaqların hansı yarpaq fazasında olmasından asılı olaraq 200-300 litr aralıqda suda həll edilərək sahələrə çilənməlidir.
İstifadə etməzdən əvvəl etiketdə yazılmış qaydaları diqqətlə oxumaq lazımdır. İstifadədən əvvəl qoruyucu paltar, əlcək, qoruyucu eynək və üz maskası ilə təmin olunmalıdır. İstifadə zamanı yemək yemək, siqaret çəkmək və içki içmək olmaz. Pestisid işlədildikdən sonra boşaldılmış qabları su mənbələrinə və yaşayış yerlərinə yaxın sahələrə atmaq qadağandır. Boş qablar zərərsizləşdirilməlı və ya torpağa basdırılmalıdır. Dərmanlanmış ərazidə heyvanları otarmaq olmaz. Çiləmədən öncə çiləyicidə dərman yaxşıca qarışdırılmalıdır. Çiləmə zamanı çalışmaq lazımdır ki, alaqlar dərmanla yaxşı islansın. Əgər 2 saat ərzində yağışın yağması gözlənilirsə, dərmanı tətbiq etmək olmaz. Bitkilər stressdə vəziyyətdə, yəni çox isti, rütubətli şəraitdə, xəstəlik və zərərvericilərlə sirayətləndikdə, azot çatışmamazlığı olduqda, küləkli havada və küləyin əksi istiqamətində çiləmə aparılması məsləhət olunmur.
Taxıl əkinlərində yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gülülü, çöl qanqalı, çöl sarmaşığı və s.) qarşı “Oskar” herbisidi hektara 0,02 kq hesabı ilə, “2.4-D” herbisidinin amin duzu hektara 1,0-1,2 kq, “Lintur” herbisdi 0,150-0,180 kq, “Qran Star” herbisidi isə 0,018 kq hesabı ilə verilir. Fermer təsərrüfatında aparılan təcrübələr göstərir ki, “Lintur”, “Qran Star” herbisidlərini “Topik” və “Puma Super”lə, “Oskar”ı isə “Tovap”la 200-300 litr suda qarışdırılaraq bir dəfəyə verilməsi iqtisadi cəhətdən daha səmərəlidir. Çiləmədən öncə çiləyicidə dərman yaxşıca qarışdırılmalıdır. Çiləmə zamanı çalışmaq lazımdır ki, alaqlar dərmanla yaxşı islansın. Əgər 2 saat ərzində yağışın yağması gözlənilirsə, dərmanı tətbiq etmək olmaz. Bitkilər stressdə vəziyyətdə, yəni çox isti, rütubətli şəraitdə, bitkilər xəstəlik və zərərvericilərlə sirayətləndikdə, azot çatışmamazlığı olduqda, küləkli havada və küləyin əksi istiqamətində çiləmə aparılması məsləhət olunmur.
Respublikada taxıla qış-yaz dövründə siçana bənzər gəmircilər daha çox ziyan vururlar. Dəstə halında yaşayan bu gəmircilər aran və dağətəyi rayonların hamısında geniş yayılmışdır. Bu məqsədlə avtol və ya bitki yağı qarışdırılmış 10 %-li sink-fosfidlə zəhərlənmiş dəndən istifadə olunur. Hər işçi yuvaya 0,5-l,0 qram hesabı ilə zəhərli dən qoyulur. Aldadıcı yemi bitkinin yaşıl, yumşaq hissələrindən hazırlamaq da olar. Onu topalar şəklində yığmağı və yüngülcə islatmağı lazım bilirik. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin isti vaxtlarında da yaxşı yeyirlər və məhv olurlar.
Yaz qulluq işləri bitkiçiliklə yanaşı heyvandarlıqda da təmin edilməlidir. Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Mətləb Xəlilov bildirir ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanılması və yemləndirilməsi mövsümdən asılı olaraq dəyişir. İstər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanlar qapalı şəraitə adaptasya olunmamışdan əvvəl fermerlər onların saxlanma şəraitinə diqqət etməli və saxlandığı tövlələr 3-5%-li formalin, yeyici qələvi və 3-5%-li natrium hipoxlorid, 20%-li xlor məhlulları ilə dezinfeksiya işləri həyata keçirilməlidir (profilaktik, cari və son dezinfeksiya işləri). Qeyd olunanlara fermerlər tərəfindən əməl edilərsə, istər iribuynuzlu, istər xırdabuynuzlu heyvanlar parazitar - invazion (fassilyoz, dikrosellyoz, piroplazmidozlar, finnoz, diktiokaulyoz və s.) və infeksion (brusellyoz, vərəm, qarayara, pasterilyoz, anaerob infeksiyalar, qabaq və s.) xəstəliklərə tutulmaz. Təbii ki, qışlama dövründə iribuynuzlu və xırdabuynuzlu heyvanlar qapalı şəraitdə saxlanılır və hər bir heyvanın qrupundan və yaşından asılı olaraq yay fəslindən başlayaraq onlar üçün müxtəlif yem ehtiyatları (qaba, sulu şirəli, kökümeyvəlilər və. s.) tədarük olunur. İldə orta hesabla 2000, 3000 kiloqram süd verən inək üçün il ərzində 3,2 sentner yem vahidi tədarük olunmalıdır.
Qoyunlar üçün isə 0,5 sentner arpa və ehtiyat quru ot tədarük edilməlidir. Fermerlər bilməlidir ki, artıq iribuynuzlu heyvanlar (inək və camışlar) qapalı şəraitdən açıq şəraitə adaptasiya olunduqda, onların saxlanıldığı tövlə yuxarıda qeyd etdiyimiz məhlullarla dezinfeksiya olunmalıdır. Eyni zamanda, iribuynuzlu və xırdabuynuzlu heyvanlar qapalı şəraitdən açıq şəraitə adaptasiya olunduqda onların mövsümə uyğun olaraq yem rasionu dəyişdirilir. Bunun üçün otlaq vəziyyət yaxşıdırsa, 10-15 %, otlaq vəziyyəti yaxşı deyilsə, 20-25% qaba yem verilir.
Mətləb Xəlilov qeyd edir ki, inəklər və qoyunlar otlaq şəraitinə adaptasiya olunduqdan sonra fermerlər üçün təlim proqramları hazırlanmalı və heyvandarlıqla məşqul olan fermerlərə hər bir bölgənin otlaq şəraitinə uyğun onların maarifləndirilməsi üçün seminarlar təşkil olunmalıdır. Paralel olaraq heyvanlara nəzarət edən çobanlar bilməlidir ki, otlaq sahəsinin hansı hissəsində zəhərli otlar mövcuddur.
Mütəxəssislər hesab edir ki, ölkəmizdə heyvandarlıqla məşğul olan fermerlər intensiv heyvandarlığın inkişaf etdirilməsinə üstünlük vermələri daha məqsədəuyğun olar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024