Fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara çıxışını asanlaşdırmaq məqsədilə bölgələrdə yeni satış məntəqələrinin təşkili davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) “Aqroservis” ASC ilə birgə həyata keçirdiyi tədbirlər çərçivəsində növbəti satış məntəqəsi Ucar rayonunda fəaliyyətə başlayıb. Fermerlərə müxtəlif sortlarda sertifikatlı arpa və buğda toxumları təqdim olunur.
Toxum təminatının yaxşılaşdırılması və fermerlərin keyfiyyətli, sertifikatlı toxumlara əlçatanlığının artırılması “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri sırasındadır. Bu məqsədlə yaradılan satış məntəqələri fermerlərə ehtiyac duyduqları toxumları yaşadıqları bölgələrdə əldə etmək imkanı yaradacaq, xüsusilə əkin sahələri geniş, lakin toxum satışının məhdud olduğu rayonlarda vaxt və nəqliyyat xərclərinin azalmasına, eləcə də toxumla təminatın asanlaşmasına şərait yaradacaq.
Bölgələrdə satış məntəqələrinin yerləşdirilməsi zamanı rayonların əkin sahələrinin həcmi, toxum bazarındakı mövcud vəziyyət və fermerlərin tələbatı nəzərə alınır. Belə yanaşma keyfiyyətli toxumların daha geniş ərazidə əlçatan olmasına və toxum təminatında regionlar üzrə imkanların yaxşılaşdırılmasına xidmət edir.
Həmçinin, fermerlərin toxum istehsalçıları ilə birbaşa əlaqə qurmasını asanlaşdırmaq üçün AXA-nın rəsmi internet səhifəsində də müvafiq məlumatlar yerləşdirilib. Burada toxum istehsalçılarının adları, əlaqə vasitələri, istehsal etdikləri bitki növləri və sortları, toxumların reproduksiyası, eləcə də fəaliyyət göstərdikləri rayonlar barədə məlumat əldə etmək mümkündür. Bu imkan fermerlərə təsərrüfatlarının tələbatına uyğun sertifikatlı toxum seçmək və istehsalçılarla birbaşa əlaqə saxlamaq şəraiti yaradır.
Qeyd edək ki, sertifikatlı toxumların satışı artıq “Aqroservis” ASC-nin Neftçala və Ucar bölmələrində başlayıb. Növbəti günlərdə satış məntəqələri Sabirabad və Şəki bölmələrində, eləcə də İsmayıllı rayonunda “İvanovka Aqroparkı”nın ərazisində fəaliyyət göstərəcək. Belə ki, Sabirabadda satışa noyabrın 5-də, Şəki və İsmayıllıda isə noyabrın 6-da başlanılacaq.
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib
04 Noyabr 2026
“Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi Zərdab rayonunda keçirilib
04 Noyabr 2026
AFAQ layihəsi çərçivəsində Qarabağda qadın fermerlərə 75 tondan çox toxum verilib
03 Noyabr 2026
İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
03 Noyabr 2026
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
03 Noyabr 2026